28 
Sen
2021
14:28
388
56
10411
Virtual karabakh

Yağış suları “Azərsu”nun xətlərinə axmaqdan imtina edir...

28 Sen, 2021
14:28
10411

Yağış suları “Azərsu”nun xətlərinə axmaqdan imtina edir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Qarabağı aldıq, amma Bakını iki çömçə yağan yağışın lehməsindən, tıxacından ala bilmədik. 

Niyə? Çünki biz yeyib-içən xalqıq. Bizim hər işimizdə “yeyinti” olmalıdır. Pul ayrılır, əla. İmitasiya üçün iki-üç yol qazılır, boru-filan yerləşdirilir, deşiyi olan borulara yamaq vurulur, xoş getdin.

Asfaltı da ya düzəldərlər, ya yox. Allah ümidinə. Əvvəllər insanlar günahı Bakının keçmiş meri Hacıbala Abutalıbovda görürdülər. Abutalıbov 2018-dən ildən yoxdur, amma yağış yağan kimi Bakı yenə də iflic olur.

Mən gözümü açandan elə telekanallarda sudan, borudan, kanalizasiya problemindən danışılan süjetlər gedib. Özü də bu süjetlər Bakının hər yerində çəkilib. Həm mərkəzdə, həm də gözdən uzaq yerlərdə. 

Bu şəhərin yağış suları ilə dərdi həll olmur ki, olmur. Yollar qazılır, küçələr sökülür. Şayiə gəzir ki, yeni xətlər çəkilir, sonra məlum olur ki, teatrdan başqa bir şey deyilmiş.

Amma sizə şad xəbərim var, dəyərli vətəndaşlar. Sən demə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi - I” kimi çox sanballı səslənən layihə var imiş.

“Azərsu” ASC-nin saytında yazılıb. Bu layihə çərçivəsində 4 şəhər və rayon mərkəzində davamlı su təchizatı və kanalizasiya xidmətləri təmin olunacaq. Bu məqsədlə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

Amma ki, bunun Bakıya heç bir aidiyyəti yoxdur. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

Yəni ki, Bakıda heç nə olmayacaq. Dünya standartlarına uyğun su təchizatı və kanalizasiya xidməti istəyiriksə, köçək adı çəkilən şəhərlərə. Açığı inanmıram “Azərsu” orada da bir iş görə. 

“Azərsu”nun bacardığı ən gözəl iş arada-bir saytlara press-reliz paylamaqdır. Bu press-relizdə elə şeylər yazılır ki, adam oxuyanda mat qalır. Yəni press-relizi yazan kimdir görəsən? Adam istedaddır. Şəxsən mən o adamı Nobel mükafatına namizəd sürərdim. 

Elə cümlələr, elə sözlər yazır ki, deyirsən, İlahi, görəsən bütün bunlar Bakıda baş verib. 

Heç nə yox, Bakının mərkəzinə iki çömçə yağış yağan kimi kanalizasiya suları adama boy verir. Kanalizasiya xətləri köhnə olduğu üçün yağış və çirkab suları başlayır evlərin zirzəmisinə dolmağa, ya da küçədə ləngər vurmağa. Həyətləri su basır. “Azərsu” da deyir ki, Bakının 5 rayonunda su və kanalizasiya xətləri yenilənib! Yenə xəbəri girib oxuyursan ki, söhbət Xətai, Nərimanov, Yasamal, Xəzər, Sabunçu və Abşeron rayonlarından gedir. Bəs yaxşı necə olur ki, “Azərsu” bir tərəfdən yağış və çirkab suları üçün xətlərin tikintisini aparır, amma yağış yağan kimi su üzə dirənir. Yəqin bu yağış suları düşmən agenti və ya diversiya qrupudur. Onlar qəsdən “Azərsu”nun tikdiyi xətlərdən axmaqdan imtina edir, xalqı dövlət idarəsi ilə üz-üzə qoyurlar. Bunun başqa adı yoxdur. Bu, əsl təxribatdır.

Düşünürəm ki, “Azərsu”nun imkanı olsa bu açıqlamanı verər.

Bunu mütləq qeyd etməliyəm ki, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu var. Və bizə lazım olan bənd də orada yer alıb.

IV fəsil.

Tullantı sularının axıdılması.

Maddə 34. Kanalizasiya müəssisələrinin əsas vəzifələri

1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır:

a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; 

Yəni ki, su bizim dizimizə kimi çıxmalı deyil. 

İkinci vacib məsələ isə odur ki, bu sular zamanla torpağa hopur, torpağın alt qatlarını aşındırır, üst hissədə ağırlıq artan kimi sürüşmə baş verir. Fikir vermisinizsə, son vaxtlar Bakıda sürüşmə zonalarının sayı artıb. 

Zənnimcə, “Azərsu” rəsmilərinin sevdiyi açıqlama budur: “Gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək”. 

Deyirəm Qarabağı da aldıq, di gəl ki, “Azərsu”nun təqvimdə və ya xəyalında tutduğu “gələn il” heç cürə gəlib çıxmır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri