15 
Sen
2021
09:52
76
47
3576
Virtual karabakh

Yol polisindən mikroavtobus sürücülərinə XƏBƏRDARLIQ

15 Sen, 2021
09:52
3576

Yol polisindən mikroavtobus sürücülərinə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddəti uzadılıb, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar. 

Belə ki, həftə içi bir gün ərzində, əsasən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1 500-dən çox belə daşıma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər.

Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır.

Odur ki, qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir, bununla yanaşı əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhvə verəcəklərinə inanır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri