Avq
2021
14:30
23
120
6536
Virtual karabakh

AQTA rəsmisindən XƏBƏRDARLIQ: Bitkiçilik məhsullarının ixracı ilə bağlı təhlükə yaxınlaşır - MÜSAHİBƏ

4 Avq, 2021
14:30
6536

AQTA rəsmisindən XƏBƏRDARLIQ: Bitkiçilik məhsullarının ixracı ilə bağlı təhlükə yaxınlaşır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaik virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu, habelə kartof məhsulunun qonur çürümə bakteriyası yayılıb.

Bu virusların və bakteriyaların ölkəmiz üçün olan təhlükəsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov Oxu.Az-ın sualların cavablandırıb.

- Rusiya tərəfindən idxal olunan bəzi bitkiçilik məhsullarında aşkarlanan viruslarla və bakteriyalarla bağlı xəbərdarlıq edilib. Bu bildirişlər barədə ətraflı məlumat verərdiniz.

- Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bir sıra pomidor yük partiyalarında pepino mozaik və qonur qırışıqlıq viruslarının aşkarlanması ilə bağlı Agentliyə bildirişlər daxil olub. Bu, dünyada yeni yayılan viruslardır və təsərrüfatda istifadə olunan toxumlardan, alətlərdən, şitillərdən, geyimlərdən yayılması mümkündür. Yoluxmuş bitkiləri isə virusdan azad etmək mümkün olmur.

Bunlar kənd təsərrüfatı məhsullarına çox ciddi ziyan vurmaq potensialına malikdir. Rusiya 2020 və 2021-ci ildə məhz bu virusların aşkarlanması səbəbi ilə Türkiyə, Qazaxıstan, Ermənistan və Özbəkistana, xüsusilə pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib. 

Eyni zamanda, Rusiya Federasiyasına ixrac olunan kartofun 2 yük partiyasında qonur çürümə bakteriyasının aşkarlanması ilə bağlı bildirişlər daxil olub. Məlumat üçün bildirim ki, Rusiya Federasiyası bundan əvvəl kartof məhsulunda qonur çürümə bakteriyası ilə bağlı Misirə və Çinə qadağalar tətbiq edib. 

Həmin təsərrüfatda olan şitillər, məhsullar məhv edilməlidir. Xüsusi ilə kartof məhsulunda həmin zərərverici aşkarlandıqda nəyinki o kartof partiyası məhv edilir, eyni zamanda, həmin torpaq sahəsində yaxın 5 il ərzində kartofun əkilməsi mümkün deyil. Çünki bakteriyanın xüsusiyyəti ondan ibarətdir ki, o torpağa düşdükdə orada arta bilir və növbəti əkinlərdə məhsula da keçə bilir.

- Təhlükədən danışdınız. Bu o deməkdir ki, bizim təsərrüfatları ciddi risk gözləyir? 

- Bəli. Sahibkarlar bu məsələyə ciddi yanaşmalı, qaydalara ciddi riayət etməlidirlər. Əks halda pomidor məhsullarında virusun, kartof məhsullarında isə bakteriyaların yayılması halında məhdudiyyətlərlə üzləşə bilərik.

Bu isə kənd təsərrüfatı məhsullarının inkişafına, ixracına ciddi təhdid yaradır. Sahibkarlar ölkəyə gətirəcəkləri əkin-səpin materiallarını virus və bakteriyaya görə laboratoriya müayinəsinə cəlb etməlidir. AQTA artıq bununla bağlı ixracatçı ölkələrə idxal tələbi qoyub ki, həmin toxumların virus və bakteriyadan azad olunmasına dair laborator müayinələr olmalıdır. 

Gələn toxumlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən müayinə edilməlidir. Xaricdən gətirərək birbaşa əkilməsi qətiyyən yolverilməzdir. Əgər gələn bildirişlərin araşdırılması zamanı hansısa təsərrüfatda qanunsuz, müayinələrə cəlb edilməyən əkin-səpin materiallarının istifadə edilməsi səbəbindən bu virusun yayılması təsdiqini taparsa, həmin təsərrüfat haqqında çox ciddi tədbirlər görüləcək. Bu o deməkdir ki, onlar qoyulmuş tələblərə riayət etmədən öz əkinlərini həyata keçiriblər. 

- Azərbaycanda əksər sahibkarlar sadəcə məhsul əkib, bol məhsul götürməyi planlayırlar. Amma fitosanitar tələblərin yerinə yetirməsinə diqqət edilmir. Sahibkarlar hansı qaydalara əməl etməlidir?

- Artıq sahibkarlarda və fermerlərdə yeni fəaliyyət vərdişləri formalaşmasının zamanıdır. Sadəcə yaxşı məhsul götürüm prinsipi ilə məhsul əkib becərməklə həmin məhsulları ixrac etmək mümkün olmayacaq.

Əkdikləri məhsulların təhlükəsizlik göstəriciləri, bitki mühafizə təbdirləri beynəlxalq standartlara uyğun olmalı və bundan sonra ixracını həyata keçirməlidir. Əvvəllər sahibkarlar zərərvericilərlə mübarizə üçün bitki mühafizə tədbirlərinin görülməsini nə öz fəaliyyət planlarında, nə də xərc strukturlarında nəzərə almayıblar və məhsulun rentabellik marjası məhz bu xərclər olmadan formalaşıb.

İndi isə dünyada beynəlxalq ticarət qaydaları daha da sərtləşir və idxalçı ölkələr məhsullarının qida təhlükəsizliyi və fitosanitar tələblərə uyğun olmasını tələb edirlər. Bu isə sahibkarlara öz biznes strategiyalarına yenidən baxmaq və yeni yanaşma tətbiq etməyi tələb edir.

Belə ki, ixrac potensiallı məhsul əldə etmək üçün ilk növbədə sahibkarların malik olduğu infrastruktur, insan resursları və maliyyə imkanları həmin məhsulların qida təhlükəsizliyi və fitosanitar tələblərə uyğun istehsal etməyə imkan verməli və bu məsələlərin əhəmiyyəti qəbul edilməlidir.

Hazırda yeni təsərrüfatçılıq vərdişlərinin formalaşdırmaq dövrünü yaşayırıq. Bu çətin, ağrılı olacaq, hətta bəzi sahibkarların bu xərclərin fonunda rəqabətədavamlı ola bilməyəcəkdir. 

- Dediniz ki, virus olan torpaqdan beş il ərzində məhsul götürülməsi mümkün deyil. Virus və bakteriyaların qarşısı alınmasa, bunun təhlükəsinin geniş miqyası nə zaman özünü göstərə bilər?

- Əsas məsələ qabaqlayıcı tədbirlərin görülməsindədir. Bu virus bu günə kimi Azərbaycanda aşkarlanmayıb, yalnız İspaniyadan toxum idxal edildikdə Agentlik tərəfindən qonur qırışıqlıq virusları aşkarlandı. Həmin toxum partiyası məhv edildi və İspaniya Krallığına bildiriş göndərdi. Onlar faktı təsdiq etdi. Odur ki, şansımız var ki, virusun geniş yayılmasının qarsısını alaq, bir halda ki, bütün dövlət qurumları və sahibkarlar bu məsələdə birgə səfərbərlik edib müvafiq tədbirləri görsünlər. 

Sualınıza cavab olaraq bildirim ki, pomidorla bağlı təhlükə bizi payızda gözləyə bilər. Eyni zamanda, son dövrlərdə Rusiyadan gələn bildirişlərin sayının artması və qonşu ölkələrdə bunun yayılması təhlükənin yaxınlaşdığının siqnalını verir. Bilirsiniz ki, payızda istixanalarda pomidor məhsulu əkilir. Ona görə həmin vaxt virusla bağlı tələblərə təsərrüfatlar çox ciddi riayət etməlidir.

Bəzən sahibkarlar səfərə gedirlər. Onların əl çantalarında heç bir rəsmiləşmədən keçmədən bir kiloqram toxumun gətirməsi böyük bir təsərrüfat sahəsini məhv etməyə kifayət edir. AQTA-nın bu cür gətirilən məhsullara nəzarət etmə mexanizmi yoxdur. Bu gün də xeyli həcmdə bu cür toxumlar gətirilir. Sahibkarlara çağırış edirik ki, bu cür hallar yol vermək olmaz. Bu kimi hallar aşkarlanarsa, hüquq-mühafizə orqanlarına məlumatlar göndəriləcək. 

- Bitki mənşəli virusların qarşısının alınması ilə bağlı AQTA hansı tədbirləri görür?

- Agentlik tərəfindən mart ayından etibarən təsərrüfatlarda dövrü olaraq monitorinqlər keçirilir. AQTA yaranmadan əvvəl bu viruslara görə ölkəmizdə müayinələri etmək mümkün olmurdu, hazırda isə AQTA-nın labortaoriyalarında beynəlxalq standatlara uyğun bu müayinələrin keçirilməsi mümkündür. Biz virusların müayinəsi üçün də Türkiyə Cümhuriyyətindən laboratoriyalarımıza 7 mütəxəssis cəlb etmişik. 

Eyni zamanda, ölkəyə gətirilən, gömrük rəsmiləşdirilməsindən keçən toxumlar və digər əkin-səpin materialları bir neçə aydır viruslara görə müayinə edilir və əvvəldə qeyd etdiyim İspaniya Krallığından gətirilən toxumda virusun aşkarlanaraq məhv edilməsi məhz bu tədbirlər çərçivəsində baş verib.

Bununla yanaşı bütün təsərrüfatlara öz sahələrində yeni əkin qabağı dezinfeksiya tədbirlərinin görülməsi, təsərrüfatlarda izolyasiya qaydalarına riayət edilməsi ilə bağlı rəsmi müraciət edilmiş və AQTA müfəttişləri tərəfindən yerində bu işlərə nəzarət həyata keçirilir.

Bütün bunlarla yanaşı genişmiqyaslı monitorinqlərə ehtiyac var. Bilirsiz ki, təkcə pomidor üzrə minlərlə təsərrüfatlar mövcuddur və bütün təsərrüfatlarda AQTA-nın insan və maliyyə resursları hesabına monitorinqlər etmək mümkün deyil. Bu məqsədlə milli monitorinq planı hazırlanmaqla aidiyyəti dövlət orqanlarının iştirakı ilə genişmiqyaslı monitorinqlər həyata keçirilməlidir ki, bu istiqamətdə müvafiq tədbirlər görülür.

- Bir çox ölkələrdə yayılmış bitki mənşəli virusların iqtisadi zərəri barədə məlumat varmı? 

- Pepino mozaik virusu və qonur qırışıqlıq virusu təsərrüfatı 80, bəzən isə 100 faiz məhv etməyə gətirib çıxara bilir. Elə ölkə var ki, bu viruslar təsərrüfatlarda 500 milyon dollar civarında məhsulun məhvinə səbəb olub. Bu virus və bakteriya məhsulun içərisində olduğuna görə fumiqasiya tədbirləri ilə məhsulları sağlamlaşdırmaq olmur.

Yəni zərər olduqca böyükdür. Bu, bir regionun təsərrüfatını qismən və ya tam məhv edə biləcək potensiala malikdir. Belə halda ölkənin təkcə ixrac potensialı üçün risk yaranmır, eyni zamanda, daxili ərzaq təhlükəsizliyi üçün də təhdid yaranır.

- Azərbaycandan xarici ölkələrə ixrac olunan bitkiçilik məhsullarında hansı xəstəlik və zərərvericilər ola bilər?

- Aparılan müayinələr onu göstərir ki, Azərbaycanda tuta absaluta (pomidor minalayıcı güvəsi) mövcuddur. Bir sıra təsərrüfatların fəaliyyəti buna görə məhdudlaşdırılıb. Bu virus 2010-cu ildən Azərbaycanda yayılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının məhdud dairələr yayılmış zərərvericilərin siyahısı var. Oradakı zərərvericilər Azərbaycanda mövcuddur. 

- Məlumat getmişdi ki, Rusiya Federasiyasında idxal olunan məhsullarda pestisid, aqrokimyəvi maddə və ağır metalların qalıqları ilə bağlı yeni qanunvericilik aktı qəbul edilib. Bu haqda nə deyə bilərsiniz?

 - Rusiyadan idxal olunan meyvə və tərəvəzin tərkibində olan pestisid, aqrokimyəvi maddələr və ağır metalların qalıq miqdarları ilə bağlı yeni qanunvericilik aktı qəbul edilib. Həmin qanunvericilik aktına görə, Rusiya ixrac olunan meyvə və tərəvəz ixrac olunarkən onun tərkibindəki məhsulların qalıq miqdarları Rusiya Federasiyasında qüvvədə olan normalar uyğun olmalıdır.

O normalar həddində olmadıqda məhsulun ixracı mümkün olmayacaq. Bizim sahibkarlar bunun da mahiyyətini və əhəmiyyətini düzgün anlamalıdır. Təsərrüfatlarında Azərbaycan Respublikasında qeydiyyatda olmayan, qanunsuz idxal olunan və saxta pestisiddən istifadə etməklə hər hansı meyvə və tərəvəzin istehsalını həyata keçirsələr sonda həmin məhsulda maddələrin qalıq miqdarı yaranacaq və bu zaman məhsulun ixracı mümkün olmayacaq. Bu istiqamətdə geniş miqyaslı təbliğat tədbirləri həyata keçirilməlidir. 

- Azərbaycandan Rusiyaya göndərilməsi üçün indiyə kimi nə qədər pomidor təsərrüfatına icazə alınıb?

- 187 pomidor təsərrüfatına icazə alınıb. Onun ixrac potensialı 330 min tondur. Azərbaycanın Rusiyaya ən rekord ixracı 2020-ci ildə 180 min ton olub. Bundan təxminən 330 min ton pomidorun bu ölkəyə ixracına icazə alınıb. Burada hansısa bir problem yoxdur. 

- Bəzən iddia edilir ki, fitosanitar sertifikatın verilməsi ləngiyir. Bunun səbəbi nədir?

- Azərbaycandan əvvəl gedən yük partiyaları sadəcə zərərvericiyə görə müəyyən edilirdi. Bu zəzərvericilərin müayinə müddəti 6-12 saata kimi çəkirdi. Bu halda fitosanitar sertifikatı daha sürətli verə bilirdik. Rusiyanın yeni tələblərindən irəli gələn pestisid qalıqlarının miqdarının müayinələri ortalama 24 saat, viruslara üçün müayinə isə ən yaxşı halda 2 gün vaxt aparır. Sahibkarlar bunu nəzərə almalıdır. Yəni mal partiyasını yükləyib, sonradan məhsulların sertifikatlaşdırılması üçün müraciət edilməməlidir.

İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri