27 
Noy
2021
21:57
14
185
2463
Virtual karabakh

Avtobusdakı mübahisələrin real səbəbi nədir? - İNCƏ BAXIŞ

27 Noy, 2021
21:57
2463

Avtobusdakı mübahisələrin real səbəbi nədir? - İNCƏ BAXIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün avtobusla işə gedib-gələrkən fərqli davranışlar müşahidə edirəm. Çoxu da adamların yersiz mübahisələridir. Bu, artıq qaçılmaz və bəlkə də idarəolunmaz hala çevrilib. Kişilər qadınlarla, qocalar cavanlarla, qızlar oğlanlarla… dilləşir. Sanki hamı səhər kiminləsə mübahisə etmək üçün evdən çıxır. Bəzən avtobusun salonuna ayaq qoyanda gündəlik dalaşan bəzi simalar üçün boylanıram, görməyincə sevinirəm… Mübahisələrin real səbəbi –avtobusun yoxluğu və ya gecikməsi kənarda qalır, insanlar acıqlarını bir-birindən çıxırlar. Basabasın olması, heç kəsin qaldığı nöqtədən tərpənmək istəməməsi hamıda əsəb yaradır. COVİD qorxusu da bir tərəfdən. Hamı bir-birini qınayır. Daha "bir az mehriban olun!” sözləri də eşidilmir. Baş qatmaq üçün radio da səslənmir.

Bu fikirlər “Kaspi” qəzetində Təranə Məhərrəmovanın “Avtobus düşüncələri - İncə baxış” yazısında dərc edilib.

Hünərin var, düş…

Sürücü ilə dalaşan orta yaşlı qadının mübahisəsinə “Onun nə günahı var?”- deyə cavan bir oğlan qahmar çıxır. Əsəbdən coşan qadın təbii ki, bu müdaxiləni sevmir: "Səninlə “28 May”da danışarıq. Hünərin var, avtobusdan düş…” Yaşlılar başlarını bulayır: "İndi zəmanə də dəyişib…”

Hər gün rastlaşdığım başqa bir qadın bütün sürücülərdən "Sizdən şikayət edcəyəm” deyə ad-soyadlarını soruşur…

Yaşlı bir kişi qabaq qapıdan düşmək üçün sürücünü hədələyir…

Salonda qulağına qulaqcıq taxıb, gözlərini yumub musiqi dinləyən gənclər də olur. Onlar özlərini bu yolla "xilas” etməyə çalışırlar.

“Gedin, müraciət edin!”

Vəziyyəti sakitcə müşayiət edən isə sürücülərdir. Avtobusun gec gəlməsinə, insanların işə gecikməsinə alışıbmışlar kimi tavrlarını pozmurlar. Qızışan emosiyalara sakitcə: “Gedin, müraciət edin, avtobusların sayını artırsınlar” deməklə kifayətlənirlər. Ardınca "Qaynar xətt”i yığmaqdan barmaqlarımız qabar olub” cavabları eşidilir…

Yorulmuş adamlar

Axşamüstü işdən çıxıb yolboyu tıxacları deyil, yenə də insanların söz çəkişməsi ilə qarşılaşacağımı düşünə-düşünə avtobus dayanacağına yollanıram. Bir neçə avtobus ötürəndən sonra, nəhayət mənə də salona daxil olmaq qismət olur. Tələsib boş oturacaqda yerimi rahatlayıram. Yorulmuş beynimə dinclik istəyirəm. Salona daxil olanlar da mənim kimi yorğun görünür. Müşahidə edirəm: axşamlar mübahisələr demək olar ki eşidilmir - adamlar yorulanda daha çox susurlar. Hamı kirimişcə evinə çatmağı düşünür. Hətta səhər mübahisələrində aktiv olan gəncin də qulağında qulaqcıq görürəm…

Bəlkə bir az nəzarət

“Adamların bir salonda sakitcə, anlayışla yol getməsi üçün nə etmək lazmdır?”- deyə öz-özümə düşünürəm. Bəlkə avtobus şirkətlərinin sahiblərini insafa və məsuliyyətli olmağa dəvət etməklə problemi qismən həll etmək olar? Xüsusən avtobus salonlarındakı gündəlik mənzərəni izləmək üçün texniki imkanlar da genişdir. Gündəlik “haqq-hesabı” yoxlayanda, vurub-çıxanda bu barədə də bir az düşünmək yaxşı olmazmı? Ən azı, insanlar işə də, evə də gözlərini qapamadan, qulaqlarını tıxamadan gedib-gələ bilərlər. Onsuz da tıxac boyda düzəlməyən problem var da…

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri