16 
Sen
2021
13:52
26
112
1668
Virtual karabakh

Şərqin sekulyarizmə yanaşması siyasi yox, əxlaqidir

16 Sen, 2021
13:52
1668

Şərqin sekulyarizmə yanaşması siyasi yox, əxlaqidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

O gün - müsəlmanın o günü - internetdə avaralananda qarşıma velosipedli bir kişi çıxdı. Kürəyində çanta vardı, çantanın üstünə almanca “Postbote”, yəni “Poçtalyon” yazılmışdı. Diqqətlə baxandan sonra adamı tanıdım. Bu şəxs Əfqanıstanın keçmiş rabitə naziri idi, Almaniyaya köçüb poçtalyon işləyirdi. Fit çala-çala velosipedini sürüb getdi, sanki, demək istəyirdi ki, daha o xarabada baş verənlərin mənə dəxli yoxdur. 

Əfqanıstanda rabitə naziri olan şəxsin Almaniyada poçtalyon işlədiyini göstərən bu təsvirdən, mənə görə, əlüstü üç nəticə çıxarmaq olar; bir, müsəlmanlara nazirlik edən şəxs almanlara ancaq poçtalyonluq edə bilər, iki, müsəlman Şərqində nazir olmaqdansa, Qərbdə poçtalyon olmaq daha zəmanətli həyatdır, üç, Şərqin naziri də Qərb üçün ucuz işçi qüvvəsidir.

Bu üç şərhin izahı isə Kissincerin dediyi “Şərq öz Nyutonunu (yəni rasionallığını) yarada bilmədi” sözlərində daha aydın göstərilib. Biz gerçəkliyin qanunlarını kəşf edə bilmədik, nağıllar aləmində ilişib qaldıq. “Min bir gecə” nağılları ilə min bir qaranlıq ilimiz başladı. Məşhur Borxes isə “Min bir gecə” nağılları haqqında deyirdi ki, bu nağıllar bu gün də yazılır və heç vaxt bitməyəcək. 

Halbuki Qərbə Nyutonu bəxş edən Aristotelin məntiqini avropalılar ilk dəfə müsəlman alimi İbn Rüşdün tərcümələrindən oxumuşdular. 

Bu gün dünyadan az-çox baş çıxaran hər bir müsəlman Qərb həsrəti çəkir, Qərb dəyərlərini bəyənməsə də. Əslində, Şərqdə (söhbət biz müsəlmanların coğrafiyasından gedir) düşüncələrin qarışıqlığı bu məqamda daha aydın görünür: Qərb olar, amma Qərb dəyərləri olmaz! Anlamaq istəmirik ki, buradakı dəyərlərimizi özümüzlə Qərbə aparsaq bir müddətdən sonra Qərbi də qoyub qaçdığımız, imtina etdiyimiz Şərqə bənzəməyə başlayacaq. Və biz yenidən Kolumb kimi “yeni torpaqlar” axtarmalı olacağıq. Həsrətini çəkdiyimiz Qərbi yaradan Qərb dəyərləridir. O dəyərləri mənimsəməklə Kəlheybəri də Parisə, Londona çevirmək olar. Necə ki, daha Uzaq Şərq olan Yaponiya, Sinqapur, Cənubi Koreya bunu etdi. Özləri canlarını götürüb Qərbə qaçmaqdansa, Qərb dəyərlərini öz ölkələrinə gəlişinə əngəl olmadılar, öz milli, dini dəyərlərindən bir az qurban verdilər. 

Gözəllik kimi mədəniyyət də qurban tələb edir. Köhnəni qurban verəcəksən ki, yenisi yaransın. İlan və qabığı kimi. Çünki bizim ənənəvi dəyərlər yeni dünya yaratmaq üçün nəinki işə yaramır, hətta əngəl olur. Tarixin yaxın gələcəyinin “yol xəritəsini” çəkən Hantinqton, Fukuyama kimi intellektuallar qalın-qalın kitablarında izah edirlər ki, islam düşüncəsi dünyəvi-liberal dəyərlərlə ziddiyyət təşkil edir. Hantinqton müsəlman ölkələrində dinlə siyasətin iç-içə girməsini əsas göstərərək, bu gün xristian dünyasında olduğu kimi, nə vaxtsa müsəlmanlarda da siyasi hakimiyyətlə dini hakimiyyətin bir-birindən ayrılacağına inanmır.

Hantinqtona görə, İslam dini təməlində həm də siyasi bir zərurət kimi ortaya çıxıb. İslam inancına mənəvi-ruhani narrativlər toplusundan daha çox, dövlət ideologiyası kimi nəzər yetirilməlidir. Hantinqton demokratiyanın təkcə müsəlman cəmiyyətlərində deyil, eyni zamanda, Hinduist, Konfutsi, Buddist cəmiyyətlərdə də bəri başdan uğursuzluğa məhkum olduğunu iddia edirdi. Bu cəmiyyətlər, xalqlar min illərdir onların mövcudluqlarını təmin edən, gücləndirən inanclarını heç bir Qərb liberalizminə, demokratik dəyərlərinə dəyişməyəcəklər. Bu cür cəmiyyətlərdə demokratiyadan imtina yuxarıların aşkar, aşağıların gizli istəyidir. 

Buradan ürəkağrıdan bir nəticə çıxır: biz sekulyar cəmiyyəti, demokratiyanı öz ölkələrimizdə arzulamırıq, arvadımızın, bacımızın, oğlumuzun Mişelin arvadı, bacısı, oğlu kimi öz istəyinə uyğun yaşamasını istəmirik. Biz onların demokratiyasına, sekulyar cəmiyyətinə şərik, hətta qəmiş olmaq istəyirik. Biz onların sekulyar dəyərlərinin, onların demokratiyalarının turisti, qonağı, aşnası, olmaq istəyirik. Buna görə də Qərbə köçür, amma Qərb dəyərlərinə nifrət edirik. 

Müsəlmanın sekulyarizmə, demokratiyaya yanaşması siyasi deyil, əxlaqidir. Qərb dəyərləri müsəlman ölkələrində siyasi deyil, əxlaqi səddi keçə bilmir. Hətta siyasi səddi aşsa da, gec-tez əxlaqi müqavimətlə qarşılaşır və bu, onun xalq tərəfindən daş-qalaq olunması ilə nəticələnir.  

Demokratik dəyərlərin siyasi deyil, əxlaqi problem yaratdığını, yaxud yaradacağını bir xeyli islam alimi də etiraf edirlər. Pakistanlı məşhur din alimi Mevdudi Qərb demokratiyası ilə İslamın heç bir oxşarlığının olmadığında israrlı mövqe sahibidir. Mevdudiyə görə, İslam dini xalq hakimiyyətini tamamilə inkar edir. Xalq özünə rəhbər seçə bilməz. İslamda idarəçilik Allah və onun seçdiyi xəlifə üzərinə vəzifədir. Mevdudi müsəlman dünyasında olsa-olsa özünün kəşf etdiyi “teodemokratik”, yəni dini-əxlaqi dəyərləri əsas götürən rejimlərin qurula biləcəyini deyir. Yəni Allahın hökmranlığı altında xalqa məhdud hakimiyyət vermək olar, bəzi şəriət hökmlərinin verilməsində xalq nümayəndələrinin iştirak etdiyi kimi. 

Yəni demokratik dəyərlərin, sekulyarizmin düşməni Şərqdə yerdə yox, göydədir. Yerdəkilər, sadəcə, icraçılardır. Görünür, xristianlar məsələni əvvəlcə göydəki ilə yoluna qoydular deyə, bu iş onlarda yerdə də alındı. Problem göydən qaynaqlandığı üçün Yaxın və Orta Şərq xalqları Uzaq Şərqlilər kimi Qərb dəyərlərini öz torpaqlarına dəvət edə bilmirlər. Əvəzində bu torpaqların insanları özləri Qərbə köçməyə məcbur olurlar. Qərbdə isə yel əsib qoz tökülməyib.

Merkelin 2010-cu il noyabr ayındakı çıxışından sitat: “Almaniyada çoxmədəniyyətli cəmiyyət qurmaq cəhdləri tamamilə iflas etdi. Artıq yan-yana yaşadığımıza və bundan məmnun olduğumuza aid heç bir anlayış yoxdur”.

Fransa siyasətində isə bu gün ən dəbdə olan kəlmə “ethnopluralism”dir, yəni etniklərə fərqli azadlıqlar tanımaq. 

Bu da o deməkdir ki, Şərq öz əxlaqi-dini dəyərlərindən qurban vermək istəmədiyi kimi, Qərb də öz sekulyarizmindən, demokratiyasından güzəştə getmək fikrində deyil… 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri