30 
İyn
2021
13:16
10
258
5395
Virtual karabakh

Zərərçəkmiş: “Həmin il Azər Aslanov əsirlikdən qayıdıb, Bakıda metronu partlatdı”

30 İyn, 2021
13:16
5395

Zərərçəkmiş: “Həmin il Azər Aslanov əsirlikdən qayıdıb, Bakıda metronu partlatdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1994-cü ildə Bakıda metronu partladan Azər Aslanov mənimlə birlikdə əsirlikdə olub”.

Oxu.Az-ın məlumatına görə, bunu azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçiləri Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın məhkəmə prosesində zərərçəkmiş Zahid Həsənov deyib. O bildirib ki, 1994-cü ildə dörd əsir Xankəndidə saxlanılıb: “Mən, Sergey, Azər Aslanov və digər bir əsir bir yerdə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə.

Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. İki saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtiçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar.

Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi dedi ki, Azər otaq təmizləməyib.

O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki Sergeyi güllələyib öldürüblər”.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.

Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.  

İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb.

Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.

İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin 3 oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri