21 
Sen
2021
12:32
65
20
1307
Virtual karabakh

Səhiyyə Nazirliyi: “Analiz verərkən portala yalnız PZR (PCR) testlərinin nəticələri salınır”

“Koronavirus infeksiyasında seroloji testlər xəstədən götürülmüş qan nümunəsində təyin edilir və xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonrakı yaranmış immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Günümüzdə COVID-19-un təyin üsulları hansılardır?

- Yoluxan şəxslərin vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental (radioloji) müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir.

Ümumiyyətlə koronavirus infeksiyasının diaqnostikasında bir neçə laborator müayinə metodlarından Seroloji testlər (SARS-CoV-2 IgA, SARS-CoV-2 IgM və SARS-CoV-2 IgG), Antigen testləri (SARS-CoV-2) antigen, Molekulyar testlər (SARS-CoV-2 PZR (PCR)) istifadə olunur. 

İnsan hər hansı bir infeksiyaya yoluxduqda orqanizm bu infeksiya ilə mübarizə aparmaq üçün anticisim adlanan müəyyən zülallar sintez etməyə başlayır. Bu anticisimlərin bəziləri şəxsin sağalmasından sonra qanda aylar, illər, hətta ömür boyu qala bilər. Nümunələr laboratoriyada müvafiq reagentlər ilə qanda axtarılan infeksiyaya qarşı yaranan IgM və IgG anticisimlərinin varlığı təyin edilir.

Koronavirus infeksiyasında seroloji testlər xəstədən götürülən qan nümunəsində təyin edilir və xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonra yaranan immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur. Yəni SARS-CoV-2 IgM testinin nəticəsi təkbaşına diaqnozu təsdiqləmək üçün yetərli deyil.

SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülən yaxma nümunəsindən istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 1 saat ərzində hazır olduğuna görə bu testlərə sürətli (ekspress) testlər də deyilir. Təyinetmə qabiliyyətinin, etibarlılığının kifayət qədər yüksək olması və tez nəticə alınması bu testlərin geniş istifadəsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrinə görə də bu testlər ilə alınmış pozitiv nəticənin PZR testi ilə təsdiq olunmasına ehtiyac yoxdur (yalnız pandemiyanın pik dövrlərində). Nümunə növünün PZR metodu ilə oxşar olmasına görə (hər iki müayinə metodu üçün burun-udlaqdan yaxma götürülür) insanlar bu testi PZR ilə qarışıq salır və nəticələrin portala salındığını düşünürlər. Lakin analiz verərkən portala yalnız PZR (PCR) testlərinin nəticələrinin salındığını unutmamalıdırlar.

Molekulyar (PZR) üsullar COVID-19-un diaqnostikasında ən geniş istifadə olunan metodlardır. PZR testi üçün də xəstədən burun-udlaqdan və ya əsnəkdən nümunə götürülərək laboratoriyalara göndərilir. COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PCR yaxmadır.

- Bəzi vətəndaşlar yaxma analizi vermədən komputer tomoqrafiya (KT) müayinəsi ilə kifayətlənərək COVID-19 müalicəsi tələb edirlər. KT müayinəsindəki buzlu şüşə görüntüsü COVID-19-un təyini üçün kifayətdirmi?

- Bildirmək istəyirəm ki, KT müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir. Digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir. Sadəcə günümüzdə pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir. Mikrobioloji olaraq bir virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır.

- COVID-19 müalicəsində hansı qan dəyərləri nəzarətdə saxlanılmalıdır?

- Qan dəyərləri xəstəliyin ağırlığından, gedişatından asılı olaraq dəyişir. Hazırda ÜST-nin tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri