12 
İyn
2021
15:04
250
11
4890
Virtual karabakh

V-VI əsrlərdə tikilən tarixi abidə: Sıldırım qayanın zirvəsindəki Çıraqqala - REPORTAJ + FOTO

12 İyn, 2021
15:04
4890

V-VI əsrlərdə tikilən tarixi abidə: Sıldırım qayanın zirvəsindəki Çıraqqala - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günorta saat 13:00 radələrini göstərir...

Fotoqrafımız Tapdıq Abdullayevlə bir neçə gün əvvəldən hazırlaşdığımız səfərə çıxırıq.

Səfər dediyim, Şabran rayonu ərazisində yerləşən, “Çıraqqala” tarixi abidəsində yekunlaşmaq üzrə olan bərpa-konservasiya işləri ilə yaxından tanış olmaq üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin jurnalistlər üçün təşkil etdiyi mediaturdan danışıram.

Təyinat üzrə ötən gün, deyilən məkanda və saatda toplanıb yola çıxdıq. İlk olaraq saat 14:00-da səfərə çıxmaq qəribə gəldi, çəkilişlərə kifayət qədər zaman ayıra biləcəyikmi və s. məsələlər bizi qayğılandırdı. Lakin, çətini Bakıdan çıxana qədər oldu.

Qarşıda bizi 150 km-lik bir yol gözləyir. Daha maraqlı olsun deyə yol boyu “Çıraqqala” tarixi abidəsi barədə həmkarlarımız, nazirlik nümayəndələri ilə söhbət edirik. V-VI əsrlərə aid qala Şabranda meşənin içində yerləşir.

Tarixi mənbələrdə Çıraqqalanın əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən V-VI əsrlərdə tikildiyi və Gilgilçay səddinin baş qarovulxanası olduğu qeyd olunur. Yüksək ərazidə yerləşdiyi üçün qaladan geniş bir əraziyə nəzarətə etmək mümkün idi, düşmənin gəlişini tonqallar vasitəsilə xəbər vermək olurdu.

Daha sonra isə eyni məqsədlə Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində indiki möhtəşəm Çıraqqala tikilib. O deyilən tonqal isə bu gün qalanın salamat qalan ən uca bürcündə qalanarmış.

Mənbələrə görə, Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, məşhur Çin səddi ilə müqayisə edilir, hətta ondan sonra dünyada ikinci nəhəng müdafiə istehkamı kimi qiymətləndirilir. Təqribən 2 hektarlıq ərazini əhatə edən Çıraqqala abidəsi düzbucaqlı formasında olub, 17 bürcdən ibarətdir. Bu gün isə onlardan ancaq üçü salamat qalıb.

Nəhayət gəlib çatdıq Çıraqqalaya yaxın kəndə. Buradakı meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb. Tam yararsız vəziyyətə düşmüş körpü isə qaya daşları ilə bərpa olunub.

Qalaya gediş-gəlişi asanlaşdırmaq məqsədilə sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib. Bütün bunlar 2019-cu ilin iyul ayından bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə aparılan bərpa işlərin nəticəsidir.

Qalaya 2 km qalmış avtomobil yolu çıxmaqda çətinlik çəkdi. Media nümayəndələri ilə 2 km-lik məsafəni piyada şəkildə qalaya doğru çıxdıq. Əziyyətli olsa da sonda gördüyümüz mənzərə çox əsrərangizdi.

Yola çıxarkən saatın gec olduğuna dair düşüncələrimiz bir anda dəyişdi. Günəşin qalanın divarları arasında süzülərək batmasını izləmək çox möhtəşəm idi.

Hava bir qədər küləkli olsa da, bərpa işləri hələ də davam edirdi. Qalaya çıxmaq üçün media nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün dəbilqələr paylandı. Daha sonra isə bir neçə nəfərlik qruplar halında qayaya gediş üçün salınan taxta körpüdən keçdik.

Ərazidə bərpa işləri ilə paralel olaraq arxeoloji qazıntılar da aparılıb. Orada çalışanların sözlərinə görə, tədqiqatlar zamanı qalanın dərinliklərindən bir neçə gizli otaq tipli tikililər və bir sıra əşyalar aşkar edilib.

Mediatur çərçivəsində Mədəniyyət naziri Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərlə səmimi münasibəti və suallarını ətraflı şəkildə cavablandırmaqla seçilirdilər.

Nazir Anar Kərimov “Çıraqqala” tarixi abidəsində aparılan bərpa-konservasiya işlərinin yaxın zamanda yekunlaşacağını bildirib:

“2019-cu ildə başlanılan bərpa konservasiya işləri cari ilin sonuna qədər yekunlaşdırılmalıdır. Hazırda  bərpa-konservasiya işlərinin davam etdiyi “Çıraqqala” abidəsində həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir. Bu, həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmlidir. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir”.

“Çıraqqala” tarixi abidəsini jurnalistlərlə birlikdə gəzən mədəniyyət naziri abidənin gələcəkdə UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsi ilə bağlı planların olduğundan da bəhs edib:

“Çıraqqala tarixi abidəsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı planlarımız var. Abidənin və istehkam yerlərinin UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilə bilər. Bu istiqamətdə zəruri olan tədbirlər həyata keçirilir və keçiriləcəkdir”.

Qalada çəkilişlərimizi bitirib aşağı düşürük. Mümkün olduğu qədər qalanın ən hündür hissəsinə çıxdıq. Mənzərəni sözlə ifadə etmək çox çətindir. Artıq hava qaralmağa başlayır. Günün də, mediaturunda sonuna yaxınlaşırıq. Bərpa işləri yekunlaşdıqdan sonra yenidən möhtəşəm məkana qayıtmaq ümidilə...

Könül Cəfərli

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri