27 
Okt
2021
16:31
180
15
732
Virtual karabakh

Azərbaycanın və Türkiyənin ortaq media tarixindən bəhs edən kitab nəşr olundu - FOTO

27 Okt, 2021
16:31
732

Azərbaycanın və Türkiyənin ortaq media tarixindən bəhs edən kitab nəşr olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə və Azərbaycanın dövlət xəbər agentliklərindən, ortaq media tarixindən bəhs edən yeni nəşr işıq üzü görüb.

“Diqqət! Xəbər var!” adlı monoqrafik kitab dünya xəbər agentliklərinin iş prinsiplərindən, xəbər agentliklərinin yaranması və ictimai rəyə olan təsirlərindən, Azərbaycan və Türkiyənin ortaq media tarixindən və hər iki qardaş ölkə mediasının incisi hesab olunan AZƏRTAC və “Anadolu” dövlət xəbər agentliklərinin müxtəlif proseslərdəki informasiya siyasətindən, informasiya ilə davranışlarından bəhs edir.

“Diqqət! Xəbər var!” monoqrafik kitabın müəllifi, jurnalist Əfsələddin Ağalarovun sözlərinə görə, nəşrdə təkcə xəbər agentliklərinin fəaliyyət istiqamətləri nəzəri olaraq deyil, həm də “Anadolu” və AZƏRTAC nümunələri üzərindən dünyada baş verən üç əsas hadisə zamanı informasiya ilə praktik davranışları araşdırma üsulu ilə özündə əks etdirir:

“Kitab gənc jurnalistlər üçün hazırlanmış aydın və lakonik dili ilə seçilə biləcək bir nəşrdir. Kitabda dövlət xəbər agentliyinin dövlətlər üçün önəmi və bu önəmin praktik təcrübəsi izah olunur. İki qardaş ölkənin dövlət xəbər agentlikləri müxtəlif hadisələrə yanaşmasında dövlətlərin həmin hadisəyə olan baxışı və siyasi mövqeyi əsas götürülür. Məsələn, “Brexit” prosesində AZƏRTAC və “Anadolu” hansı duruşu sərgiləyir? Və ya ABŞ-da keçirilən prezident seçkilərində agentliklər fəaliyyətini necə qurub? Bu sualların cavabını müxtəlif üsullarla - qarşılaşdırma (müqayisə) və deduksiya üsulu ilə tapmaq mümkün olacaq”.

Müəllif Azərbaycan və Türkiyənin ortaq media tarixində və bu günündə dövlət xəbər agentliklərinin önəmini vurğulayıb:

“Hazırda iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin hər sahədə olduğu kimi, media sferasında da ortaq əməkdaşlıqlarının qurulması, ortaq media platformasının yaradılması üçün müntəzəm və məntiqli işlər qurulur. Bu işdə akademik əməkdaşlıqların artırılması vacibdir. Kitabımız Azərbaycanda təhsil alan gənc jurnalistlər üçün məhz bu aspektdən önəmli istinad mənbəsi olacaq və istifadə edəcəkləri geniş araşdırmalarla zəngin “cib” kitabçası rolunu oynayacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu cür nəşrlərin artırılması Azərbaycan və Türkiyənin media sferasında tarixi bağlılıqları yenidən gündəmə gətirəcək və gələcək üçün görüləcək işlərdə önəmli mayak rolunu oynayacaq”.

Ə.Ağalarov “Diqqət! Xəbər var!” monoqrafik kitabının Gənclər Fondu tərəfindən nəşr edildiyini və yaxın günlərdə təqdim ediləcəyini, gənclər üçün isə ödənişsiz olaraq paylanılacağını qeyd edib.

Qeyd edək ki, müəllif Əfsələddin Ağalarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Türkiyənin Marmara Universitetinin “İletişim” fakültəsində “Media İqtisadiyyatı və İdarəedilməsi” bölümündə magistr təhsili alıb. O, “Azxeber.com” informasiya portalının təsisçilərindən biri olmaqla yanaşı, hazırda sözügedən informasiya resursunda baş direktor vəzifəsini icra edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri