19 
İyn
2021
16:44
174
25
4182
Virtual karabakh

Boris Consonun türklüyü, erməninin də erməniliyi...

19 İyn, 2021
16:44
4182

Boris Consonun türklüyü, erməninin də erməniliyi...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

44 günlük müharibə davam edir.

12 oktyabr 2020-ci ildə İngiltərənin “The Times” qəzetində bir məqalə çap olunur. Məqalənin adı belədir: “Ermənilərin müharibəsi qızışır, Tarix Consonu səsləyir”. Ada fikir verin: “Ermənilərin müharibəsi”. Cəmi iki gün sonra “Panarmenian” saytı ingilis versiyası mövzunu davam etdirir. Məqalənin başlığı isə belə seçilib: “Türk quldur dəstələri Boris Consonun ulu babasını öldürmüşdü”. Başlıqda həqiqət ustalıqla gizlədilmişdi, belə ki, Boris Consonun babası da türk idi (Semantik baxımdan “türklər öldürüb” ifadəsi öldürülən şəxsin başqa millətdən olduğunu göstərir).

Boris Conson bir qayda olaraq digər din və millətlərə o qədər də böyük diqqətlə yanaşmayan Mühafizəkar partiyanın rəhbəri və Böyük Britaniyanın baş naziridir. Ancaq iki gün ara ilə ona xatırladılan həqiqət nədən ibarət idi?

Yüz il qabaq baş verən hansı hadisə Boris Consonun intiqam duyğularını alovlandırmağa hesablanmışdı?

Yüz il əvvələ, Osmanlı imperiyasının son günlərinə qayıdaq.

Bu faciəvi bir hekayədir. 

Ali Kemal saraya müxalif olan “İttihad və Tərəqqi” partiyasının fəallarından olan bir jurnalist idi. Lakin zaman keçdikcə o bu iki qüvvə arasında vasitəçilik etməyə başladı. Buna görə partiyada qınağa tuş gələn Ali Kemal sarayla münasibətlərini yaxşılaşdırır və diplomatik xidmətə başlayır. 1903-cü ildə isə İngiltərədə Vilfred adlı qızla evlənir, onların iki uşağı dünyaya gəlir: Selma və Osman. Ancaq Vilfred bir müddət sonra vəfat edir və Ali Kemal qayınanası ilə birgə uşaqlara baxır. 

Sonra isə İstanbula qayıdır və yenidən evlənir. 

Elə Boris Conson kimi o da əvvəl jurnalistika ilə məşğul olur, sonra diplomatik fəaliyyətə keçir və sonda nazir olur (Sadəcə Boris xarici, o, isə daxili işlər naziri). Ancaq nazirlik kreslosundan sonrakı aqibətləri fərqli alındı. Belə ki, 1912-ci ildə hakimiyyətə ittihadçılar gəlir və Ali Kemal sürgün edilir. İttihadçılar hakimiyyətdən uzaqlaşdırıldıqda isə son nazirlər kabinetində daxili işlər naziri kreslosunda əyləşir.

Atatürk və milli mübarizə hərəkatı əleyhinə həm məqalələri ilə mübarizə aparır, həm də nazir kimi çıxış edir. Və 1922-ci ildə Nurəddin paşanın dəstəsi tərəfindən öldürülür. 

Atatürk onun ölümünü “Nitq” kitabında pisləyir, eləcə də İsmet İnönü...

Hətta sonrakı illərdə İsmet İnönü onun ikinci nikahdan olan oğlu Zeki Kuneralpı səfir təyin edir. Zeki Kuneralp Türkiyənin Fransada, İngiltərədə, İsveçrədə və İspaniyada səfiri vəzifələrində çalışır. 

Ermənilərin Consonun nəsil keçmişini araşdırarkən unutduqları bir həqiqət də burada gizlənib. Belə ki, 1978-ci ildə İspaniyada səfir olan Zeki Kuneralpın həyat yoldaşı, yeznəsi, qohumu olan səfir Bəşir Balçıoğlu və sürücüsü ASALA terror təşkilatı tərəfindən öldürüldü. Zeki Kuneralpın həyatını təsadüf xilas etdi.  

Bir sözlə, Türkiyə Ali Kemalın oğluna qucaq açmışdı. Ancaq Ali Kemalın Vifreddən olan oğlu Osman İngiltərəyə qayıdır. Anasının qızlıq soyadı olan Consonu özünə soyad kimi götürür. Hərbi təhsil alır və pilot olur. İrina Vilyamsla evlənən Osmanın dörd uşağı olur. Bu dörd uşağın biri isə Stenli Consondur. Stenli deputat olur və o da babası Ali Kemal kimi qələmi ilə məşhurlaşır. 

Stenli rus yəhudisi olan Şarlotta Conson ilə evlənir. Və bu nikahdan Boris Conson doğulur. Boris adını isə ailə dostu olduqları bir rus mühacirdən götürürlər.

Göründüyü kimi ailənin həm müsəlman, həm yəhudi, həm də xristian üzvləri var. Boris Conson siyasətdə dara düşdüyü anlarda bu məqamı vurğulayır. 

Bir maraqlı məqam: Boris Conson ana tərəfdən Romanovlarla, ata tərəfdən isə İngiltərə kral sülaləsi ilə qohumdur. 

Yüksək təbəqəyə mənsub ailədə doğulan Boris Conson Okfsord məzunu olan jurnalist və təcrübəli siyasətçi kimi əlbəttə ki, bütün bu faktları çox gözəl bilir. Xarici işlər naziri kimi Türkiyəyə səfəri zamanı bir jurnalist ona “Siz Çankırılısınız” deyə sual verdikdə o, “bəli, Kalfatdan” deyə cavab vermişdi.

Kalfat Çankırının kəndidir və Boris Consonun nazir olan ulu babası Ali Kemal İstanbulda doğulsa da, ailə Çankırının Kalfat kəndindən İstanbula gəlmişdi. Nazir nəinki rayonun, hətta kəndin də adını bilirdi. 

Hər nə qədər mühafizəkar bir partiyanın rəhbəri və baş naziri olsa da Boris Conson türk mənşəyini heç bir zaman gizlətmir. 

Buna görə də erməni təbliğatının baş naziri manipulyasiya etmək üçün göstərdiyi uğursuz cəhdlər acı bir gülüş doğurur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri