20 
Okt
2021
17:16
157
37
6493
Virtual karabakh

Ana qurban, bura bax, selfidi...

Emilya Tağıyeva yazır...

Azərbaycanda ana uşağını dayənin yanına qoyub, yoxa çıxıb. Təəssüf ki, bu artıq son günlərdə təkrarlanan neçənci bənzər hadisədir. Bəs insan doqquz ay bətnində daşıdığı balasından necə imtina edə bilər? Araşdırsaq bunun bir sıra səbəbləri var. Mən isə bunlardan birinə toxunmaq istərdim: Sosial şəbəkə. 

Tənqid atəşinə tutmazdan əvvəl deyim ki, aktiv sosial şəbəkə istifadəçisiyəm və bunu müasir həyatımızın ayrılmaz parçası sayıram, ancaq həddində. 

Keçək mövzumuza.

Ana bətninə düşdüyü ilk andan uşaqla ana arasında rabitə başlayır. Bəli, embrion yox, məhz uşaq. Çünki hər nə qədər biz onu anlamaz, bilməz bir döl saysaq da, əslində o hər şeyi hiss edən şüurlu varlıqdır. Bu yaxınlarda bir psixoloq deyirdi ki, hətta ilk həftələrdə belə, ana qısa müddətlik də olsa abort barədə düşünürsə, uşaq şüuraltı bunu bilir və dünyaya gəldikdən sonra ömür boyu bunun təsirində olur. Özü səbəbini anlamasa da, narahatlıq, təşviş, özünəinamsızlıq, itirmək qorxusu daim onu izləyir. Bu “sindromdan” isə yalnız psixoloji yardımla qurtulmaq mümkündür...

Buna görə, hamiləlik vaxtı qadınlara sakitlik tövsiyə olunur.

Dünyaya gəldikdən sonra uşağın ana ilə rabitəsi daha da möhkəmlənir: toxunuş, səs və ən əsası göz kontaktı uşağın özünü güvəndə hiss etməsinə gətirir. Müasir dövr isə xüsusən sosial şəbəkələr bu bağı qırır. Məsələn, ana uşağını yedizdirərkən bir əlində körpə, o biri əlində telefon selfi edir. Hələ bu şəklin cürbəcür pozalarda çəkilməsi, sonra seçilməsi, effekt verilməsi və sosial şəbəkədə paylaşılması var. Bir də görür ki, uşaq yeməyini bitirib və hətta yatıb. Göz kontaktı itdimi? Halbuki, bu, ən vacib amillərdən biridir.

Və ya iş görərkən uşağın əl-ayağa dolaşmaması üçün televizoru yandırıb, bir cizgi filmi qoyurlar. Mən anlayıram, zaman sürətlə axır, ev işləri, yemək bişirmək, paltar yumaq, ütüləmək… Bütün bunları çatdırmaq lazımdır, uşağa nəzarət eləmək isə əlavə vaxt alır. Amma hər halda onun da məsuliyyəti bizim üstümüzdədir və sadalananlar arasında ən vacibi odur. Uşaqlar öyrənməyə meyllidirlər, onlar üçün televizordan daha önəmli nəsə bir məşğuliyyət tapmaq olar. Arada söhbət eləmək (sözlərinizi anlasa da, anlamasa da) isə onun inkişafına böyük təsir göstərir. 

Sosial şəbəkələrdəki statuslarda körpənin ilk addımı, ilk söz deməsi, müxtəlif marka geyimlərdə olan görüntüləri “N” qədərdir. Ancaq bunların heç də hamısı məhəbbət göstəricisi deyil. Bu, daha çox başqalarına göstərmək üçündür, ana övladı ilə bağlı həmin möhtəşəm anın deyil, “like”ların, şərhlərin, “necə gözəl ana" olduğu barədə təriflərin ləzzətini çıxardır. 

Bir də uşaqları yatızdırarkən smartfondan “dandini-dandini dastana” mahnısını qoymaq var. Cihaz uşağın əlinə verilir, o isə ekrandan gedən rəngli kadrlara baxa-baxa yatır. Halbuki, bunun əvəzinə qısa müddətlik, lap 10-15 dəqiqəlik layla oxunmağı, nağıl danışılması təkcə uşağa yox, elə anaya da ruhən sakitlik gətirər. Ananın səsi, övladı ilə bir-birilərinə baxmaları, uşağın yuxuya gedərkən göz qapaqlarının yumulması, əl-ayaq hərəkətləri, toxunuş… bütün bunlar hər iki tərəfdə qırılmaz bağ yaradır.

Bu gün analar öz övladlarından imtina edir, tanımadıqları yad insanların ümidinə qoyur. Səbəbləri maddi vəziyyət, imkansızlıq, evliliyə hazır olmamaq, ailədə yola getməzlik və sair görünə bilər. Həqiqətdə belədirmi? Düşünürəm ki, tam da yox. Çünki boşandıqdan, ayrıldıqdan sonra da öz övladlarını atmayan, dişi ilə, dırnağı ilə onu böyüdüb başa çatdıran analar var. Deməli, övladdan imtinanın tam səbəbi sosial rifah yox, ana ilə övladı arasında bağın qırılmasıdır. Məhz bu vəziyyət ananın daha yaxşı həyat uğrunda öz balasından rahatlıqla imtina edə bilməsinin ən vacib səbəblərindən birinə çevrilir.

“Ana qurban, bax görüm”, - deyərkən smartfonu deyil, özünüzü göstərmək ümidi ilə…

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri