10 
İyn
2021
10:40
30
150
4798
Virtual karabakh

Dövlət Yol Polisindən AVRO-2020 ilə bağlı əhaliyə MÜRACİƏT

10 İyn, 2021
10:40
4798

Dövlət Yol Polisindən AVRO-2020 ilə bağlı əhaliyə MÜRACİƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionatı ilə əlaqədar vətəndaşlardan Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə olunur.

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

O bildirib ki, AVRO-2020 ilə əlaqədar paytaxt sakinlərinin, əhalinin şəxsi avtomobillərdən istifadə etməməsi rica olunur:

“Avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadə etməsinlər. Bunu nəzərə alaraq sözügedən istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkətinin müvafiq olaraq ayrılmış ictimai nəqliyyat vasitələri ilə təşkili nəzərdə tutulub.

Həmçinin onu da qeyd edim ki, azarkeşlərin metronun “Koroğlu” stansiyasından təhlükəsiz, sərbəst piyada hərəkəti təmin edilir. Səməd Vurğun parkı, metronun “Qara Qarayev” stansiyası ətrafından isə xüsusi avtobuslar təşkil ediləcək”.

V.Əsədov onu da əlavə edib ki, artıq polis əməkdaşları gücləndirilmiş iş saatı ilə fəaliyyətini davam etdirir:

“Polis əməkdaşları tərəfindən Bakı Olimpiya Stadionu və onun ətraf əraziləri tam nəzarətə götürülüb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib. Paytaxt sakinlərini diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq”.

V.Əsədov vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində qoruyucu tibbi maskadan istifadəsinin vacibliyinə də toxunub:

“Nazirlər Kabineti yanında operativ qərargahın karantin qaydaları ilə bağlı son qərarına əsasən, açıq havada tibbi maskalardan istifadə ləğv olunub. Lakin, virusun yayılmasının qarşısının alınması və vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə iaşə obyektlərində oturarkən, ictimai nəqliyyatdan, taksidən istifadə edən zaman mütləq qaydada tibbi maska taxmaları vacibdir”.

Xatırladaq ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakıda keçiriləcək dörd oyun 12, 16, 20 iyun və 3 iyul tarixlərində baş tutacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri