10 
İyn
2021
19:15
465
20
16042
Virtual karabakh

Maraqlı təsadüfün xoşbəxt sonluğu: Paralimpiyaçı ilə hərbçinin sevgi hekayəsi - MÜSAHİBƏ

10 İyn, 2021
19:15
16042

Maraqlı təsadüfün xoşbəxt sonluğu: Paralimpiyaçı ilə hərbçinin sevgi hekayəsi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Vətən müharibəsi iştirakçısı ilə paralimpiyaçı xanımın nikaha girməsi ilə bağlı yayılan məlumat cəmiyyət tərəfindən maraqla qarşılandı.

Söhbət idman rəqsi üzrə paralimpiyaçı Vüsalə Kərimova ilə Vaqif Babazadədən gedir.

V.Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub. Ailədə iki uşaq olduqlarını deyən, pozitivliyi ilə diqqət çəkən paralimpiyaçımız 2004-ci ildə ehtiyatsızlıq səbəbindən beşinci mərtəbədən yıxılıb. Aldığı xəsarətlərdən yerimə qabiliyyətini itirib. Lakin bu, onun yaşamaq eşqini əlindən almır.

Moskva Dövlət Humanitar İqtisad Universitetinin hüquq fakültəsində qiyabi təhsil almış qəhrəmanımız “ASAN Xidmət” mərkəzilərindən birində çalışır. 

Öz üzərində çalışan, əhval-ruhiyyəsini daim yüksək tutan V.Kərimovanın idman sahəsində karyerası 2012-ci ildən başlayır.

İlk dəfə əlil arabasında idman rəqslərini izləyən paralimpiyaçımız özünü bu sahədə sınamağa başlayıb və bir çox uğurlara imza atıb.

Hər zaman qazandığı uğurlarla gündəmə gələn V.Kərimova bu dəfə nikah mərasimi ilə diqqətləri özünə cəlb edib. Hər kəsin marağına səbəb olan möhtəşəm sevgi hekayəsini isə V.Kərimovanın öz dilindən eşidək.

Oxu.Az-ın əməkdaşı paralimpiyaçı Vüsalə Kərimova ilə həmsöhbət olub:

- İlk olaraq idmanın hansı növü ilə maraqlanırdınız?

- İdman sahəsində ilk olaraq qılıncoynatma ilə maraqlanmışam. Daha sonra güllə atıcılığı ilə məşğul oldum. Son 8 ildir ki, idman rəqsləri ilə məşğul oluram. Bu idman növü barədə məni Paralimpiya Komitəsinin hazırkı baş katibi Kamal Məmmədov məlumatlandırmışdı. Onun verdiyi istiqamət üzrə bu sahəni seçdim və ilk dəfə olaraq qadınlar arasında bu sahədə uğurlar qazandım.

- Beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmisiniz...

- İdman rəqsi üzrə Qitələr Kubokunu udmuşuq. Beynəlxalq yarışlarda ikinci, üçüncü, eləcə də müxtəlif yerləri tutmuşuq. Tərəf müqabilimlə birlikdə Belarus Açıq çempionatında qızıl medallar qazanmışıq.

- İdmançı kimi ailəniz də sizə dəstək olub, deyirsiz. Bəs ətrafdakı insanlar necə, sizin idmançı olmağınıza necə reaksiya verirdi?

- Mən hazırda mövcud vəziyyətdən razıyam. İdmanla məşğul oluram, “ASAN Xidmət”də sevdiyim ikinci bir işin öhdəsindən layiqincə gəlirəm. İdmançı olduğumu bilənlər qazandığım uğurları eşitdikcə mənimlə fəxr etdiklərini deyirlər. Kifayət qədər aktiv insanam və bu, mənə güc verir.

- Son günlər sizin Vətən müharibəsi iştirakçısı Vaqif Babazadə ilə ailə qurmağınız cəmiyyət tərəfindən müsbət qarşılandı və geniş müzakirələrə səbəb oldu. İstərdim tanışlığınız barədə danışasınız...

- Vaqif məni ilk dəfə “ASAN Xidmət”də çalışan zaman görmüşdü. Orada bəyənib və sosial şəbəkə hesabından tapmışdı. İlk dəfə yazanda ona cavab vermədim. Daha sonra onun Aprel döyüşlərində iştirak etdiyini öyrəndim. Hərbçi olduğunu və Vətən müharibəsinə qatıldığını eşitdim. Müharibə bitəndən sonra yenidən yazdı. Artıq bu dəfə cavabsız qoymadım, beləliklə bir-birimizi tanımağa başladıq.

Daha sonra məzuniyyətə gələndə görüşdük və münasibətlərimizi daha da ciddiləşdirdik. Elə cəmi üç ay ərzində nişanlandıq və ailə qurduq. Çox xoşbəxtik.

- Gələcəkdə idman karyeranızı davam etdirəcəksinizmi?

- Pandemiya ilə əlaqəli bir müddət idmana fasilə vermişdim. Amma həyat yoldaşım karyera məsələsində mənimlə həmfikirdi. O, hərbçidir, öz peşəsini sevir və davam etdirir. Həyat yoldaşım baş leytenantdır, vətənə xidmətlərinə görə tezliklə kapitan rütbəsi alacaq. Mən də idmançıyam, öz karyeramı gələcəkdə də davam etdirmək barədə düşünürəm.

Hazırda “ASAN Xidmət”də çalışıram və magistraturada təhsili alıram.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri