20 
Sen
2021
15:50
103
66
12273
Virtual karabakh

Permdəki faciənin Azərbaycana da uzanan qolları

20 Sen, 2021
15:50
12273

Permdəki faciənin Azərbaycana da uzanan qolları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emilya Tağıyeva yazır...

Bu gün Rusiyada böyük bir faciə yaşanıb. Belə ki, Perm şəhərində silahlı gənc oxuduğu Dövlət Milli Tədqiqatlar Universitetinə girərək qarşısına çıxanları güllələyib. İlkin məlumatlara görə, azı səkkiz nəfər ölüb, 30-a yaxın yaralı var. 

Silahlı basqını həyata keçirən Timur Bekmansurov hücumdan əvvəl sosial şəbəkələrdə etiraf dolu paylaşım edib. Məlum olub ki, hələ orta məktəbdə oxuyarkən belə bir düşüncəsi olub, 10-cu sinifdə oxuyarkən fikrini qətiləşdirib və cinayətini həyata keçirmək üçün pul toplamağa başlayıb. Məktub uzun-uzadı onun planlarından və motivindən ibarətdir. Ancaq diqqətimi çəkən məsələ gəncin silahdan istifadə üçün lisenziyaya görə psixoloq yanına getməsi və orada başına gələnlər olub.

Paylaşımdan aydın olur ki, birinci dəfə müraciət etdiyi psixoloq boş yerə gənci get-gələ salıb (ehtimal ki, pul istəyib), sonra isə ödənişli əsaslarla olan başqa bir psixoloqu tövsiyə edib. Həmin həkimin kabineti də elə eyni tibb müəssisəsində, hətta bu həkimlə eyni mərtəbədə olub.
Gənc xəzinəyə ödəniş etdikdən sonra tövsiyə olunan psixoloqun qəbuluna düşüb. Orada bir az sual-cavabdan sonra həkim onun testdən keçməli olduğunu deyib və testləri göstərib, sonra isə uzun proses olduğu üçün bir neçə gün sonra gəlməsini istəyib. Gənc evə qayıtdıqdan sonra internetdən həmin testləri və qiymətləndirmə kriteriyalarını taparaq əzbərləyib. Artıq psixoloq yanına getdikdə isə rahatlıqla testdən keçib: psixoloq ona silahdan istifadəyə əks-göstəriş olmadığı barədə sənədi təqdim edib. 

Gəncin psixoloq “macərası” bu cümlə ilə bitib: “Xəstəxanada olduğum müddətdə insanları müalicə etməli olan şəxslərin özlərinin yardıma ehtiyacı olduğu barədə fikir məni tərk etmirdi…”.

“Dəlidən doğru xəbər” burada deyiblər. “İnsan sərrafı”nın işinə məsuliyyətsiz yanaşması bu gün neçə-neçə evin çırağını söndürdü.

Əlbəttə, Timur Bekmansurov məktubunda hansı yolla olursa-olsun (bombalı maşın, bıçaqlı hücum…) cinayətini həyata keçirməyi planlaşdırdığını yazıb. Amma psixoloq işinə məsuliyyətlə yanaşsaydı, şablondan kənara çıxıb onun davranışlarını analiz etsəydi, potensial təhlükəli cinayətkarla qarşı-qarşıya olduğunu anlayar və müvafiq qurumlara məlumat verə bilərdi. Beləliklə, həmin psixoloqun da əli bu gün Perm qurbanlarının qanına bulaşıb deyə bilərik.

Ümumiyyətlə, psixoloq məsələsinə bu gün MDB ölkələrinin çoxunda, o cümlədən Azərbaycanda əksər hallarda səthi yanaşılır. Bəlkə də bu, Sovetdən bizə miras qalan ənənədir, deyə bilmərəm, ancaq yanlış mirasdır, bundan qurtulmaq lazımdır. Bu gün məktəblərdə psixoloqun adı var, özü isə yoxdur. Halbuki nə qədər qorxulu olsa da, bəlkə balalarımızla hansısa potensial cinayətkar oxuyur, amma xəbərimiz yoxdur? Orta məktəb illəri uşaqların keçid dövrünə düşür. Həmin vaxt uşaqlar hər şeyə üsyan edirlər. Bəziləri bunu büruzə verir, bəziləri içinə atır. Bəs nə etməli? Valideyn övladına hansı tərəfdən yanaşmağın düzgün olduğunu anlamaya bilər, müəllim isə tək bir sinifdə 20-dən çox uşaqla işləyir. Onların hər birinə xüsusi vaxt ayırmağa onun fiziki olaraq gücü çatmaz. Bu sahədə ən ümdə vəzifə məktəb psixoloqlarının üzərinə düşür. Müəllim hansısa şagirdi ona yönəltdikdən sonra mütəxəssis onunla işləməli və valideynini yönəltməlidir. Əgər əl birliyi ilə bu iş görülsə, əminəm ki, nəinki belə qanlı faciələrin, ümumiyyətlə, bütün cinayətlərin, həmçinin intiharların sayı heç olmasa yarıbayarı azala bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri