19 
Noy
2021
12:28
49
781
8970
Virtual karabakh

Açıq deyirəm: Uşaq puluna qarşıyam!

19 Noy, 2021
12:28
8970

Açıq deyirəm: Uşaq puluna qarşıyam!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Siyasətçinin xalqın cəhalətindən sui-istifadə etmək tendensiyası son illərdə xüsusən güclənib. Yeni ideya, müasir vizion, alternativ yanaşma zərurəti unudulur.

Ya da ümumiyyətlə belə bir potensial mövcud deyil. Halbuki, ictimai xadimlərin, siyasətçilərin, ziyalıların əsas missiyası cəmiyyətin üfüqlərini genişləndirmək olmalıdır. Ancaq perspektiv cari məqsədlərə qurban verilir. Və bu məqsəd on baxış, beş alqış, üç laykdır. Kütlə da öz ürəyindən keçənləri onların dilindən eşitmək istəyir. Siyasi mediada “YouTube” platformasının şəriksiz liderə çevrilməsi təhlükəli nəticələr doğurur. Reytinq həqiqətin meyarı kimi çıxış edir. 

Siyasi şüurun zəif inkişaf etdiyi ölkələrdə siyasətçi daha çox izləyici cəlb etmək üçün daha artıq dərəcədə demaqogiyaya yuvarlanır. “Bu bahalıq hara gedir?”, “Uşaq pulu niyə verilmir?”, “Təhsil məhv olub” nidalarını kütlə coşqunluqla qarşılayır. 

Məsələ problemlərin varlığını inkar etmək yox, səbəbləri və çarəni göstərməkdir. Kiçik bir müşahidə belə, siyasətçilərin danışdıqları mövzularda ən adi anlayışları bilmədiyini göstərir.

Misallara baxaq. Sosial demokratiya ideyalarına olan inamım heç bir zaman itməyib. Dövlət vətəndaş üçündür, vəssalam. Ancaq dövlətin vətəndaşa qayğısını uşaq pulu kimi təsəvvür etmək primitiv şüurun tələbidir. Primitiv şüur mücərrəd və geniş düşünə bilmir. Onun üçün dövlət qayğısı cibinə qoyduğu puldur. Halbuki, dövlət qayğısı təhsili ödənişsiz formaya keçirməkdir. Səhiyyəni hamı üçün əlçatan etməkdir.

Mədəni istehsal və istehlak üçün münbit şərait yaratmaqdır. İnsanlara pul vermək yox, daha çox pul qazanmaq imkanlarını təqdim etməkdir. İmkanı olmayana yardım etməkdir.

Uşaq puluna gəlincə...

Əhalimiz son 30 ildə 50 faiz artıb. Bu, çox güclü bir artım tempidir. Hər şeydən əvvəl biz öz demoqrafik siyasətimizi müəyyən etməliyik. 2050-ci ildə bu templə (30 ilə 50 %) 17 milyon olacağıq. Bu ərazi, bu iqtisadi resurslar üçün perspektivdə ideal əhali sayı neçə olmalıdır? Dünyada elmi texniki inkişaf, robotlaşma fonunda işsizliyin durmadan artdığı gerçəkdir. Bəli, əhalinin sayının az olması da, çoxluğu da problemdir. Onun üçün dövlət təşviqlərlə artımı dəstəkləyir, ya da əksinə...

Bütün bunlar demoqraf, sosioloq, iqtisadçı, mühəndislər və filosofların həll etməli olduğu məsələlərdir. İqtisadiyyatımız hansı istiqamətdə inkişaf edəcək, əməktutumluluğu nə olacaq? Siyasətçilər isə insanların xoşuna gəlmək üçün boşboğazlıq edirlər. Əhalinin yüksək artımı fonunda yoxsullaşmanın artımı haqda heç düşünmürlər. Çünki sadə bir qayda var. Adətən çoxuşaqlılıq aztəminatlı və aşağı təhsilli ailələrdə qeydə alınır. Təhsil prosesi onlar üçün maddi cəhətdən əlçatan olmur. Ona görə də yoxsul ailələrin uşaqları da yoxsul olmağa məcbur qalırlar. Əhali artır, ancaq təhsilli insanlar yerində sayır. Əmək bazarının ixtisaslı kadrlara olan tələbatı ödənmir. Heç bir ixtisası, peşəsi olmayan milyonlar isə dövlət müavinətlərinə möhtac qalır. İxtisaslı kadrlar isə həm çalışmaqla istehsala təkan verir, həm də vergilərini ödəyərək dövlətə dəstək olurlar.

Texnologiyaların davamlı inkişafı fonunda təhsilsiz, peşəsiz insanlar bazardan daha artıq dərəcədə sıxışdırılır, dövlət və dolayısı ilə çalışan seqment üzərində maddi yük yaradırlar. Qısaca, dövlət qayğısı uşaqların artımına yox onların nümunəvi təhsilə, əlçatan səhiyyəsinə, onların iqtisadi fəaliyyətinə yönəldilməlidir.

İnsanlar bunu anlamır, siyasətçi isə bunu anlatmaq əvəzinə özü onlara qoşulur. Siyasətçilərin də prosesi başa düşmədiyi məlumdur. Daha pisi odur ki, ekspertlərdən fikir almaq, onlara qulaq vermək siyasətçinin ağlına da gəlmir.

Demaqogiya, hay-küyçülük hər dövrdə mövcud olub. Ancaq o, heç zaman indiki qədər geniş meydan əldə etməyib. XX əsrin əvvəlləri də radio və kinematoqrafiyanın kəşfi faşizmin yayılmasını çox sürətləndirmişdi. Ancaq onların əhatə dairəsi internetlə müqayisəedilməz dərəcədə azdır. Və bu gün əlimizdə çox güclü əhatə dairəsi olan sosial media kanalları olduğu halda qlobal dünyada nadanlıq və cəhalətin yayılması da artır. İnformasiya və biliyin azad səyahəti üçün yaradılan kanallar nadanlığın vasitəsinə çevrilir. Və bu prosesdə əxlaq ən son yerdə dayanır. Əsas məsələ günün alqışını qazanmaqdır.

İxtisasca həkim olan partiya sədri məhz mövcud nadanlıq mühitində “üç aya Şuşanı alaram” deyir. Hökumət isə bunu cəmi 44 günə etmişdi. Həkimin sərkərdəlik həvəsi nə qədər ucuz bir oyundur. Hərbi xidmətdə olmayan adam müharibəni videooyun zənn edir. (Həkimlər o dövrdə hərbi xidmətdən azad idilər, ittiham kimi anlaşılmasın) Sərkərdəlik həvəsindən daha gülünc oyunlar var. O həkimin vaksin əleyhinə çıxışları... Vaksinlə bağlı yüzlərlə elmi tədqiqat məhsulundan bixəbərliyi...

Məsələn, o, həkim deyil. Və o da tək deyil. Problem də buradadır. Başqa bir gənc və istedadsız siyasətçi isə ermənilərlə birgə yaşamayacağımızı bildirir.

Necə olacaq bu? Erməni vətəndaşlarını deportasiya edəcəyik, yoxsa soyqırım? Nadan onu alqışlayır. Halbuki bu sözün gerçəkləşməsi yox, eləcə deyilməsi belə Azərbaycanın ziyanına işləyir. Əlbəttə ki, erməni ilə birgəyaşayışa dönmək asan deyil, ancaq mümkündür. Və təbii ki, bu, bir-iki ilin işi deyil. Bu, bir prosesdir.

Avropanı qanına bələyən Almaniya ilə Fransa, Niderland necə yanaşı yaşayırsa, bizdə də elə olacaq. Bunu dərk etmək çətin, amma əxlaqi nadan nitqləri isə asan və ziyanlıdır. Ancaq siyasətçi ehtirasları qızışdırır. Və etdiyi də təkcə etik yox, həm də hüquqi problemdir. Bir başqa morq həkimi isə gah Nobel mükafatı alacağından danışır, gah III sinif biliyi ilə Səməd Vurğunu təftiş edir, ya da Qaçaq Nəbini “keçi oğrusu” adlandırır. Zəkaya meydan oxuyan bu çıxışları etmək üçün insan dana oğrusu olmalıdır. Çünki dana oğrusu keçi oğrusuna həqarət edər, başqaları üçün isə oğru eləcə oğrudur, nə toyuğu, nə keçisi, nə danası...

Mənzərəyə fikir verin. Siyasətçilər nadanlıq girdabına düşüblər. Bu mənzərələr əvvəl olmazdı. İnsanlar tribuna üçün yox, tarix üçün yaşayırdılar. Ya da buna cəhd edirdilər. Ucuz çıxışların qazandırdığı reytinq başgicəllənmə yaradır. Səviyyə nə qədər enirsə, baxış o qədər artır. Müxalifət cinahındakı ucuzlaşmanın da səbəbi budur. Bəli, bu, qlobal tendensiyadır. Ancaq qlobal tendensiya hər ölkəyə müxtəlif ölçülərdə zərər vurur.

Və “YouTube”da nadan alqışlarına aldanıb hər gün daha böyük vədlərlə, sözlərlə ortalığa düşənlərin ilk uduzduğu şey isə həqiqət olur, mənəviyyat olur. Həqiqət mənəviyyatdan ayrılmazdır. Mənəviyyat da həqiqətdən. Ancaq mənəviyyatını itirənlər həqiqəti öz bildikləri kimi əyib-bükə bilər. Həqiqətin bir hissəsini gizləyib digər tərəfini böyüdər. Halbuki yarımçıq həqiqət doğru yox, yalandır. Yarımçıq mənəviyyat da simasızlıq. Nadanlığın bəşəriyyətə vurduğu zərbələr ölçüyə gəlməzdir. Elə öz axmaq siyasətçilərinin tələsinə düşən erməni xalqının taleyi buna ən gözəl sübutdur. Biz isə yeni üfüqləri fəth edib gözəl bir Vətən yaratmalıyıq. Bunun üçün isə zəkaya əsaslanan, mənəvi təməlləri olan təfəkkür lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri