10 
Noy
2021
18:25
63
235
7738
Virtual karabakh

İki dənə çörək almaq üçün gərək iki gün növbədə durasan…

Kubra Məhərrəmova yazır…

Zəfər Günü və Bayraq Gününü qeyd edərkən, atəşfəşanlığa baxarkən, küçələrdəki insan izdihamını müşahidə edərkən təbii ki sevinirsən.

Xalq olaraq bu sevinci 30 il gözlədik. Çox qurbanlar verdik, çox şəhidlər verdik, çox faciələr yaşadıq.

Və belə əlahiddə günlərdə qələbəni görmədən, ürəyində torpaq xiffəti ilə gedən doğmaları, dostları, heç vaxt görmədiyin insanları yada salırsan. Və deyirsən ki, kaş bu günü görəydilər. Bu son üç gündə Anar Məmmədxanov yadımdan çıxmır. Onun sözləri, fikirləri yadıma düşür. Anar bacardığı, bildiyi qədər çalışırdı. Çalışırdı ki, Qarabağ həqiqətlərini xaricdə yaşayan dostları vasitəsilə dünyaya çatdırsın. İstər Milli Məclisin deputatı olaraq, istər “Bakılı oğlanlar” komandasının kapitanı olaraq, istərsə də, sayt rəhbəri olaraq bütün mümkün səhnələrdən “Qarabağ” deyirdi. “Qarabağı unutma!”, - deyirdi. 

Anar Məmmədxanov ATƏT-in Minsk qrupunun yararsız fəaliyyəti barədə, Rusiyanın ermənilərə silah verməsi haqqında belə danışırdı, yazırdı.

Onun Milli Məclisdəki çıxışı hələ də yadımdadır. Deyirdi ki, bizim ordumuz xalqımızın elitası olmalıdır: “Nazirlər, deputatlar, sənət adamları, varlı adamlar üçün şərəf olmalıdır ki, onların uşaqları orduda olsun”.

Anar həqiqətən də Qarabağ eşqi ilə yanırdı. Şuşa üçün, Ağdam üçün, Xocalı üçün ürəyi yanırdı.

Müsahibələrinin birində deyir ki, onu ən çox incidən Xocalı faciəsi olub. Çünki ermənilər o insanları sadəcə azərbaycanlı olduqları üçün qətl edib.

Bu vəhşilik onun yüksək intellekti, dünyagörüşü ilə tərs mütənasib gəlirdi.

Anar Məmmədxanov bizim uşaqlığımızın qəhrəmanı idi. Təsəvvür edin ki, 90-cı illər. Müharibə, aclıq, səfalət. Bir gün işıq var, beş gün yoxdur. İki dənə çörək almaq üçün gərək iki gün növbədə durasan. O da bəxtin gətirsə. Bir də görürdün növbən çatıb, amma çörək bitib. Kor-peşman qayıdırdın evə. Bir tərəfdən də ümumxalq depressiyası. Sabaha ümid yox, hər gün şəhidlər dəfn olunur, insanlar hər şeyini itirərək Bakıya pəhan gətirir. Bakıda isə şəhər cammatı ilə məcburi köçkünlər arasında qarşıdurma yaşanır. Düşünürəm ki, o vaxt o çarəsizlikdən, aclıqdan, gücsüzlükdən insanların çoxu Qarabağla vidalaşmışdı. Çünki reallıq elə idi ki, cammaat adi çörək tapa bilmirdi. O ki qala müharibə etsin.

Məhz o zamanlar “Bakılı oğlanlar” komandası bizim üçün ümid idi. Onların Moskvada, böyük ekranda qalib olması, həm də ermənilərə qalib gəlmələri az da olsa, bükülmüş belimizi düzəldirdi. Anar Məmmədxanov lokomotiv kimi bu komandanı çəkib aparırdı. Qalib edirdi. Biz, müharibə uşaqları üçün bu qələbə vacib idi. İllər sonra bildim ki, bu qələbə Birinci Qarabağ müharibəsi dövründə döyüşən əsgərlərimiz üçün də vacib olub. Onları da ruhlandırıb. Elə o vaxtlar əsgərlərin istəyi ilə Anar Məmmədxanov “Bakılı oğlanlar” komandası ilə Ağdərəyə çıxış etməyə gedib. Orada döyüşən oğullara mənəvi dəstək olmaq üçün. Özü də komanda üzvlərinə tapşırır ki, Moskvada səhnəyə hansı geyimdə çıxmısınızsa, o geyimdə də bura çıxacaqsınız.

Anar Məmmədxanov deyirdi: “Biz Qarabağa qayıdacağıq. Ona görə yox ki, bura bizim atamızın, babamızın yurdu olub. Ona görə ki, bura bizim övladlarımızın və nəvələrimiz yurdudur”.

 

Bu gün, bu sözlər yadımıza düşdükcə heyfsilənməyə bilmirik. Bizim uşaqlıq qəhrəmanımızı, kapitan Anar Məmmədxanovu böyük sevgi ilə anırıq. Bizə, müharibə uşaqlarına verdiyi ümidə görə. Rusiyanın Birinci kanalı ilə onları izlədiyimizə görə. 

Kapitan “Bakılı oğlanlar” komandası ilə 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.  Bəlkə də bu qalibiyyətlər bizi böyük qələbələrə ruhlandırdı.

Artıq 10 ildir ki, Anar Məmmədxanov yoxdur. Amma onun ideyası, sözü, məqsədi yaşayır. Və ən böyük arzusu çin oldu.

Ruhun şad olsun kapitan! Biz Qarabağa qayıtdıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri