25 
İyl
2021
16:24
3580
159
33668
Virtual karabakh

Ya şeyx, istefa versəniz yaxşı olar! - ŞƏRH

25 İyl, 2021
16:24
33668

Ya şeyx, istefa versəniz yaxşı olar! - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə dini prinsiplərin nüvəsi və dini tələblərin məhək daşı olan ədalət prinsipinə qarşı çıxır. Hər şeyi dürüst anlamaq üçün cənab şeyxin dediklərinin üzərindən yenidən keçməkdə və onu analiz etməkdə fayda var.

Şeyxin məlum bəyanatı həqiqətlə yalanın sərhədlərinin itdiyinin bariz göstəricisidir, ölkədə İran radikal dini-siyasi ideoloji təmayüllərin yayılmasına hesablanmış çıxışdır. Şeyxülislamın İrana münasibəti aşırı sevgi duyğularına çevrilib, bu, yeni başlayan prosesin təzahürləri deyil, lakin son açıqlama həmin simpatiyanın pik həddə çatdığını göstərdi ki, cənab Paşazadə bunu aşkar şəkildə deməkdən belə çəkinmədi. Həm də şeyxin niyyəti Türkiyə ilə İranı Vətən müharibəsinə münasibətdə tərəzinin eyni gözünə qoymaq cəhdləri idi, bu isə ədalətsizliyin və biabırçılığın son həddidir.

Şeyxülislam əqrəblərini Tehran saatı ilə çoxdan tutuşdurub, bu zamanla tənqid olunub, dini konfessiya nümayəndələrinin Şuşa səfəri zamanı isə cənab Paşazadə sevgisini yeni müstəvidə izhar etməyə dirəniş göstərdi. Hamı kimi İranın ali dini lideri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejad Ağa da Şuşaya getdi.

Elə ilk sual buradan yaranır: dini konfessiyalar, icmaların içinə rəsmi statusda şəxs niyə qatılır? Bu, cənab Paşazadənin niyyətinin açığa çıxması üçün zəmin hazırlanması demək idi, axı Şuşada da Ocaq Nejad Ağanın başda durub namaz qılması da xeyli müzakirələr yaratdı! Təzəpirdə qılınan Qurban bayramı namazında da cənab Ocaq Nejad Ağanın yenidən “zühur etməsi” şeyxüilslamın proqramında və qrafikində İrana xüsusi münasibətin ağırlıq təşkil etməsinin göstəricisi idi.

Cənab şeyx, həqiqətən də məntiqli sual ortaya çıxır: bayram namazında Ocaq Nejad Ağa niyə Təzəpirə gəlmişdi? Axı, o dini icma da deyil! İlk baxışda jest kimi dəyərləndirmək də olardı, müsəlman dünyasının birliyi, İslamın təməl prinsiplərinin nümayişi, vəhdətlik kimi epitetlərlə bu addıma məntiq yükləmək olardı. Amma yox, cənab şeyx, yox, siz həmin bayram namazında etdiyiniz çıxışla başqa niyyət və məqsəd ortaya qoydunuz, bəlkə heç o bəyanatı səsləndirməsəydiniz üzərinizə getmək üçün əsas tapmazdıq. Hörmətli, şeyxülislam, axı siz hansı məntiq və fakta söykənib İranın Vətən müharibəsində Qələbə qazanmaqda xüsusi rolunun olduğunu deyirsiniz? Özünüzün hədəfə gəlməməyiniz üçün Türkiyənin də adını çəkirsiniz, ancaq ikinci planda imiş kimi.

Bir daha QMİ sədrinin Vətən müharibəsindəki qələbəni şərtləndirən xarici amillərə istinad edərək səsləndirdiyi məlum bəyanatını xatırladaq:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Görürsünüzmü, ali din xadiminin bəyanatında Türkiyənin dəstəyi keyfiyyətcə yox, kəmiyyətcə birinci plana çıxarılır, işğal müddətində və Vətən müharibəsində lal, kar, kor olmuş İran isə önə sürülür.
Cənab şeyx, Türkiyə dövlət və xalq olaraq bütün resursları ilə Vətən müharibəsində Azərbaycana dəstək nümayiş etdirib, mənəvi gücünü əsirgəməyib. Sual edirik: İran nə edib? Yalnız Qələbədən sonra bir-iki diplomatik bəyanatlar səsləndirib, özü də vəziyyətlə məcburi şəkildə barışmağın zəruri olduğunu dərk etdikdən sonra! Hə bir də İrandakı azərbaycanlılar, soydaşlarımız bizə dəstək idilər, lakin İranın teokratik rejimi bunu da boğmaq istəyirdi.

Cənab şeyx, ikinci bir sual: Niyə siz siyasi motivli bəyanat səsləndirirsiniz, axı, din siyasətdən ayrıdır, ya da siz hesab edirsinizsə ki, dini idarə dövlətin siyasətinə xidmət etməlidir, o zaman niyə Türkiyə-Azərbaycan münasibətlərini gözardı edib “söz xəzinənizi” İranın xeyrinə xərcləyirsiniz? Vallah suallar çoxdur, heç bilmirik, onları necə təsnifatlandıraq.

Bir də, cənab şeyx Xameneyi o fikri çoxdan səsləndirib, hərçənd İslam adı altında gizlənib, Ermənistanın xətrinə dəyməmək üçün “Qarabağ Azərbaycan torpağıdır” demək əvəzinə “İslam torpağıdır” deyib. Vətən müharibəsində Azərbaycanın mülki əhalisi, Gəncə şəhəri, Bərdə rayonu raket atəşlərinə tutulanda, dağıntılar altında qalanlar, şəhid olanlar İranın yadına düşmədi, Tehran Azərbaycan xalqına və dövlətinə dəstəyini əsirgədi!

Bir sözlə, Tehran lal, kar, kor olmuşdu indi isə siz onun dilini, qulağını və gözünü açırsınız və Tehranın “ədalətli” mövqeyi haqqında illüziya yaratmağa çalışırsınız. İşğal müddətində Tehran Ermənistanın məscidləri, dini abidələri dağıtmasına, onlara qarşı vandallıq nümayiş etdirməsinə də əcaib səssizlik nümayiş etdirib.

Sizə ən yaxşı cavabı Türkiyə Prezidentinin baş məsləhətçisi M.Mücahit Küçükyılmaz verib və bir cümləlik açıqlaması, hansı dövlətin kimin tərəfində olmasını ortaya qoyur: “Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.

Bir də, cənab şeyx, cəmiyyətdə sizin haqqınızda bir sosial sifariş də var və bunu sual şəklində səsləndirirlər: Siz nə zamana qədər QMİ sədri postunda əyləşəcəksiniz?

Bilirəm, QMİ-dən bununla bağlı açıqlama istəsək, QMİ Nizamnaməsini, qurultay çağırılması məsələsini – bir sözlə prosedurla bağlı bir sıra bəndləri sadalayacaq. Ancaq Nizamnamədə QMİ sədrinin növbədənkənar qurultay çağırmaq hüququ da təsbit olunub, məncə gec deyil, siz istefaya getmək üçün bu növbədənkənar qurultayı çağırsanız yaxşı olar.

Şeyxüilslam müsahibə də verib, ona qarşı səslənən fikirlərin yanlış olduğunu deyib və mətbuatı fikirlərini təhrif etməkdə təqsirləndirib. Müsahibə ümumilikdə bəyanatın əsl məqsədini malalamaq cəhdidir, amma cənab şeyx bunu da ustalıqla edə bilməyib. Şeyxülislam Küçükyılmazın fikirlərinə etiraz edərək, yenidən İranın mövqeyini dilinə gətirib.

Azmış kimi, Küçükyılmazı Türkiyə ilə Azərbaycanın münasibətlərinə kölgə salmaqda ittiham edib. “Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışmışam. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı?”, - deyə şeyx bildirir.

Axı, cənab Paşazadə, İranın Ermənistana silah göndərməsini deməyin Azərbaycan-Türkiyə münasibətlərinə nə aidiyyəti? İkincisi, “sübut var qoy” demək Tehranın mövqeyinin sizin dilinizə daşınması deməkdir.

Anlamırıq e, anlamırıq! Deyəsən artıq danışıq müvazinətiniz itib, ya da ki, bilərəkdən belə edirsiniz. Əslində danışıqlarınızda müvazinətin getməsini çoxdan görmüşdük. “Vicdanın nə olduğunu bilmirəm” deyərkən. Düzdür, yəqin demək istəmisiniz ki, bu, nisbi anlayışdır, lakin ali dn xadimi vicdan anlayışına düz-əməlli bir cavab verə bilmirsə, məncə onun dindən danışmaq üçün mənəvi hüququ da itir.

Hər halda, istefa üçün kifayət qədər əsaslar var!

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri