11 
Okt
2021
09:56
417
13
3283
Virtual karabakh

General olmaq istəyən şəhidimizin son sözləri: “İrəliyə gedin, qisasımı alın” - FOTO

11 Okt, 2021
09:56
3283

General olmaq istəyən şəhidimizin son sözləri: “İrəliyə gedin, qisasımı alın” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 gün sürən və təpədən-dırnağa vətənə sevgi, eşq ithafı olan Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifəsi idi. Bu səhifənin hər cümləsini, hər sözünü sətir-sətir yazanların üstündədir bu müqəddəs torpaq. Onlar ölümü gözə alanlardır. Onlar vətənə könül və can kimi bağlı olanlardır. Onlar vətənin özüdür. Bu müharibə vətənə, bizə özümüzü qaytardı, mənliyimizi qaytardı. Bu şanlı, amma həm də qanlı-qadalı yola çıxanda, bilirdik ki, şəhid vermədən torpaq alınmaz, vətən azad olunmaz. İndi Qarabağda, Şuşada onların pak ruhu azad, şad dolaşır, bəxtiyar dolaşır. Onların və hər bir müharibə iştirakçısının sayəsində bu gün hər bir azərbaycanlı alnıaçıq, üzüağ gəzir.

“Kaspi” qəzeti şəhid Kərimov Sənan Rəhman oğlu ilə bağlı məqalə dərc edib.

1991-ci il martın 29-da Ağdam rayonunda anadan olan Kərimov Sənan Rəhman oğlu 44 günlük müharibənin ən şücaətli iştirakçılarından biri olub. 90-cı illərin Qarabağ müharibəsi dönəmində Ağdamdan körpə ikən əlində oyuncaq məcburi köçkün düşən Sənan, Vətən müharibəsində əlində silah həmin torpaqların geri alınmasında qəhrəmanlıq göstərib.

Anası Kərimova Ətrabə danışır ki, Sənanın Qurban adlı bir uşaqlıq dostu vardı. Oyuncaq tapança ilə həyətdə həmişə “dava-dava” oynayardılar. Sənan xüsusi inam və qətiyyətlə deyirdi ki, böyüyüm, Qarabağı mən alacağam. Onun gözlərində zərrə boyda da olsun qorxu, ürkü, çəkinmə yox idi. Elə deyirdi, sanki əmin idi, bilirdi ki, bu müharibə olacaq, o döyüşəcək, torpaqlarımız geri qayıdacaq...

Öz doğma yurd-yuvalarından köçkün düşən ailə Əhmədli qəsəbəsindəki bağçalardan birində məskunlaşıb. Burada orta məktəb oxuyan, böyüyüb-başa çatan Sənan, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, daha sonra 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hərbçi olmaq istəyi, arzusu həmişə xəyallarının özəyi olub. Ailədə, bəzən narazılıq sezilsə də, Sənan heç vaxt yolundan, prinsiplərindən dönməyib. Arzusunun ardınca gedib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan döyüşlər, əslində, bugünkü qələbəmizin ilk müjdəçisi idi. Bu müjdə azərbaycanlı igidlərin qəhrəmanlığı, qorxmazlığı, Vətənə sevgisindən hörülən bir qalanın bünövrəsi idi. Bu bünövrəyə bir daş – hünər qoyanlardan biri də Sənan Kərimov olub. Aprelin 5-nə kimi davam edən döyüşlərdə o da iştirak edib. O zamandan torpaqları azad etmək arzusu daha da qüvvətlənib və artıq yeni bir mərhələyə keçib.


 
Ötən ili sentyabrın 27-də Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov döyüşlərə qatılır. Evə gəlib anasına “təlimə gedirik, narahat olma” deyib, çıxıb. Ətrabə xanım deyir ki, heç demədi müharibəyə gedirəm. Biz müharibənin başlandığını televizorda xəbərlərdə eşitdik. Heç istəmirdi ki, biz ondan ötrü narahat olaq. Ona görə, müharibəyə getdiyini də gizlətmişdi. Torpağını ailəsindən, anasından üstün tuturdu. Əslində, onu elə biz özümüz belə böyütmüşdük – vətənpərvər, döyüşçü ruhlu. O, elə mehriban, elə qayğıkeş idi ki... heç kimin qəlbini qırmazdı, dilindən heç vaxt bir pis söz çıxmazdı. Deyirlər, hərbçilər bir az kobud olur. Sənanın yuxa kimi ürəyi vardı. Mən Sənanın sənətini Sənanı sevdiyimə görə sevdim, Sənan qədər sevdim... Bircə general olmaq arzusu vardı. Heyf, qismət olmadı...

Əlbəttə ki, xatirələr həmişə var, həmişə bizimlədir. Sənanla da bağlı xatirələr bitməz-tükənməzdir. Bacısı Kərimova Könül danışır ki, uşaqlıqdan bəri həmişə yerini mən yığırdım. Bir dəfə dərsə gecikirdik deyə, yığmadım. Dedim ki, bir dəfə də yerini özün yığ. Dedi ki, sən mənim vəzirimsən! O vaxtdan bir şey olanda həmişə zarafatyana mənə vəzirim deyirdi. Ümumiyyətlə, çox mehriban idi. Mənə də, o biri bacıma da “ürəyim, bir dənəm, əzizim” kimi şirin sözlər deyirdi.

Çox zarafat edirdik, danışıb-gülürdük. Köçkünlük şəraitinə baxmayaraq, uşaqlığımız o qədər şirin keçib ki. Adam indi inana bilmir ki, yoxdur... Ətrabə xanım əlavə edir ki, poqonlarını ütüləyəndə, deyirdim ki, bir evlənsəydin, yoldaşın ütüləyərdi. Ən böyük arzum onu evləndirmək, oğul-uşaq sahibi olduğunu görmək idi, olmadı...

Döyüşlərdə Sənanla bir yerdə olan gizir İsmayıllı Vüqar danışır:

“Taborda bölük komandirim olub. Füzuli istiqamətindəki döyüşlərdə 11 gün çiyin-çiyinə döyüşmüşük. Bir pusquda 40 dəqiqə mühasirədə qaldıq. Mühasirəni yara bildik, amma təəssüf ki, komandirimizi itirdik. O, döyüşlərdə iştirak etdiyinə görə çox böyük şərəf duyurdu. Fəxr edirdi ki, Azərbaycan torpaqlarının geri qaytarılması uğurunda gedən döyüşlərdə iştirak edir. Arzusu idi ki, işğalda olan torpaqlarımızı azad görsün. Bir çox yüksəkliklərin, postların alınmasında şücaət, qəhrəmanlıq göstərib. Döyüş boyu bizə motivasiya verirdi, deyirdi ki, biz bu torpaqları mütləq qaytarmalıyıq, bu bizdən ötrü ən şərəfli işdir, nə gözəl ki, bu iş məhz bizə düşüb, biz vətənimiz uğrunda döyüşürük. Deyirdi ki, yaralana da, şəhid də ola bilərik. Bu, döyüşdür, hər şeyə hazır olmaq lazımdır. Bizə çox məsləhət verirdi. Deyirdi, şəhid olsam, heç kim “komandirimiz şəhid olub” deməsin, irəliyə gedin, qisasımı alın. Elə də oldu. Şəhid də verdik, yaralandıq da, amma yüksəklikləri ala bildik. Geri çəkilmədik... 

Şəhidlik zirvəsinin yarası dərin olsa da, ən böyük ucalıqdır. Sənan Kərimov da 2020-ci il oktyabrın 7-də şəhid olaraq bu zirvəyə ucalıb. II Fəxri Xiyabanda dəfn olunub. Sənan Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri