22 
Sen
2021
17:16
497
76
4590
Virtual karabakh

Azərbaycanlı imam İrandan danışdı: “Müsəlman qanı axıdanların sırasında yer alırlar”

“Əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar”.

Oxu.Az xəbər verir ki, “Heydər” məscidinin imamı Rüfət Qarayev “Facebook” səhifəsində İranın son davranışlarına belə münasibət bildirib.

“Vətən anamızdır. Ana Vətənə xidmət etmək isə hər birimizin ən başlıca vəzifəsidir. Ümmətini ana şəfqəti ilə sevən Allahın Rəsulu (salavatullah) belə buyurdu: “Vətəni sevmək imandandır”. Yəni, Allaha və Rəsuluna inanan, “Əhli-beyti” və səhabələri sevib yollarıyla gedən insan Vətənini sevəcəkdir. Sevmək məcburiyyətindədir. Çünki Vətən onun anasıdır. Yenə də Allahın Rəsulu (salavatullah) belə buyurdu: “Cənnət anaların ayaqları altındadır”. Demək ki, Cənnətə gedən yolumuz da bu ana Vətəndən başlayır”, - deyə məscidin imamı bildirib.

İslam peyğəmbərinin və İmam Əlinin nümunəvi davranışlarından bəhs edən R.Qarayev daha sonra qeyd edib:

“Vətən sevgisi ilə bağlı dəlilləri sadalamağa başlasaq, kifayət edəcək qədər dəlillərimiz vardır. Bəs sual olunur, nə üçün biriləri var gücləri ilə çalışırlar ki, Vətən sevgisi ilə bağlı olan hədisi zəif hədis hesab etsinlər. Qurani-Kərimin, “birləşin!”, “Bir olun!”, “Güclü olun!”, “Vəhdət edin!” kimi əmrlərini görməzlikdən gələrək, bizi İslamın həqiqi simasından uzaqlaşdıraraq, özlərinin boyadığı yalançı boyalarla bəzədikləri İslama dəvət edirlər. Fürsət tapdıqları zaman isə öz tülkü simalarını gizlədərək, şir olduqlarını bildirib güc nümayiş etdirirlər. Demək ki, bunlar Həzrət Əli aşiqi olduqlarını belə saxtakarlıqla təqdim edirlər. Əgər belə olmasaydı, Həzrət Əlinin (əleyhissalam) kəlamlarına əməl edər, “Dostun dostundur, dostunun dostudur, düşməninin düşmənidir” kəlamına müxalif addım atmazdılar. 

Hamıya məlumdur ki, erməni faşistləri bizim düşmənlərimizdir. Bu sadə düşmənçilik və ya güzəştə gedib bağışlanacaq düşmənçilik deyil. Bu, qan düşmənçiliyidir. Bu can düşmənçiliyidir. Bu, namus düşmənçiliyidir. Bu, xəyanət düşmənçiliyidir. Amma əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək, müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar. Sizcə yenidən oturub, dərindən düşünməyin zamanı deyilmi?”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri