13 
May
2021
12:36
5
214
1879
Virtual karabakh

Uşaq bağçasının həyətindəki tikinti ilə bağlı sakinlərdən şikayət: Şirkət iddialara cavab verdi - FOTO/VİDEO

Bakının Nərimanov rayonu, Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsindəki binaların sakinləri ərazidə aparılan tikinti işlərindən narazıdır. 

Oxu.Az-ın redaksiyasına bir qrup Nərimanov rayon sakini müraciət edərək, bildirib ki, bu küçələrinin kəsişməsində yerləşən həyətdə qanunsuz olaraq tikinti aparılır:

“9 mərtəbəli binalarla əhatə olunan həyətimizdə 42 nömrəli uşaq baxçası yerləşir. Bir vaxtlar burada uşaqlar üçün gözəl şərait olub. Lakin 2011-ci ildən başlayaraq burada “Galaxy MMC” tərəfindən yeni yaşayış binası inşa edilməyə başlanıldı. Tikinti 10 ildi ki, davam edir və sonu hələ də görünmür. Tikinti nəticəsində uşaqlar üçün oynamağa yer qalmayıb, sakinlərin gediş-gəlişi də kifəyət qədər məhdudlaşıb. Bilirik ki, yeni tikililər köhnələrdən azı 10-15 metr məsafədə aparılmalıdır. Lakin buna və digər təhlükəsizlik meyarlarına heç kəs riayət etmir. 

Bundan başqa həyətimizdə yeraltı qaraj tikintisinə başlanılıb. Burada gecə-gündüz ekskavator işləyir, gecələr səsindən yatmaq mümkün deyil. Bundan əlavə hər dəfə qazıntı işləri aparıldıqda mərkəzi supaylayıcı kollektor zədələnir və evlərimizə gəlməli olan su həyəti basır. Uşaqları həyətə buraxa bilmirik, çünki hasarlanmamış tikintiyə girib çalalara yıxılırlar”.

Sakinlər bildirirlər ki, faktla bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət ediblər. Lakin məsələ araşdırılması üçün Nərimanov rayon icra hakimiyyətinə göndərilir, orada isə heç bir tədbir görülmür.

“Galaxy MMC” tikinti şirkətindən isə Oxu.Az-a bildirdilər ki, tikinti bütün qaydalara əsasən aparılır:

“Hazırda orada, bayram günləri ilə əlaqədar tikinti işləri aparılmır. Bayram qurtarandan sonra isə işlər bərpa olunacaq. Qazıntı tamamlanıb, qalıb quraşdırma işləri, onlar da tez bir zamanda yekunlaşacaq.

Su borularına qaldıqda isə, onalrı elə bizim şirkət quraşdırıb: köhnə pas bağlamış boruların əvəzinə yeni plastmas borular qoyulub. Biz qayda-qanuna riayət edirik. Bütün lazımi sənədlər var, onları İcra hakimiyyətindən, yaxud şəhərsalma komitəsindən əldə edə bilərsiz”.

Oxu.Az məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyətinə müraciət edib, məsələni araşdırıb cavab veriləcəyi bildirilib.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri