Noy
2021
15:00
54
82
2757
Virtual karabakh

Kamran İmanov kitablar aləmində

5 Noy, 2021
15:00
2757

Kamran İmanov kitablar aləmində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Neft və Kimya İnstitutu beynəlxalq arenada yaxşı tanındığı üçün hər zaman qonaqlı-qaralı olurdu. Dövlət rəsmiləri, tanınmış  elm və mədəniyyət xadimləri ilə bu ali təhsil ocağında mütəmadi görüşlərin keçirilməsi bir ənənə halını almışdı. Tələbəlik illərində institutun ictimai həyatında fəal olduğum üçün imkan olanda belə görüşlərdə məmnuniyyətlə iştirak edirdim. 

Həmin görüşlərin əksəriyyəti bu gün də yadımdadır. İnstitutda Respublika Ali Təhsil Nazirliyinin Ali məktəblərarası elmi-tədqiqat hesablama mərkəzinin rəhbəri Kamran İmanovun professor-müəllim heyəti və tələbələrlə görüşü nəzərdə tutulmuşdu. “Yuxarıdan” göndərilən şəxsin o dövrün tələblərinə uyğun rəsmi geyimdə olacağını, quru, yorucu, protokol cümlələri ilə danışacağını gözləyirdim. Görüş başladı və elə ilk dəqiqələrdən yanıldığımı anladım. Böyük bir auditoriyanın qarşısında müasir görünüşü ilə fərqlənən birisi dayanmışdı. Əksəriyyətimiz çaşıb qalmışdıq. O, Təhsil Nazirliyinin nümayəndəsindən çox Avropadan gələn qonağa bənzəyirdi. Axı o dövrün Bakısında müasir geyim tərzinə üstünlük verənlər seçilirdilər. Cazmen Vaqif  Mustafazadə, xarici səfərlərə getmək imkanı olan bəzi sənət adamları və “Neftçi”nin futbolçuları görünüşləri ilə dərhal seçilirdilər. 

Nə isə, qayıdaq doğma Neft və Kimya İnstitutunda keçirilən həmin görüşə. Nazirlik rəsmisi Kamran İmanov həmin gün təkcə görünüşü ilə deyil, biz gənclərə verdiyi tövsiyələri ilə də fərqlənirdi. Ütülü, şüar dolu cümlələrdən imtina edib bizimlə səmimi həmsöhbət olması isə unudulmaz idi. Onun müasir düşüncəli  çıxışı  belə tələbəlik illərini xatırlayan məqamlarla müşayiət olunurdu. Belə ki, zamanında AZİ-də keçirilən ənənəvi ballda, digər mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etməsi marağımıza səbəb oldu.   

Kamran İmanovun keçdiyi zəngin ömür yoluna, həyat fəlsəfəsinə yaxından bələd olanlar yaxşı bilirlər ki, hansı məsul vəzifədə çalışmasından asılı olmayaraq bu insan hər zaman dövlətinə, xalqına bağlıdır. Kamran müəllimin idarəçilik təcrübəsi, saflığı, daxili zənginliyi, yüksək ünsiyyət mədəniyyəti təkcə birgə çalışdığı insanlarda deyil, geniş ictimaiyyətdə də hər zaman müsbət qarşılanır. Müxtəlif vaxtlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Müəllif Hüquqları Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəhbərlik edəndə və bu gün də Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri kimi məsul vəzifədə çalışanda da məhz bu müsbət keyfiyyətləri ilə seçilərək idarəetmə  prinsiplərinə sadiq qalır. Onun iş otağındakı yazı masasının kitablarla əhatə olunması isə çoxlarının heyrətinə səbəb olan fərqli bir mühitdir. Məhz onun yaradıcı insanların, tanınmış mədəniyyət və incəsənət xadimlərinin əhatəsində olmağı da daxili zənginliyindən xəbər verir. Onun incəsənətə bağlılığı isə elmi-pedaqoji və yaradıcı fəaliyyətində əhəmiyyətli rol oynayır. Görkəmli bəstəkar-müğənni Polad Bülbüloğlu, tanınmış kino xadimi Cəmil Fərəcovla uzun illərin səmimi dostluğu və təmənnasız münasibətləri də bir örnəkdir.  

Professor Kamran İmanovun elmi-pedaqoji fəaliyyətindən bəhs edərkən bir epizodu xatırlayıram. 2009-cu ildə Varşava Universitetinin Şərqi Tədqiqatlar İnstitutunda Qafqazla bağlı keçirilən beynəlxalq konfransa dəvətli idim. Bakı Slavyan Universitetinin o zamankı rektoru, akademik  Kamal Abdullayev Kamran müəllimin “Erməni (yad)el(li) nağılları” kitabını konfransa və universitetin rəhbərliyinə təqdim etməyi mənə həvalə etdi. Həmin kitabın konfrans iştirakçıları maraqla qarşıladılar. Şərqi Tədqiqatlar İnstitutunun direktoru Dr. Malinski isə bildirdi ki, bu dəyərli kitab konfransın işinə sanki bir hərarət gətirdi. Azərbaycandan kənarda da yetərincə tanınan alimin müxtəlif mövzularda yazdığı əhəmiyyətli elmi kitabları, əsasən nəzəriyyədən praktiki sahələrə hesablanmış əsərlərdir. 

Professor Kamran İmanov prinsipiallığı və vətəndaşlıq mövqeyi ilə də seçilən elm xadimlərimizdəndir. Həm elmi məqalələrində, həm də aparıcı mətbuat orqanlarında dərc edilən məqalə və müsahibələrində hər zaman erməni yalanlarını tarixi faktlarla ifşa edir. Dünya ictimaiyyətinin diqqətini mənfur və hiyləgər Ermənistanın maddi və qeyri-maddi irsimizi mənimsəmək cəhdlərinə yönəldir. İnamla demək olar ki, professor Kamran İmanov informasiya mübarizəsində Ermənistana elmi cəhətdən tutarlı və sanballı faktlarla dolu zərbə endirə bilir.   

2015-ci ilin aprel ayında Bakıda Mariott Hoteldə təşkil olunmuş Əqli mülkiyyət mövzusuna həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti gələcəyə hesablanmış addım idi. Konfransın təşkilatçısı professor Kamran İmanovun məzmunlu məruzəsinə qatılan yerli və xarici qonaqlar inkişafda olan Azərbaycanın gələcəyinin parlaq olacağını vurğulamışlar. 

Daim ölkəmizi xaricdə layiqincə təmsil edən Kamran İmanov bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində keçirilən konqresdə Ümumdünya Müəlliflik Assambleyasına sədr seçilməsi səmərəli fəaliyyətinin nəticəsidir. Belə bir mühüm vəzifənin Kamran İmanova etibar edilməsi Azərbaycan adına sevindirici məqamdır. 

Şərəfli ömür yolu keçən, ləyaqətli dövlət adamı, dəyərli alim və ictimai xadim haqqında yubiley münasibəti ilə təbriklər ünvanlanacağı təbiidir. Təbriklərə qoşularaq qələmə aldığım kiçik qeydlər düşünürəm ki, yubilyarın ürəyincə olacaq. 

Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor             
                                                  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri