12 
Okt
2021
11:52
184
50
3343
Virtual karabakh

Azərbaycanda heyvanlar dronlarla sayılacaq - MÜSAHİBƏ + FOTO

12 Okt, 2021
11:52
3343

Azərbaycanda heyvanlar dronlarla sayılacaq - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev cavablandırıb:

- Firuddin müəllim, bu il ölkə üzrə heyvanların sayılması planlaşdırılır. Bu proses necə aparılacaq? Xarici mütəxəssislər bu işə cəlb ediləcək?

- Bəli, su-bataqlıq quşlarının, məməli heyvanların sayılması prosesi aparılacaq. Bunun üçün beynəlxalq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Milli parklarda fəaliyyət göstərən elmi işçilər cəlb edilib. Məqsədimiz heyvanların daha dəqiq sayının əldə olunmasıdır. Prosesdə dron çəkilişlərindən də istifadə olunacaq. Su-bataqlıq quşlarının sayılmasından sonra məməli heyvanların sayılması aparılacaq.

- Artıq bir neçə gündür ki, Azərbaycanda ov mövsümü açıq elan edilib. Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılırmı?

- Hazırda belə bir plan yoxdur. Əksinə, heyvanların sayılması prosesi aparıldıqdan sonra hansı heyvanın sayında azalma müşahidə olunsa, həmin heyvanın ovlanmasına qanun çərçivəsində icazə verilməyəcək. 

- Bəs fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər?

- Fərdi ovçuluq təsərrüfatları yaradılarsa, həmin ərazilərdə xüsusi ov üçün heyvanların sayının çoxaldılaraq təbiətə buraxılması prosesi gündəmdə olan bir mövzudur. 

Fərdi ovçuluq təsərrüfatları hansısa baza üzərində qurulmalıdır. Onun əvvəlcədən müəyyən edilmiş ərazisi, infrastrukturu, müəyyən göstəriciləri olmalıdır. Bu göstəricilər olduqdan sonra artıq həmin fəaliyyətə icazə verilə bilər.

- Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik həsrətə son qoydu və doğma torpaqlarına qovuşdu. Aparılan araşdırmalara görə, Qarabağ zonasının ekosistemi məhv edilib. İşğaldan azad olunan torpaqlarda yeni Milli parkların yaradılması ilə bağlı planlar var idi. Bununla bağlı işlər aparılır?

- Qeyd etmək istəyirəm ki, həmin ərazilərdə altı xüsusi mühafizə olunan təbiət ərazisi, iki qoruq, dörd yasaqlıq mövcuddur. İşğaldan azad olunan ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası ilə bağlı təklif və layihələr hazırlanır.

Həmin ərazilərdə təhlükəsizlik tədbirləri tam yekunlaşdıqdan sonra işlərə start veriləcək. İlkin olaraq onların bərpası nəzərdə tutulub.

Gələcəkdə ərazidə təhlükəsizlik tam təmin olunduqdan sonra vətəndaşların ziyarəti üçün daha əlçatan olması məqsədilə həmin mühafizə zonalarının Milli Park statusu alması məsələsinə baxılır.

- Bəzən deyirlər ki, Xəzər dənizində həvəskar balıq ovuna məhdudiyyət qoyulur. Balıq ovu üçün kvota nə qədərdir?

- Həvəskar balıq ovuna qadağa yoxdur. Həvəskar balıq ovu ilə məşğul olanlar tilov vasitəsilə 5 kiloqrama qədər balıq ovlaya bilərlər. Burada tordan, istifadəsi qadağan olunan alətlərdən istifadə nəzərdə tutulmayıb. Ovla məşğul olmaq istəyənlər ilkin növbədə ovçuluq bileti əldə etməli və yerli ekologiya idarələrindən lisenziya almalıdırlar.

- Artıq Xıllı Nərə Balıqartırma zavodu özəlləşdirilib. Buna səbəb nə idi? 

- Müəssisədə təkcə su hövzələrində nərə balıqlarının populyasiyası, balıq buraxılışı deyil, həm də əmtəəlik istehsalla məşğul olunması nəzərdə tutulub.

Zavodda balıq körpələrinin satışı həyata keçiriləcək ki, bu da digər akvakultura ilə məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının sayının artırılmasına müsbət nəticə verəcək. Belə olan hallarda müəyyən qədər brakonyerliyin qarşısı alınacaq. 

- Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunması məqsədi ilə bu il ərzində nə qədər balıq suya buraxılıb?

- 2021-ci il ərzində təbii su hövzələrinə 6 milyon 100 mindən çox balıq buraxılışı proqnazlaşdırılmışdı. Buna baxmayaraq, artıq 6 milyon 900 mindən çox balığın təbii su hövzələrinə buraxılması təmin olunub. Bu tendensiyanın bu ilin sonuna qədər davam etməsi planlaşdırılır.

- İşğaldan azad olunan ərazilərdə yenidən balıqların suya buraxılması planlaşdırılırmı?

- İşğaldan azad olunmuş ərazilərdə balıq buraxılışı 2022-ci ildə də davam etdiriləcək. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərə digər heyvan növlərinin buraxılışı həmin ərazilər minalardan təmizləndikdən sonra nəzərdə tutulur.

Bununla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası və digər mütəxəssislər cəlb olunaraq komissiya yaradılacaq. Bu komissiyanın ərazilərdə monitorinqi nəticəsində həmin heyvanların sayı və növləri müəyyən olunduqdan sonra introduksiya işlərinə yenidən başlanılacaq.

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə Kəlbəcərdə bəbirin yayılması ilə bağlı videogörüntülər yayıldı.

- Qarabağ zonasında flora və faunanın dəqiq araşdırılması, yerində müşahidələrin aparılması üçün artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir komanda formalaşdırılır.
Azərbaycanın üç nöqtəsi - Zəngəzur, Cənub və Qərb zonası bəbirlərin məskunlaşdığı zona olub. Təəssüf ki, erməni işğalı nəticəsində onların sayı azalıb. Hazırda bunların tədqiqi istiqamətində də işlərə start verilib.

Həmin zonada bəbirlərin tamamilə nəslinin kəsilməsi bildirilsə də, son müşahidələr göstərdi ki, onların nəsli kəsilməyib. Bu, bizim fəaliyyətimiz üçün stimul xarakteri daşıyır. 

- Firuddin müəllim, koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq, Milli parklara da giriş qadağan edilmişdi. Karantin rejimi yumşaldıqdan sonra Milli parklara da giriş bərpa edildi. Bu il nə qədər şəxs Milli parklara səfər edib?

- Bəli. Ötən il pandemiya ilə bağlı Milli Parkların açıq olmaması bu il rekord sayda turist qəbuluna səbəb olub. Göygöl, Şahdağ, Abşeron Milli parklarına daha çox turist axını olub. Son dövrlər ETSN tərəfindən aparılan maarifləndirmə, təbliğat işləri nəticəsində artıq vətəndaşlarda da Milli parklarda mövcud olan təbiət komponentlərini görməyə maraq yaranıb.

Pandemiya dövründə Milli parkların infrastrukturunda yeniliklər olub. Orada vətəndaşlar üçün piknik nöqtələri, ekoturizm marşrutları yaradılıb ki, bu da onların Milli parklara marağını daha da artırıb. 

- Hirkan Milli Parkının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı işlər hansı mərhələdədir?

- Xidmət tərəfindən son dövrlərdə görülmüş işlərlə bağlı qeyd etmək istəyirəm ki, Hirkan Milli Parkının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi istiqamətində də artıq işlərə başlanılıb. Bununla bağlı UNESCO-nun əməkdaşlarının bir qismi Azərbaycanda Hirkan Milli Parkında səfərdə olub, ərazilərə baxış keçirilib.

İkinci ekspedisiyanın olmasını da bu ayın sonuna kimi gözləyirik. Bu ekspedisiyaları Hirkan Milli Parkının transsərhəd milli park elan edilməsi, həmçinin UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs siyahısına salınması istiqamətində atılmış ən böyük addımlardan biri hesab edirik.

İlhamə Əbülfət 
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri