11 
Noy
2021
16:04
258
22
4748
Virtual karabakh

Zori Balayanı yerində otuzduran azərbaycanlı: “Dedilər Mahir başımızı ağrıda bilər” - FOTO + MÜSAHİBƏ

11 Noy, 2021
16:04
4748

Zori Balayanı yerində otuzduran azərbaycanlı: “Dedilər Mahir başımızı ağrıda bilər” - FOTO + MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar. Azərbaycançılıq ideyalarını, tarixi həqiqətləri dünya mediasına çatdıran həmvətənlərimizdən biri də Mahir Qurbanovdur.

Mahir Qurbanov Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində ispan dili üzrə bakalavr təhsili alıb. Bir müddət tərcüməçi kimi fəaliyyət göstərən M.Qurbanov Barselona Dövlət Universitetinin Siyasi təhlil ixtisası üzrə magistratura pilləsində oxuyub. 

2011-ci ildə Meksikanın nümayəndə heyəti Azərbaycana gələn zaman Prezidentin rəsmi görüşlərində ispan dili ilə bağlı tərcüməçi kimi iştirak edib. Meksikada, eləcə də Latın Amerikası ölkələrində Azərbaycanı təmsil edən, azərbaycançılıq ideologiyasını təbliğ edən soydaşlarımızdan biri olan Mahir Qurbanov 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Latın Amerikası ölkələrinin kütləvi informasiya vasitələrində çıxış edib.

Oxu.Az Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov ilə müsahibəni təqdim edir:

- Uzun illərdir ölkədən kənarda Azərbaycanı tərcüməçi, eləcə də diplomatik sahədə tanıdırsınız. Fəaliyyətiniz barədə qısaca məlumat verərdiniz.

- Uzun illər Türkiyədə yaşamışam və bu müddətdə ispandilli ölkələrlə əməkdaşlıq çərçivəsində azərbaycançılıq ideologiyasının təbliği istiqamətində bir sıra işlər görmüşəm. Daha sonra ABŞ-da yaşamışam və orada bir çox kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bu, hər bir vətəndaş kimi mənim də borcumdur.

- Bu işləri fərdi qaydada, yoxsa sədri olduğunuz Mərkəzin fəaliyyəti çərçivəsində edirsiniz?

- Hər bir azərbaycanlı ölkə sərhədlərindən kənarda öz ölkəsi barədə sözün əsl mənasında təbliğat aparmalıdır. Bildiyiniz kimi, mən Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədriyəm. Bizim mərkəzin baş ofisi Madriddə yerləşir. Mən Azərbaycan üzrə həmsədr olduğum üçün əsas yük mənim üzərimə düşür.

- İspandilli mütəxəssislərin sayı digər dillərlə müqayisədə nisbətən az olduğunu düşünürəm. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsində ispan dili üzrə tədris var. İspan dilinin inkişafı üzrə bir sıra kurslar da fəaliyyət göstərir. Düşünürəm ki, Latın Amerikası ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığımız olsa da, bir qədər genişləndirilməsinə ehtiyac var. Təbii ki, ispandilli müxtəlif ölkələrdə səfirliklərimiz var və onlar tərəfindən zəruri təbliğat işləri aparılır. Amma bu işi daha da şaxələndirmək məqsədilə Azərbaycan lobbisinin daha da gücləndirilməsi üçün mərkəzləşdirilmiş bir qurum yaradılmayıb. İlk dəfə bu sahədə biz addım atdıq. İki ölkə - İspaniya-Azərbaycan arasında biznes sahəsində işlər daha da möhkəmləndirilməlidir ki, ispandilli mütəxəssislərə də ehtiyac yaransın. Tələb-təklif məsələsi özünü göstərsin. Latın Amerikası ölkələrində, İspaniyada müxtəlif şirkətlər Azərbaycanda öz nümayəndəliklərini açsalar, kifayət qədər inkişaf qeydə alınar. Çünki neft sahəsində onlar da, Azərbaycan da kifayət qədər ciddi işlər görür. Əsas prioritetimiz ondan ibarətdir ki, dünya ölkələri həm Azərbaycanı daha yaxından tanısın, həm də burada işlər görmək üçün böyük maraq yaransın.

Bu istiqamətdə biz əsas olaraq ispan dilinin təmiz öyrənilməsinə çalışırıq. Bundan başqa, bu sahədə bir neçə il çalışmaqla yanaşı, siyasi məqamları da öyrənmək lazımdır. Ölkələrlə Azərbaycan arasındakı əməkdaşlıq, istənilən sahədə əlaqələr, perspektivlər öyrənilməli və mütəmadi izlənilməlidir. Eyni zamanda, bununla biz İspaniyada, Avropada, Latın Amerikası ölkələrində dövlətimizə qarşı elə maraq oyada bilərik ki, onlar erməni lobbisinə deyil, bizə dəstək olsunlar. Çünki tarixi həqiqətlər Azərbaycanın mövqeyinin doğruluğunu göstərir. Biz illərdir Qarabağın Azərbaycan torpaqları olduğunu demişdik və nəhayət 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərlə bu həqiqətləri bir daha sübut etdik. Əfsuslar olsun ki, bir çox xarici ölkələrdə erməni lobbisinin müxtəlif layihələri var və onlar həmin ölkələrin kütləvi informasiya vasitələrində koordinasiyası var. Bu səbəbdən biz Azərbaycanla bağlı təbliğat fəaliyyətimizdə çox çətinliklərlə rastlaşmışıq, lakin hər birinə də tarixi faktlarla qalib gəlmişik.

- Erməni lobbisinin xarici ölkələrdə güclü koordinasiya qurmasının səbəbi nədir?

- Əslində bunun səbəbi sovetlər birliyi zamanı ermənilərin həmin Latın Amerikası ölkələrində məskunlaşmalarıdır. Əsasən Livan erməniləri, eləcə də Argentinada, Uruqvayda, Meksikada ermənilər çoxluq təşkil edir. Əslində olar artıq həmin ölkələrin vətəndaşları olsalar da, əslən ermənidirlər və erməni olaraq da özlərinə dəstək verməyə cəhd edirlər. Onu diqqətdən qaçırmaq olmaz ki, illər əvvəl bura köçən ermənilər həmin ölkələrdə kifayət qədər ciddi orqanlarda, qurumlarda müəyyən vəzifələri tuturlar. Tutduqları vəzifədən sui-istifadə edərək yalan tarixlərini insanlara yeritmək istəyirlər. Burada din məsələsi də rol oynayır.

Amma biz illərdir dünya ölkələrinə Azərbaycanın dini, irqi ayrı-seçkilikdən uzaq olduğunu, tolerant ölkə olduğunu vurğulayırıq. Bizim ölkədə yəhudi, xristian, katolik cəmiyyətləri var və uzun illərdir yaşayırlar. Yəhudilərin kompakt şəkildə yaşadığı tək-tək ölkələrdən biri də Azərbaycandır. Bu isə tolerantlığımızın əyani nümunəsidir. Amma dediyim kimi uzun illər həmin ölkələrdə yaşayan ermənilər bu gün Argentinada böyük Hava Limanlarının rəhbərləri, Uruqvayda vəzifəli şəxslərin əksəriyyəti ermənilərdir. Meksikada Livanlı ermənilər kütləvi informasiya vasitələri üzərindən yalan məlumatları ictimaiyyətə ötürürlər. Hesab edirəm ki, ABŞ-da yaşayan erməni lobbisinin də bütün bunlara dəstəyi var.

- 44 günlük Vətən müharibəsi zamanı bir çox ölkələrin media nümayəndələri müharibədən yazmışdı. Bu dönəmdə ispandilli ölkələrin mediasında Azərbaycan barədə çıxışlarınız oldumu?

- Bu dönəmdə bir sıra kütləvi informasiya vasitələrində çıxışlar etmişəm. Hətta İspaniya və Uruqvayda yaşayan ermənilər mənim çıxışlarımdan narahat olduqları üçün xarici mediaya təzyiq etmişdilər. Bir neçə dəfə erməni politoloqlarla debatlarda Azərbaycan həqiqətlərini tarixi faktlarla ortaya qoymuşam. Hətta ermənilər mənim kimliyim barədə ciddi araşdırma aparmağa başlamışdılar. Bir dəfə mənə dedilər ki, ermənilər deyir ki, “Azərbaycanı təbliğ edən Mahir kimdirsə, bizim başımızı ağrıda bilər”. Bu, mənə daha da motivasiya verirdi, çünki mənim çıxışlarım onları qıcıqlandırırdı. Mən hər çıxış etdiyim media orqanında masaya Azərbaycan bayrağını qoyacağımı deyirdim. Onlar buna gərək olmadığını deyərək səbəbini soruşurdular. Onlara deyirdim ki, təmsil etdiyim mənim Vətənimdir və Azərbaycanın bayrağı masada olmasa, mən çıxış etməyəcəm. Onlar da razılaşırdılar.

İnformasiya müharibəsində güclü olmaq üçün Azərbaycan haqqında, tariximiz, mədəni irsimizlə bağlı məlumatları müxtəlif xarici dillərə tərcümə edib tanınmış media orqanlarında dərc etdirməklə yanaşı, müxtəlif dilləri öyrənib həmin ölkələrin dilində tariximizi izah etməliyik. Mən Venesuelada olan zaman Karakas şəhərində “Dünya xalqlarının iki yüzillik konqresi”ndə çıxış etdim. Burada Azərbaycan haqqında məlumat az idi və biz iki aparıcı mətbuat orqanında, televiziyada çıxış etdik. Artıq Azərbaycana qarşı onlarda maraq yarandı və biz onları maraqlandıran sualları onların dilində cavablandırdıqdan sonra əsl tarixi həqiqətlər işıq üzünə çıxdı. Təbii ki, biz bunu qeyd edərkən Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu izah edirdik və 30 ilə yaxın bir müddətdə işğal altında olduğunu, nəhayət torpaqlarımızı tarixi qələbə ilə işğaldan azad etdik.

- Müharibə dövründə çıxışlarınız zamanı elə olub ki, erməni politoloqlarla müzakirələr mübahisə ilə yekunlaşıb?

- Bəli, olub. Zori Balayanla bağlı erməni politoloqla mübahisə yaşadıq. Mən qeyd etdim ki, onlar Xocalıda faciə törədiblər. Debatda yalan danışmaq o demək deyil ki, siz özünüzü düzgün tərəf kimi göstərmiş olursunuz. Mən tarixi faktlarla danışıram və Azərbaycan həqiqətlərini çatdırıram. Yalan danışmaq yerinə düzgün fikirlər səsləndir, əgər törətdiyiniz hadisələrin düzgün bir tərəfi varsa. Aparıcı bizim müzakirənin mübahisəyə doğru getdiyi görüb sakitləşdirməyə çalışdı. Çünki hər zaman ağlımda hücum diplomatiyasının effektivliyini saxlamışam. Yerində olan bir məqam idi və bu addım onu susdurdu. Yekun olaraq bu debat bütün İspaniyada izlənildi və mən şadam ki, tarix düzgün formada ispandilli mediada səsləndi.

- Sizə qarşı təxribatlar olubmu?

- Bu günə qədər elə bir ciddi təxribatlarla qarşılaşmamışam. Amma olsa belə, biz vətənimizi təmsil etməkdən qorxmuruq, çəkinmirik.

- Bizi xarici ölkələrdə təmsil edən tərcüməçi kimi çalışan soydaşlarımız var. Lakin, bəzən tərcümə mətnlər həqiqətləri həmin ölkələrin xalqlarına, cəmiyyətlərinə olduğu kimi çatdırmağa kifayət etmir. Politologiya ilə xarici dillərin bir ixtisasda daha dərindən tədrisi üçün hansısa təkliflər verə bilərsiniz?

- Düz deyirsiniz. Cəmiyyətlər və xalqlar müxtəlifdir. Ona görə də hər bir cəmiyyətə informasiyanı düzgün çatdırmaq üçün onlar kimi düşünmək və fikirləri elə ifadə etmək lazımdır. Düşünürəm ki, bu işlər həmin ölkələrdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlər tərəfindən həyata keçirilməlidir. Yəni, dili bilən şəxslər müraciət edə bilər və dediyim kimi, diplomatiyanı izləyərək də özlərini təkmilləşdirə bilərlər.

Həm də Xarici İşlər Nazirliyi tərəfindən müxtəlif ispandilli ölkələrdən dilin tədrisi üçün müəllimlər cəlb olunaraq diplomatlara tədris proqramı hazırlanırdı. Səhv etmirəmsə, belə bir proqram var idi. Amma düzgün qeyd edirsiniz ki, tərcüməçi sadəcə mətni tərcümə edir və fikirlərin daha dolğun ifadəsini bəzən çatdıra bilmirik. Biz onların işini də qiymətləndiririk. Amma yaxşı olardı ki, diplomatik ispan dili fakültəsi olsaydı, daha möhtəşəm olardı. Mən burada dili, İspaniyada siyasi təhlil sahəsində təhsil alaraq biliklərimi cəmləşdirdim. Mən diplomat deyiləm, sadəcə olaraq prosesləri izləyirəm və azərbaycançılıq ideologiyasını həyata keçirən zaman gündəmə diqqət çəkə bilirəm.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri