14 
İyn
2021
16:12
39
148
4198
Virtual karabakh

Qədim Çin Əjdahası dünyanı yenə qorxuya salır

14 İyn, 2021
16:12
4198

Qədim Çin Əjdahası dünyanı yenə qorxuya salır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

G7 sammitinin gündəmi demək olar ki, G7 ölkələrinin Çin və Rusiya ilə münasibəti təşkil etdi. Çinin dünyaya həm siyasi, həm iqtisadi, həm də demoqrafiq təsiri artıq xeyli müddətdir ki, digər qütbü narahat edir. Çinin müharibəsi, topsuz-gülləsiz Avropanı və dünyanı özünə təslim etməsi artıq ən müasir və loyal siyasətçiləri də bu barədə danışmağa vadar edir.  

Məlumdur ki, illərdir Çin çoxtrillionluq investisiya proqramı ilə Afrika və Asiyada iştirak edir. Məhz bu sammitdə G7 ölkələri birləşib bu layihəyə qarşı nəsə qoymaq arzusunu bildiriblər. Hətta bu barədə razılaşma da əldə olunub. “Yeni ipək yolu”na qarşı alternativ tapmaq. 

“Yeni ipək yolu” nədir? 

Düz 6 il əvvəl Çin Xalq Respublikasının sədri Si Tsinpin yeni təşəbbüslə çıxış etdi. “Bir kəmər-bir yol” ona həmçinin “Yeni İpək yolu” da deyilir. O, bildirdi ki, bu layihə Çini Mərkəzi Asiya, Afrika və Avropa ilə iqtisadi baxımdan daha möhkəm bağlayacaq. Bu həm də bütün Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyır. O gündən bu günə kimi yüzlərlə milyard dollar investisiya proqramında istifadə olunub, kreditlər verilib. 

Lakin bu investisiya fonunda tez-tez narahatlıq siqnalları da eşidilirdi. Bəziləri hətta iddia edirdi ki, Çinin pulları sayəsində bir sıra ölkələr ona borclu qalacaq və müstəqilliyini itirəcəklər. İddialara görə, Çin Afrikada özünü ümumiyyətlə neomüstəmləkəçi kimi aparır.  

Lakin digər müşahidəçilər bildirir ki, Çin investorlarının Avropa və digər ölkələrdə əldə etdiyi şirkətlər daha yaxşı nəticə verməyə başlayıb. Avropanın iri şirkətləri də etiraf edir ki, Çin investorları layihələrə anqlo-saksonlardan dəfələrlə daha çox pul yatırır. 

“Yeni ipək yolu”nda Azərbaycanın yolu varmı? 

Təbii ki, var. Buna ən bariz nümunə kimi Trans-Xəzər Tranzit Dəhlizi, Şimal-Qərb Ticarət Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolunu misal göstərmək olar. 

Aydın məsələdir ki, Çin Asiyadan başqa Cənubi Qafqaz regionunda da irəliləmək məqsədi güdür. Çin şirkətlərinin Gürcüstandakı dəniz limanlarına çıxışı var və Çinin müxtəlif tikinti şirkətləri ölkədə fəaliyyət göstərir. 

Rəsmi Bakı da həmçinin Çinlə sıx əməkdaşlıqda maraqlıdır

Ən son rəqəmlərə görə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi milyard dolları keçib. Bu isə elə-belə deyil. “Yeni ipək yolu” çərçivəsində həyata keçirilən ticarət dəhlizlərinin böyük hissəsi Xəzər dənizi vasitəsilə Azərbaycana və daha sonra Gürcüstana birləşir. Bu da Azərbaycana dünya ticarət yolları şəbəkəsində mühüm rol oynamaq imkanı yaradır. 

Köhnə Avropa Yeni Çinin qarşısına hansı silahla çıxacaq? 

G7 ölkələrinin Çinin böyüyən iqtisadi və siyasi nüfuzundan qorxması artıq heç kimə sirr deyil. Elə Çinin özünə də bu yaxşı bəllidir. 

G7 samitində bu ölkələr Çinin üzərinə başqa təsir rıçaqı olmadığı üçün uyğur-türklərinin hüquqlarının müdafiəsini gündəmə gətirib. Dünənə kimi elə bil uyğurların hüququ pozulmurdu.  

İqtisadi baxımdan isə Dünya Bankı Avropa şirkətlərinə bəlli məbləğlərdə investisiyalar yatırmağa başlayıb ki, bazarda Çin investisiyasına qarşı balans qoruna bilsin. 

Çin Dünyanı idarə etmək üçün investisiya edir

Bir sıra ekspertlər hesab edir ki, bütün bu milyardlıq layihələrin Çin tərəfindən həyata keçirilməsinin bir məqsədi var, o da dünyanı idarə etmək. Çin öz standartlarını dünyaya tənqid etmək barədə düşünür. Həm də öz milli valyutası yuanın daha geniş geosahələrdə tanınmasına məcbur edir. Çin artıq dünya üzrə 3000-dən çox ən müxtəlif layihələrə investisiya yatırıb. Bura Myanmada tikilən neft borusu, Keniyada salınan dəmiryolu da aiddir. Lakin Pekin sabit iqtisadi münasibətləri dəstəkləyir. Və Pekin anlayır ki, borc böhranı ilə üzləşən ölkələr, xüsusilə bu ölkələr vacib tranzit dövlətlər olduğu halda, “Yeni İpək Yolu” layihəsi üçün təhlükə yaradır. Bu da Çinin milyardlarının itirilməsi deməkdir. 

Nə qədər çətin olsa da, Avropa təkbaşına Çinlə siyasət apara bilmir 

Bu gün Avropa və ABŞ-ın Çinə qarşı mübarizə aparmaq üçün birləşməsi o qədər də inandırıcı gəlmir.

ABŞ isə öz növbəsində Avropadan Rusiya və Çinə qarşı daha ciddi və sərt mövqe sərgiləməyi tələb edir. G7 sammitində  ABŞ Prezidenti Co Bayden bildirmişdi ki, Çinlə bağlı tənqidlər zirvənin son bildirişində yer alacaq. Lakin bəzi Avropa liderlərinin Pekinlə açıq iğtişaşa getmək fikri yoxdur. Bu halda ABŞ-ın Çinə qarşı mübarizədə necə koalisiya yaratması sual altına düşür. 

Deməli, hadisələr bu məcrada inkişaf edəcəksə, Qədim Çin Əjdahası Avropanı udacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri