27 
Okt
2021
14:10
22
134
3331
Virtual karabakh

NEZ-də yaranan yüksək səslər təhlükə mənbəyi deyil - AÇIQLAMA + FOTO

27 Okt, 2021
14:10
3331

NEZ-də yaranan yüksək səslər təhlükə mənbəyi deyil - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan inşaat və modernizasiya işlərinin hazırkı mərhələsi yekunlaşmaq üzrədir.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, artıq bir sıra qurğularda, ümumi zavod infrastrukturu və xətlərində ilkin sazlama işlərinə start verilib, istismara buraxılması nəzərdə tutulan boruların təmizlənməsinə başlanılıb.

“Bu əməliyyatlar sıxılmış hava ilə aparılır və bəzən 4-5 “atmosfer” təzyiqə yüksəlmiş hava anidən borudan kənara buraxılaraq yüksək səs və gurultu yaradır. Bəzi hallarda isə daha yüksək - partlayışa bənzər səslərin eşidilməsi qaçılmaz olacaqdır. Bu işlərin 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

Eyni zamanda 2022-ci ilin yanvar ayının ortalarından aprel ayının sonuna qədər bəzi xətlər yüksək təzyiqli su buxarı ilə təmizlənəcək. Bu əməliyyat zamanı isə xətlərə səs boğucular yerləşdirilcək. Lakin səs boğucuları partlayışa bənzər yüksək səslərin azaldılmasına və tam aradan qaldırılmasına yetməyə bilər.

Bildiririk ki, bu əməliyyatlar Neft Emalı Zavodunun ərazisi yaxınlığında hərəkət edən insanlar üçün hər hansı təhlükə yaratmır. Odur ki, əməliyyatlar nəticəsində əmələ gələn yüksək səsləri eşidən insanları təşvişə düşməməyə çağırırıq. Müvəqqəti narahatlığa görə, Heydər Əliyev adına NEZ-in yaxınlığında hərəkət edən və çalışan insanlardan üzr istəyirik”, - məlumatda bildirilir.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Qrafikə əsasən, NEZ-də AVRO-5 tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə AVRO-5 standartına çatdırılması planlaşdırılır. Modernizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri