18 
Okt
2021
18:12
231
38
7889
Virtual karabakh

“ƏDV geri al” layihəsi ilə bağlı yeniliklər tətbiq oluna bilər - RƏSMİ + FOTO

18 Okt, 2021
18:12
7889

“ƏDV geri al” layihəsi ilə bağlı yeniliklər tətbiq oluna bilər - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” çərçivəsində birgə əməkdaşlıq davam edir.

Oxu.Az-ın məlumatına görə, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində ölkələr arasında qarşılıqlı əməkdaşlıq Rusiya Federasiyasının Maliyyə Nazirliyi yanında Federal Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət işçi qrup formatında aparılır.

Bugünədək işçi qrupun 2 iclası keçirilib. Oktyabrın 13-də və 14-də Dövlət Vergi Xidmətinin nümayəndə heyəti işçi qrupun 3-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə səfər edib. 

Oktyabrın 13-də Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla görüşüb. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr və əməkdaşlıq məsələləri, həmçinin vergi orqanlarının rəqəmsallaşma sahəsində həyata keçirilən işləri barədə geniş spektrdə müzakirələr aparılıb, ölkələrin bu sahədə təcrübələri ilə bağlı təqdimatlar olub.

DVX rəisi Azərbaycanın vergi sistemində həyata keçirilən layihələr barədə rusiyalı həmkarlarını məlumatlandırıb. Ölkəmizin pərakəndə ticarət sektorunda tətbiq edilən və həyata keçirilən əməliyyatlara məsafədən nəzarət imkanı verən yeni nəsil onlayn kassa aparatları barədə danışan DVX rəisi indiyədək 45 mindən çox belə kassaların praktiki tətbiq olunduğunu qeyd edib. Görüş çərçivəsində ölkəmizdə “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəldilmiş və təsərrüfat subyektlərinin şəffaflığının artırılmasını hədəfləyən “ƏDV geri al” layihəsi barədə də məlumat verilib.

Qeyd olunub ki, 2020-ci ilin may ayından tətbiq edilən bu sistem vasitəsilə istehlakçılar alış zamanı ödənilmiş ƏDV-nin bir hissəsini geri ala bilirlər. Bu zaman onlar ticarət obyektlərindən kassa çeklərini tələb etməli və onu xüsusi yaradılmış portalda qeydə almalıdırlar. İstehlakçıların kassa dövriyyələrinin şəffaflaşmasında birbaşa iştirakını nəzərdə tutan bu layihə sayəsində indiyədək portalda 300 milyondan çox kassa çeki qeydə alınıb, istehlakçılara 119,6 milyon manat geri ödənilib.

DVX rəisi vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə də məlumat verərək bildirib ki, vergi orqanları sahibkarlara 69 elektron xidmət göstərir. Hazırda bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Görüş zamanı Rusiya tərəfi rəqəmsallaşma sahəsində milli təcrübəsi ilə bağlı təqdimatlar edib. Federal Vergi Xidmətinin “ƏDV-nin büdcədən qaytarılmasına avtomatlaşdırılmış nəzarət sistemi”ni (АСК НДС 2) nümayiş etdirilib.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti də ölkəmizin rəqəmsallaşma sahəsində həyata keçirilən bir sıra layihələr üzrə təqdimatlar edib. Əvvəlcə ƏDV üzrə vahid depozit hesabının istifadəsi və subhesabların idarə olunması sistemi nümayiş etdirilib. Bildirilib ki, bu sistemin tətbiqi ƏDV üzrə ödəmələrin sistemləşmiş hərəkətinə nəzarəti təmin etməyə imkan verib.

Azərbaycan tərəfinin digər təqdimatı yeni nəsil onlayn kassaların tətbiqini təmin edən monitorinq sistemi ilə bağlı olub. Təqdimat zamani Rusiya vergi orqanlarının tətbiq etdiyi sistemlə müqayisələr aparılıb. Tərəflər sistemlərin fəaliyyəti və imkanları, həmçinin “ƏDV geri al” layihəsinin tətbiqi və məqsədləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, daxil olan məlumatların saxlanılması və təhlili üzrə gələcəkdə ölkələrarası təcrübə mübadiləsinin aparılması razılaşdırılıb. 

Daha bir təqdimat Azərbaycanda tətbiq olunan beynəlxalq vergitutma məsələləri ilə bağlı olub. Ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsi proqramlarında iştirakı və əldə edilmiş məlumatların emalı, bağlanmış ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların iştirakı ilə həyata keçirilən layihələr, tvinninq proqramları barədə məlumat verilib.

Oktyabrın 14-də işçi qrupun 3-cü iclası keçirilib. İclasda vergi xidmətlərinin müxtəlif sahələrdə rəqəmsallaşma imkanları barədə geniş müzakirələr aparılıb.

İclasın sonunda tərəflər arasında protokol imzalanıb. Tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İİƏT çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri