10 
Avq
2021
10:36
196
24
6230
Virtual karabakh

Olimpiada qalibi: “Təhsildə ən böyük problem tədris proqramlarının günümüzlə ayaqlaşmamasıdır” - MÜSAHİBƏ

10 Avq, 2021
10:36
6230

Olimpiada qalibi: “Təhsildə ən böyük problem tədris proqramlarının günümüzlə ayaqlaşmamasıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı gənclərin təhsil sahəsində qazandığı uğurlar hər kəsi sevindirir. Təhsil sahəsindəki nailiyyətləri ilə vətənimizi xarici ölkələrdə təmsil edən istedadlı gənclərdən biri də bu gün sizinlə tanış edəcəyim 18 yaşlı Mətin Muradlıdır.

Muradlı Mətin Mahal oğlu 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Elə birinci sinifdən “Birincilərin birincisi” adına layiq görülən Mətin dərslərinə qarşı məsuliyyətli yanaşıb.

Səkkizinci sinifdə oxuyarkən fənn müsabiqəsində topladığı nəticəyə görə aşağı yaş qrupu üzrə olimpiadaya hazırlıq dərslərində iştirak hüququ qazanıb. Dərslərlə yanaşı beynəlxalq olimpiadaya hazırlaşan M.Muradlı ötən tədris ilində biologiya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal alıb.

Dörd nəfərdən ibarət komanda ilə İran İslam Respublikasında təcrübə keçən gənclər burada öyrəndikləri bilik və bacarıqlarla özlərini daha da təkmilləşdiriblər. Təhsil Nazirliyi tərəfindən gənclər bir neçə dəfə xarici ölkələrə təlimə göndəriliblər.

Oxu.Az-ın əməkdaşı iki dəfə “IBO Challenge” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edərək qalib olan 18 yaşlı istedadlı gənc Mətin Muradlı ilə həmsöhbət olub.

- Artıq bir deyil, iki dəfə Beynəlxalq Biologiya Olimpiadasının qalibi olursunuz. Bu fənnə olan marağınızdan danışın.

- Əslində mənim bu fənnə marağım olmayıb. Sadəcə olaraq, bütün fənləri yaxşı oxumuşam. Valideynlərimin hər ikisi kimyaçıdır. Hətta onlar da mənim kimyaçı olmağımı üçün israr edirdilər. Təhsilə olan marağım onlar sayəsindədir. Hər zaman deyirdim ki, kosmonavt olacağam (gülür). Lakin məktəbdə biologiya müəllimim mənim bu sahəni digər şagirdlərlə müqayisədə daha tez mənimsədiyimi deyirdi. İki il məni bu sahəyə yönləndirmək üçün əlindən gələni etdi. 2017-2018-ci tədris ilində (8-ci sinifdə) biologiya müəllimim dedi ki, səni bir imtahana göndərəcəyəm. Əgər yaxşı nəticə toplamasan, daha səni biologiya sahəsinə cəlb etmək üçün heç bir cəhd etməyəcəyəm. Bu, əslində mənim üçün də bir şans idi. Nəhayət təzyiqlər bitəcəkdi (gülür). Həmin il digər komandalarla müqayisədə praktiki cəhətdən təcrübəsiz olsaq da, uğurlu nəticə əldə etdik.

- Olimpiada zamanı müəllimlərə ünsiyyətinizə icazə verilirdi?

- Xeyr, qətiyyən. Biz hava limanına endikdən sonra müəllimlərimizlə əlaqəmiz tamamilə kəsildi. Qeydiyyatdan keçmə sıralarına uyğun bizə xüsusi nömrələr verildi. Mən şagird nömrələrinə görə 1 nömrəli şagird idim. Daha sonra biokimya, molekulyar biologiya, heyvan və bitki, bioinformatik neorobiologiya imtahanlarından keçdik. Həmin il bizim ölkə olaraq bioinformatika imtahanından qazandığımız nəticələrimiz dünyada ilk onluğa düşdü.

- Bildiyim qədər ilə 2020-ci ildə yenidən bu olimpiadada iştirak hüququ qazandınız.

- Bəli, bu dəfə artıq daha təcrübəli idik. Bütün seçim imtahanlarına qatıldıq, seçildik. Lakin mart ayında pandemiya başladı. Olimpiadaya ev sahibi edən ölkə Yaponiya idi və pandemiya ilə əlaqədar ölkə bildirdi ki, əgər Tokio-2020 Olimpiadası keçirilsə, biz də keçirəcəyik. Təəssüf ki, 2020-ci ildə Olimpiada keçirilmədi.

Biz çox üzüldük. Olimpiadanın olub-olmayacağına dair dəqiq məlumatımız olmadan bu qədər hazırlaşdıq. Əlavə olaraq, ali məktəbə hazırlaşmaq zamanı gəlir. Zamanımızı doğru istifadə etmək lazımdı. Mən Koreyada biotexnologiya üzrə ali məktəbə imtahan verdim və tam təqaüdlə qəbul olundum. Buna çox sevinirəm, çünki Olimpiadanın təxirə salınması bir qədər bizi həvəsdən salırdı. Bu mənə ikinci dəfə təkan oldu.

- Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirdiniz?

- Biz komandada dörd nəfər idik. Yalnız üçümüz hər iki olimpiadada iştirak etmişik, bir nəfər yoldaşımız isə yenidir. Olimpiadaya hazırlıq zamanı birlikdə çalışmağa xüsusi diqqət edirdik. Çünki rəqabət olanda daha yaxşı nəticələr olur. Telefonlardan maksimum uzaq olmağa çalışırdıq. Təbii ki, biz də əylənirdik, istirahət edirdik. Robot kimi oxumurduq. Amma çalışırdıq ki, hər mövzunu dərindən öyrənək və nəzəriyyədən öyrəndiklərimizi yaddaşımızda 3D formatında yarada bilək.

- 3D formatında? Bu sizin hazırlıq zamanı xüsusi texnikanızdır, yoxsa necə?

- Bizim müəllim hər zaman deyirdi ki, öyrənmək şərt deyil. Öyrəndiklərinizi necə və harada tətbiq etməyi bilib, nəticə əldə edə bilmək önəmlidir. Biz ideya istehsal etməyə çalışırdıq. Mövzunu öyrəndikdən sonra onun tətbiqini də bilmək lazımdır. Yalnız bundan sonra mövzunu tam şəkildə mənimsəmiş oluruq. Eyni zamanda onu deyim ki, dünyada olimpiadaya cəmi 2 dəfə qatılmaq şansı olur. Lakin istisna kimi bir mən, bir də polyak bir olimpiadaçı var ki, artıq üç dəfə qatılmış oluruq.

Düşünürəm ki, elə bu texnikanın sayəsində mən ilk olimpiadada, 2019-cu ildə ən gənc iştirakçı nominasiyaya layiq görüldüm. 2020-ci ildə, 24 ildən sonra Azərbaycana ilk qızıl medalı mən gətirdim. Ölkə olaraq olimpiadada dünyada ilk beşliyə çıxdıq. 2021-ci il də daxil olmaqla Azərbaycanda keçirilən biologiya olimpiadalarında iki dəfə ard-arda birinci yerə çıxan ilk şagird mənəm.

-Bu uğurlarınızla bağlı Təhsil Nazirliyi tərəfindən sizə dəstək gəldimi?

-Nazir Emin Əmrullayev bizim fotomuzu şəxsi səhifəsində paylaşaraq təbrik etdi. Qazandığım uğurlara görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı və millət vəkilimiz təbrik etdi. Yalnız bu qədər. Diqqət göstərdiklərinə görə, təşəkkür edirəm.

- Gələcəyə dair planlarınız nədir?

- Mən əslində Amerikada təhsil almaq istəyirdim. Orada bir neçə universitetə sənəd göndərmişdim, lakin birindən müsbət cavab gəldi. Orada da tam təqaüd olmadığı üçün istəmədim. Orada müraciət üçün çox az yer ayrılır. Belə ki, 150 yerə 500 nəfər sənəd verir və təbii olaraq seçim çətinləşir. Odur ki, Koreyada Qabaqcıl Texnologiyalar Universiteti mənə daha əlverişli gəldi və sənədlərimi ora verdim. Həm tam təqaüd verirdi, həm də ilk 50-likdə olan universitetlərdən biridir.

- Olimpiadada fikir mübadiləsi apardığınız qruplar çox olub. Müxtəlif ölkələrin təmsilçiləri və təhsil sistemlərinin mübarizəsində bəyəndiyiniz hansı sistem var ki, onun ölkəmizdə tətbiqini istərdiniz?

- Düşünürəm ki, bizim təhsil sistemində ən böyük problem tədris proqramlarının günümüzlə ayaqlaşmamasıdır. Hazırda təhsil sistemində şagirdlərin analitik, yaradıcı düşünməsinə şərait yaradılmır. Dünyada təhsil bunun üzərində gedir. Bizim təhsil sistemində, imtahan sistemində şagirdlərdən düşünmə tələb edilmir. Qəbul imtahanlarında salınan sualların günümüzdə fərdi inkişaf zamanı və ya seçdiyimiz ixtisas üzrə tətbiqinə ehtiyac olmur. Biz köhnə sistemlə hərəkət etdiyimiz üçün hər il olimpiadaya hazırlıq zamanı üç ay vaxt itiririk. Çünki tədris prosesində keçirilən biologiya tam fərqlidir, olimpiada üçün hazırlaşma prosesi tam fərqlidir. İstərdim ki, təhsil sistemimizdə ciddi və müsbət dəyişikliklər olsun.

İstərdim ki, biz ilk növbədə öz üzərimizdə işləyək ki, ölkəmizdə çalışdığımız istənilən sahədə yenilikləri tətbiq edə bilək. Ölkənin inkişafı vətəndaşlardan asılıdır.

- Gələcəkdə Koreyada təhsilinizi bitirdikdən sonra ölkəyə qayıtmağı düşünürsünüz ?

Mən ölkəmə qayıtsam da, qayıtmasam da Azərbaycan üçün əlimdən gələni etməyə çalışacağam. Ən azından xaricdə bu sahədə fəaliyyət göstərsəm, gələcəkdə Koreyada təhsil almağa gələn soydaşlarım üçün əlimdən gələn şəraiti yaradaram. Eyni zamanda, harada olmağımdan asılı olmayaraq Azərbaycanı layiqincə təmsil edəcəyəm.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri