17 
May
2021
20:29
78
27
950
Virtual karabakh

BMT-nin altıncı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində “Həyat dolu küçələr” kampaniyası başladı

17 May, 2021
20:29
950

BMT-nin altıncı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində “Həyat dolu küçələr” kampaniyası başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayının 17-dən 23-nə kimi BMT-nin altıncı Qlobal Yol Təhlükəsizliyi Həftəsi keçirilir. Bu münasibətlə Bakı Nəqliyyat Agentliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisi “Həyat dolu küçələr” kampaniyasına başlayıb . Kampaniyanın əsas şüarı piyadalar, velosipedçilər və digər yol hərəkəti iştirakçılarının sıx olduğu küçələrdə avtomobillərin sürətinin 30 km/saat-a endirilməsidir.

Oxu.Az xəbər verir ki, açılış mərasimi bu gün video-konfrans formatında keçirilib.

Tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının Baş Katibi Mohamed Mezqghani və müvafiq dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər. 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Həyat dolu küçələr” şüarı altında keçiriləncək kampaniya və təşkil olunacaq tədbirlərin paytaxtda yol-piyada təhlükəsizliyinin, mobillik imkanlarının və şəhərin piyada yönümlülüyünün artırılmasına töhfələr verəcəyinə ümid etdiyini deyib. Sədr Təhlükəsizlik həftəsinin keçirilməsinin əhəmiyyətini qeyd edərək bunun dövlətin yol-piyada təhlükəsizliyinə dair milli proritetlərinə uyğun olduğunu bildirib. O, qeyd edib ki, bütün sahələrdə o cümlədən şəhər nəqliyyat sistemindəki siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir.  

Kampaniyanın əhəmiyyətini qeyd edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, avtomobil yollarında ölüm riskini azaltmaq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından çox vacibdir. Bununla insan sağlamlığının və təhlükəsizliyinin təmin olunması, dayanıqlı şəhərlərin yaradılması, yoxsulluq, eləcə də ölkələr arasında və ölkələrin daxilində bərabərsizliyin azaldılması kimi məqsədlərə nail olmaq mümkündür.

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasiyanın Baş katibi Məhəmməd Mezqani isə diqqəti avtomobillərin tutuduğu geniş şəhər ərazisindən daha səmərəli istifadənin mümkünlüyünə yönəldib. Baş katibin qənaətincə bu ərazilərin piyadalar, velosipedçiləri və ictimai nəqliyyat istifadəçiləri üçün ayrılması daha faydalı olar. Bu şəhər mobilliyinin inkişaf etdirilməsi və şəhər mühitinin qorunması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə mobillik şəhəri qoruyaraq insanların hərəkətliliyini təmin etməyə kömək edir. 

Məhəmməd Mezqani qeyd edib ki, nəqliyyat sıxlığına, atmosferə zərərli tullantıların atılmasına qarşı və təhlükəsizliyin təmin olunması üçün kompleks yanaşma olmalıdır.  Bu yanaşma şəhərlərdə insanların hərəkətini avtomobillərdən daha üstün tutmalı, sağlam həyat tərzi də daxil olmaqla təhlükəsizliyi təmin etməlidir.

İctimai nəqliyyata xərc kimi deyil sərmayə kimi baxılmasının doğru olduğunu deyən Məhəmməd Mezqani vurğulayıb ki, yol infrastrukturuna qoyulan investisiya ilə müqayisədə, ictimai nəqliyyata qoyulan eyni məbləğdə investisiya 25% daha çox iş yerinin yaranmasına zəmin yaradır. Baş katibin fikirincə ictimai nəqliyyat yol hərəkəti təhlükəsizliyini  də artırır. Şəxsi nəqliyyat vasitələri ilə müqayisədə burada təhlükəsizlik 4 qat daha yüksəkdir. 

Baş katib xarici şəhərlərin təcrübəsindən nümunə göstərərək avtobus zolaqlarının vacibliyinə də toxunub. Bildirib ki, zolaqların mövcudluğu insanlara əlavə vaxt imkanları qazandırır vaxt isə müasir dövrdə ən dəyərli kapitaldır. 

İctimai nəqliyyatdan istifadənin digər bir üstünlüyü isə ekoloji faktorlarla  bağlıdır. Belə ki, hər bir nəfər sərnişinə düşən enerji sərfiyyatı fərdi nəqliyyat vastələri ilə müqayisədə 3-4 dəfə daha azdır və buna görə daha az CO2 emissiya edir. 

Yol-nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir. Bu fikri ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı öz çıxışında qeyd edib. Yol təhlükəsizliyinə vahid yanaşmanın lazım olduğunu bildirən ÜST təmsilçisi şəhərlərdə aşağı sürətin üstünlüklərini vurğulayıb, piyadaların, velosipedçilərin və digər yol iştirakçılarının təhlükəsizliyi üçün sürət həddini 30 km/saat ilə məhdudlaşdırmağa çağırıb. Xanım Harmancı Ümumdünya Səhiyyə Təşkilatının yerli və beynəlxalq tərəfdaşlarla birlikdə üzv ölkələrə yol təhlükəsizliyi siyasətinin planlaşdırılması, tətbiqi və qiymətləndirilməsində dəstək göstərdiyini də əlavə edib.

Tədbirdə müvafiq dövlət qurumlarının  məsul şəxsləri də çıxış edib. Onlar küçələrin daha təhlükəsiz olması üçün aşağı sürətin və insanların maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, kampaniya çərçivəsində müxtəlif tədbirlər o cümlədən də avtobus dayanacaqlarında və sosial mediada maarifləndirici posterlər yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri