21 
İyl
2021
11:35
158
192
6306
Virtual karabakh

Vətən müharibəsinin şəhidinin anası: “Oğlumun mərdliyindən bütün hərbi hissə danışır” - REPORTAJ + FOTO

21 İyl, 2021
11:35
6306

Vətən müharibəsinin şəhidinin anası: “Oğlumun mərdliyindən bütün hərbi hissə danışır” - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan daha bir qəhrəmanımız barədə danışacağıq.

Bu gün Vətən müharibəsində tank komandiri kimi iştirak edən leytenant Murad Nağıyevdən bəhs edəcəyik.

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. Uşaq yaşlarından ailəsi ilə birlikdə Bakıya köçən M.Nağıyev 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb.

2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edən şəhidimiz yüksək nəticə göstərdiyinə görə İstanbuldakı Kuleli Hərbi Liseyinə göndərilib.

2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. O, 2016-cı ildə təhsilini bitirərək Azərbaycana qayıdır və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yenidən təhsil almağa qərar verir. 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olan Murad Nağıyev hərbçi olmaq üçün ömrünün 9 ilini bu sahənin incəliklərini öyrənməyə həsr edib.

Şəhid leytenant Murad Nağıyevin anası Xavər Məmmədli Oxu.Az-a açıqlamasında oğlu üçün nə qədər darıxdığından danışıb:

“Oğlum 9 il təhsil aldı. Biz onunla illərlə ayrı düşmüşdük. Təhsilini bitirib gələndə çox sevinirdi, nəhayət sevdiyi peşə üzrə çalışmağa başlayacaqdı. Murad 9 il əməyinin qarşılığında iki ay xidmət etdi. Müharibə başlayan ilk gündən oğlum ön cəbhədə olub. Hər gün bizimlə əlaqə saxlayırdı.

Şəkillərini göndərirdi. Murad hər zaman gülə-gülə danışardı, mənə təskinlik verərdi ki, hər şey yaxşı olacaq”.

Şəhid leytenant Murad Nağıyev ailədə üç qardaşdan ən kiçiyi olub. Kiçik ürəyinə Vətən boyda sevgi sığdıran Murad son sözlərini qardaşına yazıb:

“Qardaşım, mən gedirəm, haqqınızı halal edin. İnşallah görüşərik, öpürəm hamınızı”.

O, bu sözləri şəhid olduğu gün - oktyabrın 11-də səhər qardaşına yazır və artıq bundan sonra onun nömrəsinə bir də zəng çatmır.

Anası deyir ki, oktyabrın 10-da qardaşı ilə danışıb və arzularından danışıb:

“Muradın ürəyində arzuları çox idi. Hər dəfə qardaşına deyirdi ki, müharibə bitsin xidmətimi davam edəcəm. Sevdiyi xanım vardı. Onunla ailə qurmaq istəyirdi. Oğlum sanki qayıtmayacağını hiss edirdi. Hər sözünün sonunda  “əgər qayıda bilsəm…” deyirdi. Yolunu çox gözlədik, amma qayıtmadı”.

Muradın qəhrəmanlığını isə vəfatından onun əsgər yoldaşları danışıb. Şəhid anası deyir ki, oğlu Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub:

“Murad tank komandiri idi. Döyüş gedərkən idarə etdiyi tankda özündən başqa iki nəfər hərbçi də olub. Onlardan ikisi yaralı halda tankdan çıxa biliblər. Murad əslində arxada gözləməli olub. Əsgər yoldaşları deyir ki, özünü qabağa atıb. O, sürdüyü tankı heç kimə verməyib. Oğlumun mərdliyindən bütün hərbi hissə danışır.

Murad tank komandiri olaraq Cəbrayıl-Qubadlı istiqamətindəki döyüşlərdə düşmənin həyati əhəmiyyətə malik strateji obyektlərinin məhv edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Onun olduğu tankı düşmən uzaqdan idarəolunan raket ilə vurub. Arzuları yarım qaldı, bizim də ürəyimizi yandırdı getdi”.

Qəhrəman şəhidimizdən geriyə barmağından çıxarmadığı üzüyü və çox sevdiyi saatı qalıb. Müharibəyə getməzdən öncə sevdiyi xanımla da görüşüb. Gələcəkdə ailə quracağı xanımdan Murada isə kiçik bir tank hədiyyə qalıb.

Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilib və o, oktyabrın 20-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Şəhid Murad Nağıyev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri