29 
Okt
2021
17:56
39
332
11925
Virtual karabakh

“Filan əmi məni sığalladı”...

29 Okt, 2021
17:56
11925

“Filan əmi məni sığalladı”...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emilya Tağıyeva yazır...

Bu gün daha bir dəhşətli xəbər yayıldı: 11 yaşlı qızcığaz 31 həftəlik hamilə imiş. Özü də təcavüz nəticəsində... Cinayətkarın kim olduğu bilinmir (Həqiqətdə də belədirmi?) Daha maraqlısı, valideynin bu təcavüz məsələsindən xəbəri olubmu? Olubsa, niyə bir tədbir görməyib? Olmayıbsa, bu, daha pis: Uşaq niyə valideyninə güvənməyib?

Ümumiyyətlə övladlarımız bizə nə qədər etibar edir? Bu 11 yaşlı qızın yerində hər birimizin övladı ola bilərdi. Bəs onlar sabah gəlib “filan əmi məni sığalladı”, “mənə toxundu” deyərlərmi? Bu məsələdə heç olmasa özünüzə səmimi cavab verin. Əgər cavab “yox”dursa, bunun səbəbləri araşdırılmalı və tədbir görülməlidir.

Övladın valideynə güvənməməsinin səbəblərindən biri hər nə qədər qəribə olsa da, onların hər kiçik səhvdə danlanmasıdır. Bir düşünün: Paltarını çirkləndirdiyi, corab geyinmədiyi, kitabını cırdığı, qələmini itirdiyi, qabı əlindən saldığı, dərslərini yaxşı oxumadığı və sair bu kimi məsələlər üstündə onlara nə qədər qışqırılıb (hətta bəziləri əl də qaldırır)? Hələ bunun həyətdə oynamağa qoymamaq, gəzməyə aparmamaq, telefonu əlindən almaq kimi cəzalandırma üsulları da var… Bəs süfrənin üzərinə tökdüyü çaya görə danlanan uşaq sabah belə böyük hadisəni danışa bilərmi?

Bəzən isə bizim yad adamlara olan münasibətimiz uşağımızın bizə etimadsızlığına səbəb olur. Qəribə səslənir, deyilmi? Amma uşağın lap körpəlikdən bizi müşahidə etdiyini unuduruq. Təsəvvür edin, qonşunun cibindən telefon oğurlanıb. İlk reaksiyamız nə olur? “Gərək diqqətli olardı”, “Gözü hara baxırdı?”, “Fikri ovda-quşda olub”, “İnsan nə qədər özünü unutmalıdır ki, cibindən telefonu götürülə, amma xəbəri olmaya?” və sair. Molla Nəsrəddin demiş, “bəs bu məsələdə oğrunun heç günahı yoxdur?”

Və ya hansısa qızın təcavüzə uğradığı barədə eşidəndə nə deyirik? O qız özünü yüngül aparırdı, açıq-saçıq geyinirdi, makiyajı çox çəkirdi, belə olacağı bəlli idi...

Ən dəhşətlisi bilirsiniz nədir? Hansısa bir qadının əri və ya qayınatası tərəfindən öldürüldüyünü eşidəndə əksəriyyətinin dediyi söz: “Yəqin qadın düz yolun yolçusu olmayıb...”, “Onun haqqında yaxşı şeylər danışmırdılar”, “Kişinin də qeyrəti götürməyib”. Əslində bu sözlərimizlə biz özümüz cinayəti və cinayətkarı dəstəkləyirik.

Övladımız isə bunu görür. Sabah onun başına iş gələndə özünün günahkar çıxarılacağını bilir. Buna görə də səsini çıxarmır. Hətta illərlə təcavüzə dözənlər də var…

Yeri gəlmişkən cinayətkarlar da bizim onların cinayətlərinə olan “rəğbətimiz”dən yararlanır. Onlar yad planetdən gələn “bədheybət” deyil ki… Bu insanlar qohumumuz, qonşumuz, iş yoldaşımız, dostumuz ola bilər. Heç kim bundan sığortalanmayıb. Və insanların oğrunu qoyub, qurbanı qılınclaması birinci onun işinə yarayır. Deməli törədilən hər bir soyğunda, təcavüzdə, qətldə bizim də payımız var.

Ötən məqalələrin birində toxunduğumuz övladımıza olan inamsızlıq məsələsini də bir daha xatırlatmaq istərdim. Ola bilər uşaqlarımız bizə yalan desin. Bir düşünün: biz buna inansaq, nə baş verəcək? Uşaq bizim ona inandığımızı görüb, etibar edəcək, sabah onu doğurdan da hansısa narahat edən məsələni rahatlıqla deyə biləcək. İndi əksini təsəvvür edin: Həqiqətən zorakılıq var və biz inanmırıq…

Əlbəttə heç bir valideyn övladının başına faciə gəlməsini istəməz. Bu barədə düşünməkdən qorxanlar, hətta “çəhrayı eynək” taxanlar da var. Amma son hadisələr göstərdi ki, bu hadisələr hər birimizin başına gələ bilər. Bunun qarşısını almaq üçün ilk növbədə uşağımızı tanımalı, onun etibarını qazanmalıyıq. Həyatda baş verə biləcək hər bir hadisədə qarşısında deyil, yanında olduğumuzu hiss etdirməliyik. Bəlkə onda belə faciələrin qabağı alına bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri