10 
May
2021
17:10
21
191
2266
Virtual karabakh

ABŞ institutundan ölkəmizə qərəzli yanaşma: Hesabatları sifarişlə hazırlayır - TƏHLİL

Bir neçə gün əvvəl ABŞ-ın Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutu (“The Institute for Health Metrics and Evaluation”) tərəfindən COVID-19 infeksiyası ilə bağlı ümumi ölüm hallarının qiymətləndirilməsi ilə bağlı məqalə dərc edilib. 

Məqalədə qeyd edilib ki, Azərbaycan koronovirus infeksiyasına (COVID-19) görə ölüm hallarının çox olan ilk ölkələr sırasındadır.

Dərc edilən məqalədə vurğulanıb ki, Azərbaycanda 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına qədər olan dövrdə 91,845 (hər 100 min nəfərə 907,6) ölüm halı qeydə alınıb. 2019-2020-ci ilin müvafiq dövrü üzrə bu göstərici 66,187 (hər 100 min nəfərə 657.4) bərabərdir.

Təəssüflər olsun ki, ABŞ-ın Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutu statistik göstəriciləri istədiyi kimi təhlil edib və özünə sərf edən yöndə təqdim edib.

Vikipediyada bu institut barədə məlumat almaq istərkən ilk olaraq belə bir şərh çıxır ki, bu qurumun məlumatları reklam xarakteri daşıyır və bunları təsdiq etmək üçün müstəqil, əsaslı məlumatlara istinad tələb olunur.

Başqa sözlə desək, ABŞ-ın Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun elmi aləmdə tanınan bir araşdırması yoxdur, kim “araşdırmaya” pul verirsə, onun istəyinə uyğun “təhlil”i ortaya qoysunlar.

Elə bu təhlildə də institut dünyada COVID-19-dan vəfat edənlərin sayını rəsmi statistik məlumatlarda qeyd ediləndən iki dəfə artıq göstərib, bu da dünyada vaksinasiya prosesinin daha da sürətləndirilməsi və daha artıq vaksinin alınmasına təhrik etmək anlamına gəlir.

Sırf Azərbaycan üzrə statistikiya baxanda görərik ki, ümumi ölüm sayında 44 günlük Vətən Müharibəsi dövründə 2 896 nəfər hərbi qulluqçu və 93 nəfər mülki şəxsin həlak olmasını ABŞ institutu elə koronavirusdan ölüm kimi göstərib.

Amma məqalədə Avropa ölkələrində 2020-ci ilin yay aylarında isti hava şəraiti ilə bağlı baş vermiş artan ölüm hallarının nəzərə alındığı və hesablamalara daxil edilmədiyi qeyd olunur. 

Maraqlıdır, hansı səbəbdən 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən uğrunda aparılan döyüş əməliyyatlarında itkiləri hesablamalara daxil edilir. 

Sırf koronavirus statistikasına gəldikdə isə 2021-ci ilin aprel 30-a olan məlumata görə, birbaşa COVID-19 testinin nəticəsi pozitiv olan 4,538 ölüm halı qeydə alınıb. 

Dünya müqayisəsində koronavirus infeksiyası ilə bağlı rəsmi statistika göstərir ki, Azərbaycan dünyada ölüm sayına görə heç 50-ci sıraya da daxil deyil (hər 1 milyona nəfərə 455 ölüm düşür, halbuki ABŞ institutu hər 100 min nəfərə 648,8 hal olduğunu iddia edir). Reytinqdə ilk yerləri Macarıstan, Gibraltar və Çexiya tutur. Statistikaya buradan baxa bilərsiniz.

Başqa bir araşdırmada isə Azərbaycanda hər 100,000 nəfərə düşən artan ölüm hallarının sayı 2021-ci ilin mart ayının 1-i tarixinə 181,3 bərabərdir. Ölkəmiz hazırda bu cədvələ görə 28-ci yerdədir.

Sırf ölüm sayının artımına baxdıqda görərik ki, son bir ildə 10 milyon nəfər əhalisi olan Azərbaycanda ölüm halları 19 min artıb. Bunun da səbəbləri aydındır – COVİD-19 və onun fəsadları, Vətən müharibəsində şəhid olanlar və bir sıra digər səbəblər.

Ermənistanın misalına baxanda görərik ki, 3 milyon əhalisi olan bu ölkədə son bir ildə ölüm halları 9,1 min say artıb. Bunu Azərbaycan statistikası ilə eyniləşdirəndə belə nəticə çıxacaq ki, Ermənistanda ölüm halları 27 mindən çox artıb. Amma hansısa səbəbdən Ermənistanın adı ABŞ-ın Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun hesabatında heç keçmir də.

Bütün bu göstərdiyimiz faktlar bir daha ABŞ institutunun qərəzli olduğunu göstərir.

Azərbaycan ilk gündən dünyanı cənginə alan COVID-19 bəlası ilə mübarizə aparır.

Xəstəlik yayılan zamandan Azərbaycan hökuməti bu məsələni ciddi nəzarətdə saxlayır.

İnsanların sağlamlığı üçün müxtəlif zamanlarda qapanmalara gedildi. Ölkəmizdə karantin rejimi davam etməkdədir. 

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Və bunun nəticəsidir ki, Hindistan, Braziliya və bir sıra digər ölkələrdə olduğu kimi, kütləvi yoluxma halları Azərbaycanda müşahidə olunmur.

Bunu kimsə görmək istəmirsə, bu artıq ölkənin problem deyil, baxanın problemidir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri