25 
İyl
2021
21:30
2107
190
21424
Virtual karabakh

Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır

25 İyl, 2021
21:30
21424

Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən Müharibəsində iqtidarlı-müxalifətli, uşaqlı-böyüklü hər bir kəs Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Silahlı Qüvvələrimizin yanında oldu, əsl həmrəylik nümayiş etdirdi. Hər bir kəndin, qəsəbənin, rayonun, şəhərin azad olunması xəbərini bütünlüklə Azərbaycan cəmiyyəti sevinc göz yaşları ilə qarşıladı. 

Bu ölüm-dirim savaşında, azadlıq mübarizəmizdə, eləcə də müharibədən sonra Azərbaycana dost olan ölkələrin dəstəyini hər zaman hiss etdik. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türkiyə rəsmiləri sona qədər "qardaş Azərbaycan xalqının yanındayıq" deyib, bizlərə daim mənəvi dayaq oldular. Təkcə rəsmi şəxslərin deyil, ümumilikdə Türkiyə cəmiyyətinin nəbzi 44 gün ərzində və sonra Azərbaycanla döyündü. Əgər Azərbaycanda şəkili Hikmət baba öz təqaüdünü, şəhid anası Yeganə ana oğlunun sığorta pulunu, bir başqası olub-qalanını həmrəylik və dəstək naminə Ordumuza bağışlayırdısa, Türkiyədə Silahlı Qüvvələrimizə dəstək yürüşü keçirilirdi, məşhurlar fikirlərini bildirməklə kifayətlənmir, çoxsaylı maliyyə yardımları edirdilər. Hətta türkiyəli azyaşlı uşaq qəpik-qəpik yığdığı bir ovuc pulu Azərbaycan əsgərinə bağışladı. Bütün bunlar faktlardır, gözümüzün qarşısında yaşanan tarixdir.

Lakin əfsuslar olsun ki, 44 günlük müharibə dövründə qonşu İran rəsmilərindən belə bir dəstək görmədik. 

Təbii ki, bu gerçəklikləri Azərbaycanda hər kəs, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam titulu daşıyan Hacı Allahşükür Paşazadə də bilir. Amma bunu bilə-bilə əmmaməsindən böyük hərəkət edib İranın ali dini lideri Ayətullah Əli Xamneyini vəsf etməsi, onun buradakı təmsilçisi, mollabaşların “ağa” deyib ətəyindən öpdükləri Ocaq Necatı yanına salıb Şuşaya aparması, onlara xoş gəlsin deyə absurd bəyanatlar səsləndirməsi başadüşülən deyil. Belə ki, bu günlərdə şeyx həzrətləri Xamneyiyə yarınmaq üçün əsl gerçəkliyi təhrif edib, deyib ki, 44 günlük Vətən Müharibəsində bizi qələbəyə guya ali dini liderin fətvası, duaları çatdırıb. Bu qoca mollakrat saç-saqqalının ağaran vaxtında Azərbaycan xalqının həmrəyliyini, əzmini, Ordumuzun rəşadətini, şəhidlərimizin canlarını fəda etməsini, qazilərimizin axıdılan qanlarını görməzdən gəlib qələbəmizi Xamneyinin adına bağlayır. Halbuki İran rəsmiləri yalnız müharibənin sonlarına doğru qımıldanmağa başlayıb Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiklərini bildiriblər. Buna cavab olaraq sosial şəbəkələrdə “İranın duasındansa İsrailin PUA-sı yaxşıdır” devizi altında çoxsaylı paylaşımlar edilib, rəsmi Tehranın qeyri-səmimiliyi ələ salınıb. 

Ocaq Necata gəlincə, heç kimə sirr deyil ki, o, təsadüfi adam sayıla bilməz. Təsadüfi deyil ki, Azərbaycandakı konstitusion quruluşu silah gücü ilə dağıdıb teokratizm üsul-idarəsi qurmaq eşqində olan taleh bağırzadələr vaxtilə ocaq necatilərin əlindən öpüb, onlara “ağa” deyə sitayiş edirdilər. Onların Nardaran kəndində silahlı təxribatlara əl atmaları, qətl törətmələri, din qiyafəsinə bürünərək çıxardıqları oyunlar və aqibətləri hər kəsə bəllidir. Görünür Allahşükür Paşazadə həzrətləri yaxın tariximizdə baş verən bu hadisələri ya unudub, ya da hansısa şəxsi maraqlar naminə bunları görməzdən gəlir. Əgər onun üçün xamneyilərin duaları bu qədər müqəddəs, ocaq necatların  həndəvərində fırlanmaq şərəflidirsə, o zaman Arazın digər tayına keçib onların cərgəsində yer alsın, daha Azərbaycan xalqının adından danışıb sərsəm bəyanatlar verməklə könül bulandırmasın. 

Adam gərək danışanda nə danışdığına fikir versin. Saçı-saqqalı ağarmış, özünü Bütün Qafqazın Şeyxi adlandıran şəxs isə xüsusilə məsuliyyətli olmalıdır. Amma görün, iş hara gəlib çatıb ki, bizim Şeyxin son açıqlamalarına Türkiyə prezidentinin müşaviri səviyyəsində etiraz edilir. Allahşükür Paşazadə isə öz açılamasını deyil, məhz bu açıqlamanın verilməsini Azərbaycan - Türkiyə əlaqələrinə kölgə salmaq kimi qiymətləndirir. Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki...

Ümumiyyətlə, Şeyxin qeyd etdiyimiz biabırçı bəyanatı ilə bağlı tənqidə verdiyi reaksiya başdan-ayağa absurddur. Müsahibəni oxuduqca adama elə gəlir ki, o, hələ də nədən danışdığını, nəyə görə tənqid edildiyini anlamayıb. Yenə də Azərbaycanın şeyxi kimi deyil, İranın müdafiəçisi kimi çıxış edir. Necə deyərlər “üzrü qəbahətindən betər”. 

Bu yerdə nədənsə Allahşükür Paşazadənin illər öncə verdiyi bir açılama yada  düşür. O vaxt Şeyx demişdi ki, “33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını indiyə qədər mən özüm üçün ayırd edə bilmirəm”.

Allahşükür Paşazadənin bu kəmsavad açıqlamaları, sonradan özünə haqq qazandırmaq məqsədilə verdiyi müsahibə  bir daha onun yerində olmadığını göstərir. Əgər adam bu yaşında nə danışdığını bilmirsə, ağzından çıxan sözə cavabdehlik daşımaq iqtidarında deyilsə, demək, artıq tutduğu məqama da layiq deyil. Şeyx həzrətlərinin hər dəfə özünü bu cür biabır etməyindənsə, getməsi daha yaxşı olardı...

Rufik İsmayılov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri