17 
Sen
2021
15:32
40
152
7958
Virtual karabakh

Eyvandan atılan su və bir məktəblinin ölüm-qalım mübarizəsi

17 Sen, 2021
15:32
7958

Eyvandan atılan su və bir məktəblinin ölüm-qalım mübarizəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emilya Tağıyeva yazır...

Hər gün edildiyi üçün adiləşən düşüncəsiz bir hərəkətin bəzən kiminsə həyatını təhlükəyə salacağını heç düşünmüsünüzmü? Məqaləyə bu sualla başlamağımın səbəbi yaxınlarda şahidi olduğum hadisədir.

Yeniyetmə bir oğlan dostları ilə görüşmək üçün evdən çıxdıqdan təqribən 10 dəqiqə sonra suyun içində qayıdıb. Valideynləri təlaşla nə baş verdiyini soruşduqda isə uşağın dili söz tutmayıb, rabitəsiz sözlər kəkələyib, özündən gedib. Bundan sonra təcili yardım çağırmalar, onların gec gəlməyi, valideynin uşağı xəstəxana-xəstəxana gəzdirməyi ilə bağlı təfərrüatlara varmaq istəmirəm. Uzun sözün qısası, nəhayət nevroloji xəstəxanada məktəblinin şok keçirdiyi aydın olub və palataya yerləşdiriblər.

Sonradan məlum olub ki, uşaq dostları ilə görüşə gedəndə hansısa binanın qarşısından keçərkən eyvandan su atıblar və o, başdan ayağa islanıb. Ehtimal ki, isti havada gözlənilmədən buz kimi su ilə islanmaq uşağı bərk qorxudub və o, şok keçirib.

İndi ilk baxışdan ciddi görünməyən hadisənin nəticələrinə baxın: təsəvvür edin, məktəblinin ürəyində və beynində problem yaranıb. Onu açıq ürək əməliyyatı gözləyir. Ancaq buna qədər onun səhhəti bərpa olmalıdır. Bu halda əməliyyatı gözləmək də təhlükəlidir, gözləməmək də.

Bəs gözlərini dikdikləri balası bu hala düşən valideynlər neyləsin? Kimi təqsirləndirsin, kimi məhkəməyə versin, kimin yaxasından yapışsın?

Bəlkə də eyvandan su atanın əməlinin necə bir faciəyə səbəb olduğu barədə xəbəri yoxdur, heç olmayacaq da…

Əslində, gün ərzində çoxumuz belə davranışlarla üzləşirik. Xüsusən, bina evlərində yaşayanlar mütəmadi olaraq oxşar problemlər yaşayırlar. Hər gün avtomobilin üzərində siqaret kötüyü, yemək artıqları, hətta çay dəmi tapmağa Məşədi İbad demiş, bir növ adətkərdə olmuşuq. Məhəllənin içində zibil konteynerlərinin olmasına baxmayaraq, blokların qırağına, liftə qoyulan, məhəccərlərə asılan zibil torbalarını görməyə də alışmışıq…

Problem təkcə bununla bitmir. Küləkli havada Bakımız küləklər şəhərindən “klyoklar” şəhərinə çevrilir.

Bir də baxırsan, xanım-xatın bir qadındır, balaca uşağın əlindən tutub söhbət edə-edə gedir. Ana ondan sadə misallar soruşur, ya ingilis dilindən sual-cavab edir, uşaq da əlindəki bulkadan dişləyə-dişləyə cavab verir. Bulka bitir, ana ədəb-ərkanla çantadan kağız salfet çıxardır, uşağın əlini, ağzını silir, sonra isə… bulkanın büküldüyü kağızı da, çirkli salfeti də yerə atıb gedir.

Bu qadın hələ anlamayıb ki, tərbiyə təlimdən əvvəl gəlir. Birinci uşağa heç olmasa zibil atmaq mədəniyyətini başa salmaq lazımdır, sonra ingilis dilini öyrətmək. Kim mənə inandıra bilər ki, bu xanım eyvandan yemək qalıqlarını, çirkab suyu atan həmin qadın deyil?

Küçədə getdiyi yerdə tüpürənlər, burnunu silənlər isə ayrı dərddir… Bu iyrənclikdən əlavə, həm də gigiyenik cəhətdən düz deyil, koronavirus kimi bəlanın yayıldığı dövrdə isə xüsusilə təhlükəlidir.

Bəs cəmiyyət olaraq bizi belə məsuliyyətsizliyə cəlb edən nədir? Bəlkə gördüyümüz zibilli mənzərələrə alışmaqdır? Yoxsa düşüncəsizlikdir? Səbəblər çox ola bilər. Ancaq dəqiqi budur ki, bu, sivil insana yaraşmayan hərəkətdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri