18 
İyn
2021
17:08
561
37
5234
Virtual karabakh

SSRİ vaxtı kəndləri Ermənistana verilən Nüvədi sakinləri geri qayıtmaq üçün dəstək istəyir

18 İyn, 2021
17:08
5234

SSRİ vaxtı kəndləri Ermənistana verilən Nüvədi sakinləri geri qayıtmaq üçün dəstək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər.

Belə ki, sözügedən kəndin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək, erməni xalqı ilə dinc birgəyaşayış qaydalarına hazır olduqlarını qeyd edirlər.

Qədim və zəngin tarixə malik olan Nüvədi kəndi ərazisində çoxsaylı tarixi abidələr mövcuddur. Belə ki, tarixi “Sultan-Səlmə istehkamı”, “Baba Hacı”, “Abdulata”, “Tişneyni” və s. müqəddəs ziyarətgahları məhz burada yerləşir. Nəhayət orta əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixdən yadigardır.

Qeyd edək ki, 7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına,  BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıb.

Müraciət 452 ailə adından hər birinin imzaları və müvafiq sübutlarla 55 vərəqdə təqdim edilib. Müraciəti Nüvədi kəndinin 86 yaşlı sakini Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev də imzalayıb.

Nüvədi kəndinin inzibati ərazisinin bölgüsü məsələsinə də diqqət edək. Belə ki, 1991-ci ilə qədər bir nəfər erməninin belə yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.

Uzun müddət həmin sənəd rəsmən təsdiq edilməyib. Lakin 1969-cu ilin may ayında kəndin əhalisinin razılığı olmadan Nüvədi kəndi Ermənistan SSR-nin Mehri rayonunun inzibati-ərazi vahidinə daxil edilib.

Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək erməni xalqı ilə dinc birgəyaşayış qaydalarına hazır olduqlarını bildirib.  

Bütün insan hüquqları sənədləri ilə, yəni 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər Nüvədi sakinlərinin qayıtmaq hüququnu tam təsdiqləyir.      

Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilib. Hətta Nüvədi kəndi Nrnadzor adlandırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquqlarının birbaşa pozulması olmaqla toponimik soyqırımı adlı soyqırımı növüdür.

Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri