24 
İyn
2021
11:16
176
23
1556
Virtual karabakh

Şəmkir və Hacıqabulda həyətində çətənə əkənlər tutuldu - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,  rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. 

Həyətyanı sahəyə baxış zamanı oradan 7 ədəd, ümumi çəkisi 2 kiloqram 650 qram olan çətənə kolu aşkar olunub. Bundan başqa oradan qurudulması üçün sərilmiş 100 qram qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna edilmir.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bundan başqa, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Əli Əlhəsənov saxlanılıb. 

Şöbə əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 140 qram olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri