30 
Apr
2021
20:15
68
246
6478
Virtual karabakh

Şuşa şəhidinin son sözləri: “Tabutumu gözlə...” – FOTO/VİDEO

30 Apr, 2021
20:15
6478

Şuşa şəhidinin son sözləri: “Tabutumu gözlə...” – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonunun Fındığan kəndində Vətən müharibəsi şəhidi Kərim Qeyrətxan oğlu Əliyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

“Report” xəbər verir ki, şəhidin atası tərəfindən inşa edilən bulağın açılış mərasimində Vətən müharibəsi qaziləri, Kərimin əsgər yoldaşları, ictimaiyyət nümayəndələri, Fındığan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, şəhidin doğmaları və həmkəndliləri iştirak ediblər.

Bulağın istifadəyə verilməsi münasibəti ilə düzənlənən mərasimin açılışını Vətən müharibəsində hər iki gözünü itirmiş, qazi Kamran Baxışzadə edib.

Kərim Əliyev 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Orduya yazılır.

Kərimin döyüş yolu Tərtərdən başlayıb. O, Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərib. Kərim ona tapşırılan döyüş tapşırıqlarının öhdəsindən məharətlə gələrək Vətən qarşısındakı müqəddəs borcunu layiqincə yerinə yetirib.

Kərim ona verilən döyüş tapşırıqlarının icrası, düşmənin canlı qüvvəsinin, hərbi texnikalarının məhv edilməsi və Ordumuzun uğurlu əks-hücum həmlələri ilə işğaldan azad etdiyi ərazilər barədə 1-ci Qarabağ müharibəsi iştirakçısı olan atasına da məlumat verirmiş. Qeyrətxanın qeyrətli oğlu atası ilə son danışığında bunları deyib:

“Ata, narahat olma, mən sənin əsərinəm, sənin döyüş yolunla gedirəm, sənin düşmənə qarşı gözlərindəki nifrətlə, ürəyimdə Vətənə olan sevginlə, qollarımda isə sənin qüvvətinlə düşmənin üzərinə gedirəm. Şəhid olsam üzülmə. Evi təmir elə və tabutumu qarşılamağa hazırlaş".

Vətənin azadlığı uğrunda bu günə qədər şəhid olan igidlərin, qanı axıdılan qazilərin, günahsız, əliyalın insanların, təhqir olunmuş qadınların qisasını almaq və atasının yarım qalan işini tamamlamaq onu Şuşa uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulmağa vadar edir.

Kərim Əliyev noyabrın 4-də Şuşa yaxınlığındakı Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Kərim Əliyev “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri