17 
Sen
2021
17:16
60
144
3319
Virtual karabakh

Dörd il oxuyur, ancaq “heç nə” olurlar...

17 Sen, 2021
17:16
3319

Dörd il oxuyur, ancaq “heç nə” olurlar...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Keçən yazımda ABŞ Əmək Nazirliyinin apardığı bir araşdırma haqqında yazmışdım. Həmin araşdırmaya görə  hazırda universitetdə oxuyanların 65 faizi 40 yaşına çatdıqda, yəni təxminən 20 il sonra hazırda mövcud olmayan, indi heç kəsin adını da bilmədiyi peşələrdə çalışacaq. Bəs onlar bu prosesə necə hazırlaşırlar? 

Avropada və ABŞ-da hazırda icra olunan bir akademik proqram haqqında yazmaq istərdim. Proqram “Liberal Arts& Sciences” adlanır. Bu proqram Harvard kolleci də daxil olmaqla bir çox kolleclərdə tədris edilir.

(Kollec iki ya da dörd illik ali təhsil verən bir qurumdur. Universitetlərdən fərqli olaraq kolleclərdə magistratura və doktorantura olmur)

Məlumdur ki, universitetlərin hüquq, tibb, fizika kimi fakültələri var. Və bu fakültələri bitirənlər də bu peşə üzrə ali təhsil diplomu alır. Ancaq “Liberal Arts& Sciences” heç bir ixtisas üzrə diplom vermir. Harvardın məzuniyyət mərasimində rektor misal üçün Tibb fakültəsinin məzunlarını salamlayaraq deyir: “Sizi həkim elan edirəm”. Ancaq növbə “Liberal Arts& Sciences”a çatdıqda belə danışır: “Sizi, maariflənmiş qadınları və kişiləri salamlayıram”. 

Bəs bu zəhmətkeşlər universitetdə və ya kollecdə nə öyrənirlər? Digər ixtisaslardan fərqli olaraq onların hazır dərs proqramı yoxdur. “Akademik yazı” və “Elmi tədqiqat metodları” dərslərindən başqa bütün digər fənnləri seçməkdə sərbəstdirlər. Məzun olmaq üçün lazım olan krediti toplamaq üçün yetərli sayda dərs seçən tələbələrə tam azadlıq verilir. Misal üçün, “Qədim Çin fəlsəfəsi” dərsi ilə “Kvant fizikası”nı, ya da “Hüceyrə biologiyası” ilə “Roma hüququ” fənnlərini seçə bilərsiz. Təhsil müəssisələri və ölkələr arasında texniki xarakterli fərqlər olsa da akademik proqramın əsas mahiyyətini bu cür ifadə etmək olar. Bu sistemlə tələbə öz maraqlarına uyğun fənnləri seçməklə heç bir ixtisas proqramına tabe olmur və öz dünyagörüşünü, elmi-nəzəri bazasını və əlbəttə gələcəyini formalaşdırmaq üçün çox geniş imkanlar qazanır. 

Bir neçə on illikdir tətbiq olunan proqramın əhəmiyyətini şərtləndirən bir çox cəhətlər vardı. Bir az da bunlardan bəhs etmək istərdim.

1. On səkkiz yaş peşə seçmək üçün heç də ideal bir yaş deyil. Bir çox universitetlərdə aparılan araşdırmalar tələbələrin təhsilin hətta ikinci ilində öz seçimlərindən peşman olduğunu göstərir. Bu mənada “Liberal Arts& Sciences” proqramı tələbələri yanlış seçimlərdən qoruyur və onları öz istəklərini daha rahat şəkildə reallaşdırmaq imkanı verir.

2. İqtisadiyyatın və elmin hüdudsuz inkişafı yeni peşə sahələri yaratmaqla qalmır. Hətta fundamental elm sahələri də sürətlə dəyişir. Belə ki, astrobiologiya, tibb hüququ kimi yeni ixtisaslar yaranır. Və “Liberal Arts& Sciences” proqramı sayəsində siz hər iki ixtisasla bağlı dərsləri alaraq problemi daha geniş spektrdən görmək imkanı qazanırsınız.

3. Proqram yeni olsa da əslində o Antik Yunanıstanın təhsil sistemini xatırladır. Belə ki, o dövrlərdə “Yeddi azad (liberal) sənət” adı altında tələbələrə Qrammatika, Məntiq, Ritorika (İlk üçlük), Hesab, Həndəsə, Musiqi və Astronomiya tədris edilirdi. Bu proqram sayəsində şagirdlərin hərtərəfli biliyə malik olduqları düşünülürdü. Əlbəttə, Antik Dövrdə elmlər çox az inkişaf etdiyi üçün tədris proqramları da indiki qədər irihəcmli və mürəkkəb deyildi. Ancaq indi elmi biliklərin hədsiz dərəcədə çoxaldığı bir zamanda tələbələrin ümumi ideyaların və düşüncə vərdişlərinin əxz etdirilməsi onların gələcək fəaliyyətləri üçün düzgün və dəqiq seçimlər etməsini şərtləndirəcək.

Sözügedən proqramla bağlı ictimai müzakirələr aparılmasına geniş ehtiyac var. Universitetlərimizin diplom verdiyi ixtisaslara nəzər saldıqda isə biz nəinki klassikləşmiş hətta kimlərinsə kəşfi olan ixtisasları görürük. Bələdiyyə idarəetməsindən tutmuş beynəlxalq jurnalistikaya qədər... 

Necə deyirdi, Nəsimi? “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri