27 
Noy
2021
21:12
41
257
4223
Virtual karabakh

Almaniyada yaşayan tanınmış azərbaycanlı alim “Omikron” ştammın təhlükəsindən danışıb

“İlk olaraq bir elm adamı kimi yeni B11529 virus variantının yayılmasını nəzərə alaraq Azərbaycan üçün ciddi yeni strategiya düşünməyin zamanı olduğunu qeyd edirəm. Bunu həm də bugünə qədər bütün atılan addımlardan xəbərdar olan və boşluqların harda olduğunu bilən birisi kimi də deyirəm”.

Bunu APA-ya açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O, yeni virus variantının – “B11529”-nin Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi nomenklaturaya əsasən adının “Omikron” olduğunu diqqətə çatdırıb: “Bu cür mutasiyaların əsas yaranma səbəblərindən biri də daha öncələr xəstələnmiş insanların virusa yenidən yoluxmasıdır ki, bu da öz növbəsində immunitetin virusla mübarizəsi zamanı sonuncunun dəyişikliklərinə səbəb olur. “Omikron”un yoluxma zamanı daha ağır xəstəliyə səbəb olması və yayılma əmsalı barədə bu gün hələ ki, elmi tərəfdən istinad ediləsi heç bir tədqiqat yoxdur. Amma virusun sürətlə yayılması barədə artıq kifayət qədər praktik sübutlar var və bu istiqamətdə önümüzdəki günlərdə dəqiq statistik rəqəmləri görəcəyik”.

O, hazırda mövcud olan effektiv peyvəndlərin “Omikron”a qarşı effektivliklərini itirə biləcəklərini qeyd edib: “Amma bu o demək deyil ki, onlar tamamilə effektsiz olacaqlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün ən yüksək effektivlik göstərən peyvəndlərin “Omikron”a qarşı da eyni effektivliyini təmin etmək üçün təxminən 3 ay zaman lazımdır”.

N.Abdullayev epidemioloji cəhətdən “Omikron”un yayıldığı indiki zamanda müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulmasının mümkün ola biləcəyini istisna etməyib: “Çünki bu gün mətbuatda virusun Cənubi Afrikadan gəlməsi heç də onun mütləq orada yaranması demək deyil. Artıq Belçika və Hollandiyada yeni virus variantının olması rəsmən təsdiqlənir. Almaniyada isə artıq son analizlərdən sonra “Omikron”un olduğu rəsmən təsdiqlənəcək. Son olaraq isə bir daha onu deyə bilərəm ki, dişlərinə qədər silahlanmış yeni virus variantına qarşı ciddi strategiya Azərbaycanda mütləq elmi əsaslı olmalıdır, əks halda xeyli yeni problemlərlə qarşılaşa bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri