22 
Noy
2021
10:10
236
171
3085
Virtual karabakh

Hakim: “Bu ay ədalət mühakiməsi nümayəndələri üçün ikiqat bayramdır”

22 Noy, 2021
10:10
3085

Hakim: “Bu ay ədalət mühakiməsi nümayəndələri üçün ikiqat bayramdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 günlük Vətən müharibəsinin sonunda parlaq zəfərin qazanılması Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. 8 noyabr Zəfər Günü Azərbaycan dövlətinin gücünü, dövlət və xalqın birliyini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev deyib.

O qeyd edib ki, düşmən tapdağı altında olan doğma torpaqların işğaldan azad edilərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi qürurvericidir:

“Artıq əzmkar qələbədən bir il keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə meqa infrastruktur layihələr həyata keçirilməkdədir. Aparılan bütün bu tədbirlər Azərbaycan dövlətinin gücünü, qüdrətini bütün dünyaya göstərib. Yaxın vaxtlarda işğaldan azad edilmiş ərzailərimizə əhalinin köçürülməsi nəzərdə tutulur. Bu isə uzun illər doğma torpaq həsrətində olanlara bir ayrı xoşbəxtlik yaşadacaq. Ən qısa vaxtda işğaldan azad edilmiş doğma torpaqlarımızda ədalət mühakiməsini həyata keçirəcəyimizə görə qürur hissi duyuram”.

Z.Tağıyev 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə orqanlarında çalışanları təbrik edib:

“Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 103 il ötür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq məhkəmə-hüquq sistemində ədalət mühakiməsinin mexanizmlərinin effektiv fəaliyyəti təmin edilib, hakimlər və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi istiqamətində mühüm işlər görülüb, müasir məhkəmə binaları inşa edilib, vətəndaşların əlçatanlığının təmin edilməsi məqsədilə texnoloji infrastrukturların əhatəliyi genişləndirilib. Nəticədə hüquqların məhkəmə müdafiəsinin gücləndirilməsi və digər istiqamətlərdə məhkəmələrin yeni mərhələdə inkişafına zəmin yaranıb. Bildirmək istərdim ki, fərmana uyğun olaraq, mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, Elektron Məhkəmə informasiya sisteminin bütün ölkədə tətbiqi ilə əlaqədar müvafiq tədbirlər görülüb, karantin şəraitində İKT-lər tətbiq olunmaqla məhkəmə proseslərində videokonfranslardan geniş istifadə olunub. Həmçinin hakimlərin iş yükünün azaldılması məqsədilə  yeni yaradılmış əlavə 200 yeni hakim ştatının yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Görülən tədbirlər cəmiyyətdə məhkəmə hakimiyyətinə olan etimadı möhkəmləndirib, ədalət mühakiməsinə olan ictimai inamı artırıb. Bu ay ədalət mühakiməsi nümayəndələri üçün ikiqat bayramdır. Mən bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, bu qələbəni bizə yaşadan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Həmçinin ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar həmkarlarımı, bütün ədliyyə işçilərini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri