22 
İyn
2021
12:15
172
102
8862
Virtual karabakh

Cərrah ginekoloq: “Ən qəribə hadisə yəqin ki, 1 kişinin hər 3 həyat yoldaşını mənim yanıma gətirməsi idi”

“Hamilə qadınlara peyvənd vurdurmaq qadağandır”

Bu fikirləri müsahibimiz Almaniyada ixtisaslaşmış cərrah mama-ginekoloq, sonsuzluq və riskli hamiləlik üzrə mütəxəssis Pərvin Mikayılzadə bildirib. Həkim-ginekoloqumuz xanımları maraqlandıran və narahat edən bir çox suala aydınlıq gətirib:

- Pərvin xanım, neçə illik peşə fəaliyyətiniz var?

- Artıq 20 ildir həkim işləyirəm. Tibb Universitetini 1999-ci ildə bitirəndən insanların sağlamlığı naminə çalışıram və bunu sevə-sevə edirəm. Ötən illərə baxmayaraq, sənətimə həvəsim bir qram da azalmayıb.

- Qadınlarımızda ən çox rast gəlinən ginekoloji problem hansıdır?

- Son illərdə ən çox rast gəlinən hormonal problemlərdir və bundan dolayı iki əsas istiqamətli şikayətlər: sonsuzluq və cinsi həvəssizlik, erkən klimaks... Hər ikisinin kökündə müasir stressli həyat və qeyri-sağlam qidalanma durur. Bu faktorlar qadın bədəninə mənfi təsir edir və hormonal pozulmaya səbəb olur.

- Bugünkü dövrdə sonsuzluq problemi hansı cinsdə daha çoxdur? 

- Ötən illərə nisbətən kişi sonsuzluğu artıb. Bu da kişilərdə infeksiyaların vaxtında müalicə olunmayıb gizli formaya keçməsi və spermanın keyfiyyətinin azalması ilə daha çox əlaqəli olur. Amma ümumi statistikada sözsüz ki, qadın sonsuzluğu üstünlük təşkil edir.

- Qadınlarımız ginekoloji baxımdan öz qayğılarına qala bilir?

- Bəli. Əgər ötən illərdə qadınlar o qədər də öz sağlamlığına fikir vermirdisə, son illər əksər xəstələrimiz vaxtı-vaxtında, ortalama 6 aydan bir profilaktik müayinəyə gəlirlər. Düşünürəm ki, bu müsbət hal geniş təbliğatın və informasiya təbliğatının nəticəsidir. Qeyd edim ki, belə özünə qayğı göstərən xanımlar bizim işimizi xeyli asanlaşdırır. Məlum məsələdir ki, problemin qabağını almaq həmişə onun fəsadlarını müalicə etməkdən qat-qat asan və ucuz başa gəlir.

- İndi uşağın cinsini planlamaq mümkün olur. Bizim ailələr bundan çox istifadə edir?

- Bəli, ən aktual məsələlərdən birinə toxundunuz. Müasir həyatda insanlar hər şeyi planlamaq istəyirlər, hətta doğulacaq övladlarını belə. Bu istəklə çox ailələr müraciət edir, biz də mümkün qədər kömək etməyə çalışırıq.

- Pərvin xanım, ölkədə cinsi ayrı-seçkiliyin olması danılmazdır. Ola bilər, bərkdən “oğlan olsun” demirlər, amma qız olanda çoxu hələ də pis olur. Sizin bu barədə müşahidələriniz necədir?

- Belə deyim ki, biz elə düşünən pasiyentlərimizə, xüsusilə də onların həyat yoldaşlarına məsləhət görürük ki, əgər uşağın cinsi sizin üçün çox önəmlidirsə, gəlin onu planlayaq. Amma mövcud hamiləliyi dölün cinsinə görə pozmağı qəti məsləhət görmürəm. Şəxsən mən elə abortu heç zaman etmirəm. Hər bir uşaq ailəyə Allahdan verilən paydır və sağlam uşağı cinsinə görə öldürmək günahdır. Hər gün mənim qəbuluma o uşağın həsrətini çəkən onlarla ailə gəlir.

- Karyeranız boyunca rastlaşdığınız ən qəribə hadisə hansı olub?

- Qəribə hadisələrimiz çox olur. Amma ən qəribəsi yəqin ki, 1 kişinin hər 3 həyat yoldaşını mənim yanıma gətirməsi idi. Hər 3-5 ildən bir o yeni həyat yoldaşı ilə gəlirdi və biz də tam konfidensiallığı qoruyurduq. Ümumiyyətlə, pasiyent sirrinin qorunması mənim iş prinsipimdir. Bizim otağa gələn xanım bilir ki, mən ilk növbədə və hər bir halda onun mənafeyini qoruyuram. Onun sirləri tam məxfi qalacaq. Ginekoloqluq elə peşədir ki, bizim xanımlarla həm səmimi, həm də qapalı münasibətimiz olmalıdır. Hər halda, mən şəxsən belə tərzdə işləyirəm.

- Doğuş zamanı ölən qadın xəbərləri bir ara mətbuatın dilindən düşmürdü. Təzəlikcə Lənkəranda cavan xanım bundan dünyasını dəyişdi. Bu haqda nə deyə bilərsiniz? Belə bir riski əvvəlcədən təxmin etmək mümkün deyil?

- Çox kədərli xəbərlər oldu... Sözsüz ki, bu halların qabağını almaq üçün qadın vaxtı-vaxtında müayinələrdən keçməli, həkim müşahidəsi altında saxlanılmalıdır. Hamiləlik dövründən qabaq müayinə olunub, fəsad törədə biləcək gizli xəstəliklərin əvvəlcədən aşkara çıxarılması hamiləliyin uğurla başa çatmasına zamin olur. Qadınlarımıza əsas məsləhətimiz ondan ibarətdir ki, hamiləlik dövründə mütəmadi həkimə müraciət etsinlər. Bu vaxt yaranan fəsadları vaxtında aradan götürmək daha asan olur. Onlar da xoşbəxt analıq hissini yaşayıb dünyaya sağlam körpə gətirirlər.

- Vaginaplastika əməliyyatı son vaxtlar çox trenddir. Xanımlarımızın öz istəkləri olur, ya yoldaşlarının? Bu əməliyyatla bağlı hansısa əks göstəriş varmı?

- Media dili ilə desək, vaginaplastika son illərin trendidir. Müasir həyatda insanlar heç bir komplekslə yaşamaq istəmirlər. Nə xarici görünüş, nə də daxili hissiyyatlarında. Xüsusilə də biləndəki müasir cərrahi texnologiyalarla əməliyyat fəsadsız, ağrısız və qısa bərpa dövrü olur. Ona görə də qadınlarımız böyük həvəslə əməliyyata gəlirlər. Əksər hallarda əməliyyat öz təşəbbüsləri olur. Hətta bəziləri yoldaşlarına sürpriz edir. Vaginaplastika ilə yanaşı, labioplastika və huduplastika ilə sidikqaçırmanın korreksiyasını yerinə yetirəndə intim bölgənin görünüşü, cinsi hissiyyat, həyat keyfiyyəti tam fərqli olur. Əməliyyatda əks göstəriş onkoloji xəstəliklər ola bilər. Amma əvvəldən müayinə olmaq və əməliyyat həcmini düzgün təyin etmək mütləqdir.

- Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilən koronavirus bəlası və hamilə xanımlarımız... Necə qoruna bilərlər və ya bunu bacarmadıqda ən azından necə düzgün müalicə oluna bilərlər?

- Bu iki illik dövrdə hamilə qadının bu virusa yoluxsa da, onun dölə keçmək ehtimalının olmadığını öyrəndik. Əgər yoluxmusunuzsa, vitamin C, immunitet artıran, qandurulducu dərmanlar, çoxlu maye qəbul etmək lazımdır. Preparatların həb və iynə formasında qəbul edilməsi məsləhətdir. Bütün bunlar kompleks şəkildə aparılsa, xəstəliyi yüngül keçirərsiniz. Mənim təcrübəmdə xeyli koronavirusa yoluxmuş hamilə xanım olub və onları ev şəraitində müalicə edib effekt görmüşük. 

Bir də sizin vasitənizlə son vaxtlar hamının soruşduğu peyvənd məsələsinə aydınlıq gətirmək istəyirəm. Bildirirəm ki, hamilə vaxtı nəinki koronavirus əleyhinə heç bir peyvənd vurdurmaq olmaz. 

Sübü Səmra

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri