27 
Noy
2021
12:57
86
38
2036
Virtual karabakh

Şəki regional vəkil bürosunun açılışı keçirilib - FOTO

27 Noy, 2021
12:57
2036

Şəki regional vəkil bürosunun açılışı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə vəkilliyin inkişafına mühüm töhfə vermiş “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını və əlçatanlığını təmin etmək məqsədilə Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində regional vəkil qurumlarının yaradılması barədə tapşırıq verilib.

Sərəncamın icrası ilə bağlı Sumqayıt, Gəncə, Şirvan və Şəki regional vəkil büroları üçün qeyri-yaşayış sahələri verilib, Lənkəran şəhərində isə müvafiq binanın tikintisi üçün torpaq sahəsi ayrılıb.

Hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri aparılır, digər şəhərlərdə ayrılmış binalar isə tam istifadəyə verilib. 

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 139 A ünvanda yerləşən Şəki regional vəkil bürosunun hazırkı qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə əvəzsiz olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının istifadəsinə verilib.

Qeyd olunmalıdır ki, əvvəllər fəaliyyət göstərmiş Şəki rayon vəkil bürosunun binası olmadığından vəkillər ayrı-ayrı yerlərdə özlərinin icarəyə götürdüyü qeyri-yaşayış sahələrində fəaliyyət göstərirdilər.

Sərəncama əsasən, ayrılmış sözügedən qeyri-yaşayış sahəsi Kollegiyanın Rəyasət Heyəti tərəfindən vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir tələblərə uyğun olaraq yüksək keyfiyyətdə təmir edilib, lazımi mebel və avadanlıqlarla təchiz olunub, ətrafında abadlıq işləri görülüb.

Eyni zamanda Şəki regional vəkil bürosu təsis edilərək 2020-ci ilin fevral ayında qeyri-yaşayış sahəsi vəkillərin istifadəsinə verilib. Sonradan ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan büronun rəsmi açılışını etmək imkan xaricində olub.

Hazırda Şəki regional vəkil bürosu regional əhəmiyyət daşımaqla Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan 14 rayonda yerləşən 10 vəkil bürosunda fəaliyyət göstərən 47 vəkil və 19 fərdi vəkil (ümumilikdə 66 vəkil) üzrə əlaqələndirici funksiya daşıyır.

Mövcud karantin qaydalarına ciddi riayət olunmaqla 26 noyabr 2021-ci il tarixdə Şəki regional vəkil bürosunun təntənəli açılışı keçirilib. Açılışda Vəkillər Kollegiyasının rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov, Şəki rayon Prokuroru Mehman Xankişiyev və digər şəxslər iştirak ediblər.

Açılış lentini Kollegiyanın sədri Anar Bağırov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kəsib. Daha sonra Büro müdiri Xəyal İbrahimov görülmüş işlər barədə məlumat verib, büroda vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otağının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.
 
Açılış mərasimindən sonra Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazilərdə fəaliyyət göstərən vəkillərin iştirakı ilə Şəki şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Vəkillər Kollegiyasının rəhbərliyi, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev və Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifovun iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid bir neçə rayon və şəhərdə fəaliyyət göstərən vəkillərin iştirakı ilə Şəki Məhkəmə Kompleksinin inzibati binasında geniş regional müşavirə keçirilib.  

28 dekabr - “Vəkil günü” peşə bayramı ərəfəsinə təsadüf edən müşavirədə ölkəmizin müasir məhkəmə hüquq-sisteminin banisi ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan vəkilliyinə göstərilən diqqət və qayğı, vəkilliyin inkişafı ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr, məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı münasibətlər və s. məsələlərlə bağlı fikirlər bildirilib, gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.

Müşavirəni giriş sözü ilə açan sədr Anar Bağırov cənab Prezidentin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verdiyini söyləyib. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn hakimlər, prosesin digər iştirakçıları və vəkillər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması sahəsində görülən işlər və gələcəkdə bu sahədə planlaşdırılan ciddi tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin sözügedən fərmandan irəli gələn vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılıq və bu sahədə vətəndaş məmnunluğu üçün görüləcək işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Anar Bağırov çıxışında həmçinin son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər, elektron məhkəmə sisteminə keçidlə bağlı görülən işlər, eyni zamanda vəkilliyin rəqəmsallaşması barədə məsələlərə toxunmuş bu sahədə görülən və görüləcək işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev çıxış edərək son zamanlar məhkəmələrdə görülən işlər, ədalət mühakiməsində vəkillərin rolu, vəkil və hakim münasibətləri barədə məlumat verib. Daha sonra çıxış edən Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi Abdulla Yusifov regionlarda yerləşən ədliyyə orqanlarında görülən işlər, aparılan islahatlar və bu sahədə vəkillərin rolu barədə çıxış edib. Nuru Quliyev və Abdulla Yusifov ölkədə vəkilliyin inkişafını yüksək qiymətləndiriblər.

Müşavirədə Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov vəkillərin etik davranış qaydaları, onların peşə hazırlığının artırılması və dövlət hesabına hüquqi yardımla bağlı təqdimatla çıxış edib. Təqdimatda vəkillərin fəaliyyətlərində yol verdikləri nöqsanlar və bunların qarşısının alınması, vəkillərin davamlı tədrisi, bu tədrisin elektron qaydada aparılması və bundan başqa dövlət hesabına hüquqi yardımla bağlı görülmüş işlər, o cümlədən bu sahədə işlərdə müasir İKT-nin tətbiqi, cari və növbəti il üçün mərkəzləşdirilmiş uçot və proqnozlaşdırma barədə ətraflı məlumat verib.

Sonda vəkilləri maraqlandıran suallara cavab verilib və həmçinin ötən müddətdə fəaliyyətlərində fərqlənmiş vəkillərə müvafiq təltiflər təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri