24 
Okt
2021
18:00
33
227
4177
Virtual karabakh

Türk lirəsinin ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək? - FOTO

24 Okt, 2021
18:00
4177

Türk lirəsinin ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövriyyə sürətinin aşağı olması Azərbaycan bazarında qiymətlərin Türkiyə bazarına və yaxud da digər bazarlara uyğunlaşmasını məhdudlaşdırır, ona görə də, bu situasiyadan əhalinin yararlanma imkanı məhduddur”

 Bu sözləri “Kaspi” qəzetinə açıqlaması zamanı ekspert Rəşad Həsənov deyib.
 
Türkiyə Mərkəzi Bankı keçən ay pul siyasəti faizini 19-dan 18-ə endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa doğru getdi. 11 oktyabrda isə rekord ucuzlaşma müşahidə edildi. Həmin gün 1 dollar 9 TL-yə bərabər oldu. Bu, Türk lirəsinin ucuzlaşmasında tarixi rekorddur. Xatırladaq ki, dollar/tl məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində başa vurmuşdu. Azərbaycan da Türkiyədən məhsul idxal edən ölkələrdəndir. Türk lirəsi ucuzlaşır. Bu ucuzlaşmanın səbəbləri nədir, Azərbaycana idxal olunan malların qiymətinə necə təsir edir, yaxud edəcəkmi?

Sahibkarlara təsiri
 
Türkiyədən məhsul idxal edən sahibkar Eldəniz Zeynalovun sözlərinə görə, TL-nin ucuzlaşması məhsulların qiymətinin düşməsinə təsir etmir: “Məhsul elə əvvəlki qiymətə də gəlir. Türkiyə istehsalçıları məhsulu lirə ilə yox, dollarla satırlar. Qiymətlər enmir, əksinə, yüksəlir. Əvvəl vergi 2 faiz idi, indi 5 faizə qaldırılıb. Bizə deyilir ki, orada devalvasiya olub. Əvvəllər məhsulunu lirə ilə satanlar indi satmaq istəmir, “satmağa malım yoxdur” deyir”.

Məntiq yox, diktə əsaslı
 
İqtisadçı Rəşad Həsənov deyir ki, Türkiyədə institusional problemlər yaranıb: “Bu, Türkiyə Mərkəzi Bankının müstəqilliyi və xarici investorların güvənsizliyi ilə bağlı yaranmış situasiyadan qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyinə son 3 ildə çox ciddi zərbə vurulub. Son 2 ildə Mərkəzi Bankda 3 sədr dəyişdirilib. Keçən həftə 3 nəfərin Mərkəzi Bankdan işdən çıxarılması ilə bağlı qərar qəbul edildi. Bu ani qərarlar onunla izah olunur ki, mərkəzi bankın bugünkü yanaşmasını qəbul etməyən şəxslər işdən uzaqlaşdırılır. Məntiq əsaslı deyil, daha çox diktə əsaslı bir mexanizm formalaşıb”.

İnflyasiya yüksəlir, amma…
 
İqtisadçı bildirir ki, pul siyasəti faizinin endirilməsi türk lirəsinin dəyərini aşağı salır: “Dolların alışı istiqamətində əlavə tələblər formalaşıb. Bazar iştirakçılarında da çox ciddi narahatlıqlar yaranıb. Mərkəzi Bank 10-20 gün bundan əvvəl inflyasiya yüksəldiyi halda, faizləri aşağı saldı. Bu da lirənin sürətlə dəyərsizləşməsini şərtləndirən əsas məsələlərdəndir”. 
        
Ölkədən “qaçan” xarici investisiya
 
Rəşad Həsənovun sözlərinə görə, Türkiyə iqtisadiyyatında da müəyyən çətinliklər var: “Burda əsas məsələ ödəmələr və tədiyyə balansında yaranan fərqdir. Enerji resurslarının qiymətlərinin artması prosesinin sürətlənməsi, enerjidən asılı ölkə olan Türkiyənin xaricə çıxan valyutasının həcmini artıran əsas məqamlardandır. Növbəti 2-3 ayda bu istiqamətdə daha ciddi təzyiq yaranacaq və lirənin ucuzlaşması prosesi sürətlənəcək. Başqa bir məsələ isə güvənsizlik fonunda ölkədən “qaçan” xarici investisiyadır. Ölkədən xarici investisiyanın getməsi, valyutanın getməsi deməkdir. Bu proses daxili bazarda valyuta tələbini artırmaqla TL üzərində məzənnə təzyiqlərini gücləndirir”.

Satış qiymətlərinə təsiri
 
R.Həsənov deyir ki, Azərbaycanın ticarət tərəfdaşının valyutasının dəyərdən düşməsi həmin ölkədən bizə idxal olunan məhsulların qiymətinə təsir etmir: “Əvvəlki təcrübələrdən deyə bilərəm ki, əksər hallarda əsas ticarət tərəfdaşında milli valyutanın dəyərsizləşməsinin Azərbaycan bazarındakı qiymətə təsiri olmur. Bunun səbəbi isə bazarın kifayət qədər liberal olmamağıdır”.


 

İnflyasiyadan əvvəl

R.Həsənov bildirir ki, TL-nin ucuzlaşması qısamüddətli dövrdə həm biznes, həm də fərdi istehlakçılar üçün əlverişli alış şəraiti yaratdı: “Türk saytları vasitəsilə kifayət qədər böyük həcmdə onlayn alqı-satqı həyata keçirilir. Qısamüddətli dövrdə əlverişli şərait yaradıldı. Sonradan inflyasiyanın baş verməsi bu şəraiti aradan qaldırdı”.
 
Fərdi şəxslər üçün fürsət
 
R.Həsənovun sözlərinə görə, fərdi alış-veriş edənlər yaranmış fürsətdən istifadə edə bilər: “İnsanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə alğı-satqı edərlərsə, ucuzlaşmadan müəyyən qədər yararlana bilirlər. Buna mənfəət deyə bilmərik. Çünki bu, biznes deyil. Yararlana bilən insanlar büdcələrini daha optimal idarə edə, xərclərini optimallaşdıra bilirlər”.
 
Sahibkarlar məhsul gətirirsə…
 
R.Həsənov deyir ki, idxalçılar prosesin içindədirsə, əksər hallarda qiymət ucuzlaşması baş vermir: “Çünki bazar kifayət qədər liberal, oyunçu sayları isə çox deyil. Ona görə də, indiki zamanda bizdə dövriyyə sürəti aşağıdır. Sifarişçilər hər gün məhsul sifariş vermir. Həftədə və ya ayda bir dəfə məhsul gətirirlər. Dövriyyə sürətinin aşağı olması Azərbaycan bazarında qiymətlərin Türkiyə bazarına və yaxud da digər bazarlara uyğunlaşmasını məhdudlaşdırır. Ona görə də, bu situasiyadan əhalinin yararlanma imkanı məhduddur”.

Sabit məzənnə siyasəti
 
R.Həsənov bildirir ki, hazırda Azərbaycandan Türkiyəyə məhsul ixrac edən bizneslər zərər görürlər: “Çünki Azərbaycan sabit məzənnə siyasəti həyata keçirir. Azərbaycandan Türkiyəyə ixrac olunan məhsulların Türkiyədə istehsal olunan məhsullarla rəqabət aparmaq imkanı aşağı düşür”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri