27 
Okt
2021
16:18
29
131
2707
Virtual karabakh

“Squid game” - Əfsanə, yoxsa köhnə təranə?

27 Okt, 2021
16:18
2707

“Squid game” - Əfsanə, yoxsa köhnə təranə?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

“Squid game” (Kalmar oyunu) artıq bir aydır ki, dünya mediasının gündəmindən düşmür. “Netflix” istehsalı olan Cənubi Koreya serialı 21 milyon dollara başa gəlsə də, 900 milyon dollar gəlir gətirdi. Dünyada Koreya mədəniyyətinin, xüsusilə “K Pop” adlanan Koreya popunun yüksəlişi fonunda belə serialın “Netflix” tarixinin ən çox izlənən serialı olması heyrət doğurur. 

2019-ci ildə “Oskar” tarixində ilk dəfə olaraq qeyri-ingilis dilində çəkilən film olan “Parazit” “Ən yaxşı film” nominasiyasında qalib gəldi. Film “Kann” festivalında da ali mükafatı qazanmış ilk Cənubi Koreya filmi olmuşdu. 

Maraqlıdır ki, dünya gündəmini sözün həqiqi mənasında məşğul edən, ancaq film tənqidçilərini, milyonlarla film həvəskarını yox, həm də sosioloq və psixoloqları da müzakirəyə cəlb edən hər iki ekran işi də yoxsulluqdan bəhs edir. Adətən, III Dünya ölkələri kinematoqraflarının sevimli mövzusu yoxsulluq dünyanın 11-ci böyük iqtisadiyyatı olan Cənubi Koreya üçün niyə prioritetdir? Seriala baxa-baxa yoxsulluq məsələsinin bir az şişirdildiyini düşünürdüm. Ancaq bir müddət sonra serialı yarımçıq qoyub Cənubi Koreyanın iqtisadiyyatı ilə bağlı məqalələri oxumağa başladım. 

Cənubi Koreyanın ÜDM-si (Ümumi Daxili Məhsul) 1.6 trilyon dollardır. Bəs ÜDM nədir? Ölkədə istehsal edilən sənaye, kənd təsərrüfatı məhsullarının və xidmət sahəsinin cəmi. Azərbaycanda isə bu rəqəm 40 milyard dollardır. Başqa sözlə, bizdən qırx dəfə çox. 

Cənubi Koreyada 51 milyon adam yaşayır. Və bu 51 milyon adamın banklara borcu öz ÜDM-lərindən (1.6 trilyon) artıqdır. Halbuki son illərdə milli valyutası sürətlə dəyərsizləşən Türkiyədə bu göstərici cəmi 14 faizdir. Üstəlik, Türkiyənin ÜDM-si də 800 milyard dollardır, yəni Cənubi Koreyadan iki dəfə az. 83  milyonluq Türkiyə əhalisinin 100 milyard borcu olduğu halda 51 milyonluq Koreyada bu rəqəm 1.6 trilyon dollardan artıqdır.  

Bəs bu borclara nə daxildir: “İpoteka krediti, kiçik istehlak kreditləri, avtomobil kreditləri, kredit kartı borcları və s.” Cənubi Koreyadakı bu borcların 40 faizi kredit kartı borclarıdır. 

Hər birimiz Koreya möcüzəsindən xəbərdarıq. II Dünya müharibəsindən sonra dünyanın ən yoxsul ölkələrindən sayılan Koreya bu azmış kimi vətəndaş müharibəsi də yaşadı. Üç il çəkən bu müharibə nəticəsində Koreya Cənubi və Şimali Koreya adlı iki ayrı ölkəyə bölündü. Bununla belə 80-ci illərdən etibarən sürətli yüksəlişə keçən Cənubi Koreya dünyanın böyük iqtisadiyyatlarının birini yaratmağı bacardı. 

Ancaq Cənubi Koreyanın iqtisadiyyatının əsasını “çebol” adlandırılan monopolist klan şirkətləri təşkil edir. Məsələn, bizə yaxşı tanış olan “Samsung”, LG, “Hyundai” şirkətlər kimi... Dövlətlə çox güclü əlaqələrə malik bu şirkətlər kiçik və orta ölçülü şirkətləri bazardan çıxarır. Eləcə də iqtisadiyyatın əsasını onlar təşkil etdiyi üçün dövlət onları dəstəkləməyə məcbur olur. Cənubi Koreya media azadlığına görə 180 ölkə arasında 70-ci yeri tutur. İqtisadi azadlıqlara görə isə 24-cü yer... 

Üç il bundan qabaq Cənubi Koreya parlamenti həftəlik iş saatını 68 saatdan 52 saata endirdi. Bu cür qeyri-insani rejim sayəsində sıravi koreyalı İngiltərədəki həmkarından ildə 400 saat daha çox işləyir. Bu da səkkiz saatlıq iş rejimi ilə 50 gün, yəni beş günlük iş həftəsi ilə iki ay yarım deməkdir. Cənubi Koreyada 52 saat məsələsi hələ də həll edilməyib. Bank sektorunun sahibləri 68 saatlıq iş rejimində israr edir. 

(Azərbaycan Respublikası Əmək Məcəlləsində həftəlik iş vaxtı 40 saat müəyyən edilib. Zərurət halında maksimum dörd saat əlavə işə icazə verilir, ancaq həmin müddət üçün iki qat muzd ödənilməlidir.)

Cənubi Koreya şagirdləri də bu cür sərt çalışma rejimi ilə üzbəüz qoyur. Belə ki, koreyalı şagirdlərin 07:00-da başlayıb 16:00-da bitən məktəb dərsi iki saatlıq fasilə ilə saat 20:00-a qədər davam edən özəl kurslarla davam edir. Bu kurslarda ev tapşırıqları həll edilir. 

Koreya Qadın İnkişaf Agentliyinin araşdırmasına görə 19-34 yaş aralığında olan hər 10 koreyalıdan 7.5-i ölkəni tərk etmək istəyir.

Təqaüd sistemi 1988-ci ildən tətbiq edildiyi üçün yaşı 75-dən yuxarı olanlar təqaüd yox cüzi bir maaş alır. Bu şəxslərin sağlamlıq sığortası da yoxdur. Hər şey vəhşi kapitalizmə görə tənzimlənir. İnkişaf etmiş ölkələrin statistikasına əsasən yoxsul qocaların sayında liderlik də Cənubi Koreyanın əlindədir.

Cənubi Koreyanın təbii resursları yoxdur. Bu nəhəng iqtisadiyyat koreyalıların qeyri-insani əməyi sayəsində mümkün olmuşdur. Ancaq nəhəng iqtisadiyyat yaratmaq azdır. Bu gəlirləri ədalətli bölüşdürmək də lazımdır. 

Məhz buna görə də “Squid game”ə qatılanlar 99 faizi ölüm olan oyuna qoşulurlar. Çünki həyatda qalib gəlmək şansları bundan da azdır. Bu məqam serialda dəfələrlə vurğulanır.

Hər kəsin serialın simvollarını, işarələrini gizlin kodlarını çözməklə məşğul olduğu bir zamanda Cənubi Koreya iqtisadiyyatının göstəriciləri bu serialın gerçəyin özü olduğunu bütün dünyaya sərgiləyir. 

Görkəmli ingilis dramaturqu Bernad Şou belə deyirdi: “Kimisə güldürmək istəyəndə mən ona həqiqəti danışıram. Dünyada həqiqətdən gülməli heç nə yoxdur”.

Elə ağlatmaq üçün də... 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri