17 
Sen
2021
16:36
73
197
7291
Virtual karabakh

Belmando üçün VİP çadır qurub, aş-qara verdilər, ya yox?

17 Sen, 2021
16:36
7291

Belmando üçün VİP çadır qurub, aş-qara verdilər, ya yox?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Bir neçə gün əvvəl Belmandonun dəfn mərasimini bütün dünya izlədi.

Onunla eyni dövrü, epoxanı bölüşən daha iki dahi aktyor Alen Delon və Pyer Rişar Jan-Pol ilə vida etməyə gəlmişdi.

Hər iki aktyor çəliklə, qocalığın yaratdığı çətinliklərlə gəlmişdi. Alen Delon kostyumda olsa da, çox möhtəşəm görünürdü. Boynundakı kulonlar onun ciddi geyiminə xüsusi şarm qatırdı.

86 yaşlı Alen özünə məxsus jestlə gün eynəyini çıxarıb insanları salamladı. Və o an düşündüm ki, görəsən o eynəyin qiyməti neçədir? Hər halda metro keçidindən alınan eynək olmaz. Amma yenə də o var-dövlətin qabağında sadə və təmkinli görünürdü.

Qeyd edim ki, Alen Delon 1960-1980-ci illər ərzində dünya çapında ən yaraşıqlı kişi və aktyor kimi tanınıb. Və öz dövrü üçün çox yüksək qonorar alıb.

İndi keçək Pyer Rişara. Allah tərəfi deməliyik ki, bizim yas yerimizə o görünüşdə adam gəlsə, qapının ağzından yola salarıq ki, get əyninə urvatlı paltar geyin gəl. Pyer o qədər sadə, dağınıq və hətta deyərdim ki, səliqəsiz gündə gəlmişdi ki, şəxsən mənim ona yazığım gəldi. Sonra yadıma düşdü ki, ay yesir, bu adamın malı-mülkü 7 nəslinə bəs edər. Pyer Rişarın öz kinostudiyası və şərab zavodu var. 

Pyerin 1986-cı ildən Fransanın cənubunda yerləşən 20 hektarlı üzüm bağı var.

Hər il Fransa və Belçikadakı restoranlara on minlərlə şüşə şərab satır. Şərabın adını yazmıram ki, reklam olar. Yəni az qala vida mərasiminə “bomj” günündə gələn Pyer heç də “bomj” deyil. Amma bu insanların xeyir-şər yerlərinə getmək üçün kompleksləri yoxdur. Əlinə nə keçdi geyinib gedəcək.

Amma bizdə “qastyum-qalstuk”, əgər qışdırsa başda “norka” papaq, bahalı ayaqqabı olmasa elə bil adamı çadıra buraxmayacaqlar. Qadınlar da evdə nə qır-qızıl var, taxacaqlar üzərinə. Əsasən də qolbaq və üzüklər bol olmalıdır. Özündə yoxdursa, qohum-qonşudan da alıb taxa bilərsən.

Hər biri digərinin acığına daha bahalı brenddən geyim geyinib gələcək. Və ölü qalacaq bir tərəfə bunların dedi-qodusu başlayacaq. Arada bir mollabacı “ay badzılar, bir səlavat verin” deyərək bu bacıların üstünə çımxıracaq. Bu bəzəkli xanımlar da üç saniyədən sonra yenə dır-dır, vır-vıra davam edəcək. Elə yerindəcə əgər çadırdırsa, çadırın və menyunun qiyməti müəyyənləşdiriləcək. Deyim ki, heç hesablama palatası bu sürətlə qiymətləndirməni apara bilmir. 

Meyvə və çərəzlərin çeşidi keçən dəfəki yas məclisindəki ilə muqaisə olunaraq, qablaşmada olan dovğa “izjoqa verir”, gərək evdə özləri bişirərdilər kimi narazılıq bildirənlər də olur.

Yox əgər məclis tanınmış məscidlərin mərasim zallarında keşirilirsə, mütləq “keçən dəfə plovu daha yaxşı süzmüşdülər, halva isə yanıb” ifadəsini eşidəcəksən.

Və bu vacib mübahisəni arada “ay bala, mənə isti su gətir” deyən mollabacının səsi kəsəcək.

Bizim yas məclisləri əslində toydan daha maraqlı keçir. Hər kəs rəhmətə gedənin necə öldüyü haqda daha müfəssəl məlumata malik olduğunu ortaya qoyur. Onun şəxsi keyfiyyətlərini sadalayır. Və bir anlıq düşünürsən ki, bunlar “mənim ölümü məndən yaxşı tanıyırlar ki”?

Təbii ki, bu insanlar toyda gəlin-bəy üçün sağlıq deyən tamadadan heç nə ilə fərqlənmir. Sadəcə tamadaya pul verirlər, bunlar isə pulsuz, məclisi canlandırmaq üçün danışır. Baxma da, qonaqlar darıxmasın.

Öz təcrübəmə əsasən deyirəm ki, varlı yas məclislərində heç kim başına-gözünə döymür, üz-göz cırmır. Amma qara camaat üz-göz cırmaq, başını-saçını yolmaqda pərgardır. Özü də məclis bitəndən sonra soruşanda ki, bəs o, özünü ağlamaqdan öldürən kim idi? Məlum olur ki, o adamı heç kim tanımır.

Bizim yas mərasimləri ayrıca biznes sahəsidir. Sən demə VİP çadırların qurulması (kondisioner və ayaqyolu daxil olmaqla), adi çadırların qurulması, məzarüstü gül çələnglərinin hazırlanması, məclisin idarə olunması üçün təhsil almış kişi və qadın mollaların dəvəti, ehsan üçün çay süfrəsi və sifarişlərə uyğun yeməklərin hazırlanması, dəfn üçün avtomobili bir nömrəyə zəng edərək sifariş etmək olur.

Qiymətlər də hər cibə uyğun hesablanır. Təbii ki, bütün bu xidmət kasıb adam üçün deyil.

İnternetdən əldə etdiyim məlumata görə məzar daşlarının qiyməti 300-dən 800 manata qədər dəyişir. Ağ mərmərin qiyməti isə 800-dən 1000 manata qədər. 

Qara mərmər isə daha bahalıdır. Ən ucuzu 1200-1600 manatdır. Məzar daşını düzəldən ustalardan birinin dediyinə inansaq, 35 min manatlıq məzar daşı sifariş verən də olub. Bir evin pulu…

Bundan əlavə son zamanlar məzar daşı üçün yeni dizayn da fikirləşiblər. 3D formatda qoyulması. Elə bilirsən mərhum və ya mərhumə canlı olaraq baxır qara mərmərdən. Açığı adamı qara basar. Nə isə…

Hamımıza bir həqiqət məlumdur ki, ölü yiyələri bir-birinin bəhsinə daha hündür, daha bahalı məzar daşı sifariş edirlər. 

Hamımız bilirik ki, nə bu məzar daşından, nə bahalı VİP çadırlarda verilən ehsanlardan rəhmətə gedənin heç xəbəri də olmur.

Bütün bu mərəkəni biz bir-birimiz üçün edirik. Edirik ki, kimsə “ata-anasına sanballı məclis vermədi” deməsin. Borc alıb beş “cümə axşamı” mərasimi üçün qazan-qazan yeməklər bişiririk. Üç-qırx-il mərasimi üçün xüsusi olaraq hazırlaşırıq.

Amma bu mərasimlərin “ölüyə” biznes kimi baxanlardan başqa heç kimə xeyiri yoxdur. Onlar çadırın içində gətirdikləri çəngəl-bıçağa qədər hər şeyin qiymətini yaxşıca hesablayır, axırda da yaxşı “hesab” verirlər. İl boyu toylara fasilə olsa da, yasa fasilə yoxdur deyib qaz vurub, qazan doldururlar.

Mən isə təklif edərdim ki, hər rəhmətə gedən üçün belə mərəkə qurmaqdansa, həqiqətən də ehtiyacı olan kəslərə yardım edək. Elə yeməkləri evdə bişirib günlərlə, aylarla evində yemək bişməyənlərə paylayaq.

Məncə haqq dünyasına qovuşanların da ruhu şad olar bizim bu əməlimizdən.

Birdən düşündüm ki, görəsən Belmando üçün VİP çadır qurub, aş-qara verdilər, ya yox?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri