26 
Okt
2021
13:48
442
7
2264
Virtual karabakh

Doğum günü olan şəhidlərimiz - FOTO

26 Okt, 2021
13:48
2264

Doğum günü olan şəhidlərimiz - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan yeddi qəhrəmanımızın doğum günüdür. 

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Gizir Babayev Elməddin Cəfərqulu oğlu 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 1988-1999-cu illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyun ayına kimi Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

2007-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlayıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib.

Tərtərin Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Qəhrəmanımız ötən il sentyabrın 29-da Biləsuvar rayon Çaylı kənd məzarlığında dəfn edilib. Şəhidimizin vətənə əmanət üç övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elməddin Babayev ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər İsayev Ceyhun Rüstəm oğlu 2001-ci ildə Quba rayonunun Gültəpə kəndində anadan olub. Ceyhun 2008-ci ildə Gültəpə kənd ümumi orta məktəbində təhsilə başlayıb.

2019-cu ildə orta məktəbi bitirib, Quba Tibb Kollecinə daxil olub. Lakin birinci kursun yarısında təhsilini saxlayaraq, müddətli həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsində iştirak edən C.İsayev Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

2020-ci ilin oktyabrın 26-da doğum günündə Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İsayev Ceyhun Ruslan oğlu Gültəpə kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Mayor İsmayılov Fuad Murad oğlu 1986-cı ildə Şərur rayonunun Qıvraq kəndində anadan olub. 1993-cü ildə Qıvraq kənd tam orta məktəbinə, 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2005-ci ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə leytenant rütbəsi alaraq AHHM-də işləməyə başlayıb.

2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə isə mayor hərbi rütbələrini alıb.

Fuad İsmayılov 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılıb, Tərtər rayonu Talış kəndinin azad edilməsində böyük cəsarət nümayiş etdirib.

4 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 10 oktyabr 2020-ci ildə İkinci Şəhidlər xiyabanında dəfn edilib. Şəhid mayorun Vətənə əmanət iki oğul övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fuad Murad oğlu İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğlu 1996-cı ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 2003-2014-cü illərdə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb.

Oruc Qasımov 2014-2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Oruc Qasımov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Oruc Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Süleymanov Azər Haqverdi oğlu 1982-ci il oktyabrın 26-da Sumqayıtda anadan olub. A.Süleymanov 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.

O, Tovuz döyüşlərində də öz qorxmazlığı və şücaəti ilə seçilməyi bacarıb. Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndinin və Suqovuşan yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, oktyabrın 10-da Talış kəndinin və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Sabunçu rayonunun Ramanı qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azər Süleymanov ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Baş gizir Süleymanov İlkin Mahir oğlu 1983-cü ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan İlkin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İlkin Süleymanov oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, Tərtər rayonu, Talış kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən avtomobilin yanına düşən mərminin partlaması nəticəsində yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İlkin Süleymanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Polkovnik-leytenant Təhməzov Elzamin Kamal oğlu 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Əslən Laçın rayonunun Malxələf kəndindən olan şəhidimiz 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində iştirak edib.

Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Elzamin Təhməzov sentyabrın 28-də Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Onun vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elzamin Təhməzov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı və “3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri