25 
İyl
2021
14:25
1877
303
20390
Virtual karabakh

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

25 İyl, 2021
14:25
20390

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Nicat Ağa kimdir və nəçidir? Niyə İranın dini liderinin Bakıda nümayəndəsi olmalıdır? Bizim İranda dini nümayəndəmiz varmı? Niyə Bayram namazını Təzə Pirdə bütün Qafqazın şeyxi ilə birgə qılır? Niyə Şeyx onu Ağdama, Şuşaya aparır? Bu sualların heç birinin cavabı yoxdur.

Sual versək də bizə cavab verən yəqin ki olmayacaq. Ya da elə farssayağı, uşaqbaşı aldadan cavablar alacağıq. Amma mən çox uzaq olmayan keçmişi bir də sizin yadınıza salmaq istəyirəm. 2013-cü ildə İran mətbuatında Azərbaycanın İrana referendum yolu ilə birləşməsindən söz açılıb. Təsəvvür edirsiz, Azərbaycanı İrana birləşdirmək. Müstəqil ölkəni İran öz tərkibinə salmaq istəyir. Bu təhdid deyilsə, nədir?

Daha sonra İran İslam Şurası Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi isə Azərbaycanı bəzi məsələlərdə diqqətli olmağa çağırmışdı və təhdid dolu xəbərdarlıqlar edirdi. Və bu kimi hallar vaxtaşırı İran tərəfindən Azərbaycana qarşı edilir. Elə bil əllərinə imkan düşdükcə kampaniya aparırlar bizə qarşı.

Mən hələ 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə yüzlərlə İran şirkətinin Qarabağda biznes qurmasını demirəm. Özü də rəsmi olaraq, qeydiyyatdan keçərək. Bəs dost-qardaş ölkə idi. Adamı kürəyindən bıçaqlayan qardaş...

Qarabağ torpağında bizim oğulların qanı qurumamış İran orada ermənilərlə ticarət əlaqələrinə başlayır. Hələ erməniyə bizi öldürmək üçün verdiyi silah-sursatı demirəm. İranın erməniyə verdiyi hər bir güllə bizim bir şəhidimiz deməkdir.

Amma Türkiyə sərhədləri bağladı. Və bütün dünyaya bildirdi ki, Azərbaycanın ərazisi işğalçılardan azad olmayana qədər Ermənistan ilə heç bir ticarət əlaqəsi olmayacaq və sərhədlər də bağlı qalacaq. Və bu günə qədər sözünü tutdu. 44 günlük müharibə ərzində Türkiyə uşaqlı-böyüklü Azərbaycanın yanında oldu. Bunu unudarıqmı? Türkiyədəki balaca daxılını sındırıb, içindəki pulları Azərbaycan əsgərinə göndərdi. Bizimlə bir güldü, bir ağladı Türkiyə!

İran isə əlinə düşəni daşıdı Ermənistana və işğal altında olan Azərbaycan torpaqlarına. Sonra da dedi ki, Qarabağ İslam torpağıdır. Məncə Şeyx düz başa düşməyib fətvanı. Zənnimcə İran Qarabağı özü üçün deyib İslam torpağı. Nəzərə alsaq ki, farslar kimi incə siyasət yeridən ikinci dövlət yoxdur, onlar heç bir sözü elə-belə demirlər. Xamneyinin ürəyi belə yanırdısa və belə fətva verən idisə, o zaman deyərdi ki, Qarabağ Azərbaycan torpağıdır.

Allaha şükür olsun ki, biz heç kimin fətvasına qalmamışıq. Bizim Ali Baş Komandan bütün dünyanın siyasətçiləri qarşısında, “Valday” Beynəlxalq Diskussiya Klubunda “Qarabağ Azərbaycandır və nida” dedi. Və hər dəfə olduğu kimi qətiyyətlə bildirdi ki, nə Azərbaycan hökuməti, nə Azərbaycan xalqı, nə də prezident heç vaxt bu işğalla barışmayacaq. Bütün mümkün vasitələrlə torpaqları geri qaytaracaq.

Yanımızda isə can qardaşımız Türkiyə oldu. Bütün beynəlxalq kürsülərdə Qarabağ torpağının Azərbaycana məxsus olduğunu dedi. Türkiyə Parlamenti hər dəfə Azərbaycana dəstək oldu. Bizi mənəvi olaraq tək qoymadı meydanda. Qardaş oldu, qardaş olduğunu bir daha sübut etdi.

Şeyx isə hələ də İran üçün, onun dini lideri üçün tərif oxuyur. İran niyə bu qədər şeyx üçün əzizdir axı, bunu anlamıram?

Yadıma Şeyxin məşhur sözü düşdü: “33 ildir mən Şeyxülislamam, indiyə qədər vicdanın nə olduğunu bilmirəm”. Madam ki, Şeyx vicdanın nə olduğunu bilmir, Türkiyəni İranla bir səviyyədə tutur, Qarabağdakı qələbəni Ali Baş Komandan, ordu-xalq birliyi ilə deyil, İranın fətvası ilə əlaqələndirir - məclisin Fatihəsini verib, çadırı yığışdırmaq lazımdır.

Görünən odur ki, vicdan böyük məsələdir. Vicdan olanda ağa qara deyə bilmirsən. Adamın dili tutulur düzünü deyə bilməyəndə.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri