28 
Noy
2021
17:25
147
26
1955
Virtual karabakh

İlkin Hacıyev: “Bu işi kim görə bilər?” deyəndə, yada düşən kadr olmaq lazımdır” - MÜSAHİBƏ

Məktəb vaxtı Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaq fondunda könüllü olur. Elə həmin vaxt bu təşkilatda çalışmaq istəyi yaranır və bu istəyinin arxasınca gedir. Karyerasının bu günə qədər olan böyük hissəsi məhz BMT ilə bağlıdır. Söhbət “Sustainera” konsaltinq şirkətinin rəhbəri, dayanıqlı inkişaf üzrə ekspert İlkin Hacıyevdən gedir. İ.Hacıyev daha öncə BMT-nin Azərbaycandakı müxtəlif qurumlarında, “Oxfam International” Təşkilatında, Xarici İşlər Nazirliyində (XİN), BMT-nin baş qərargahında, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində çalışıb. İ.Hacıyev Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistr təhsili alıb. İkinci magistr təhsili isə Corc Vaşinqton Universitetində layihələrin idarə olunması üzrə olub.

“Kaspi” qəzeti İlkin Hacıyevlə müsahibəni təqdim edir.
 
“Əsas odur ki, uğursuzluğun səbəbini biləsən”

- Beynəlxalq münasibətlər üzrə təhsil almaq qərarı verəndə məqsədiniz sırf bu sahədə çalışmaq idi?

- Orta məktəbdə oxuduğum dövrdə internetdən indiki qədər geniş istifadə olunmurdu, bu qədər informasiya axını yox idi. Yeni iş sahələri, texnoloji inkişafla bağlı məlumatımız çox da deyildi. Ona görə həkim, diplomat və s. kimi ənənəvi sahələr bizim üçün cəlbedici idi. Atam mühəndislik, maliyyə kimi sahələri məsləhət görürdü, amma mən diplomat olmaq istəyirdim. Ona görə belə seçim etdim.

- Karyeranızın çox hissəsi BMT ilə bağlıdır. Yolların kəsişməsi necə oldu?

- Tam təsadüfən olmuşdu. Orta məktəbdə oxuduğum dövrdə evimizin yanında Uşaq Yaradıcılıq Mərkəzi yerləşirdi. Orda teatr, diksiya kursuna gedirdim. Elə oldu ki, BMT-nin uşaq fondu olan UNİCEF Bakıda uşaq resurs mərkəzləri yaratmağa başladı. Həmin resurs mərkəzlərindən biri də mən getdiyim yaradıcılıq mərkəzində yerləşirdi. O haqda eşitdikdə UNİCEF-in təlimlərinə qatıldıq, sonra özümüz uşaq təşkilatı yaratdıq. 9-cu sinifdə oxuyanda BMT-də könüllü idim. Beləliklə, yolumuz kəsişdi.

- Məhz o zaman BMT-də işləmək istəyi yarandı?

- BMT-də iş həvəsimin başlanğıcı elə həmin vaxt qoyulmuşdu. Hətta tələbə vaxtı bir neçə dəfə BMT-nin ölkəmizdəki qurumlarına iş üçün cəhd etmişdim, amma alınmamışdı.

- Bu uğursuz cəhdlər sizi həvəsdən salmadı?

- Həmin dövrdə ingilis dili biliyim o qədər də yüksək səviyyədə deyildi, yaş və təcrübəm də uyğun gəlmirdi. Əsas odur ki, uğursuzluğun səbəbini biləsən. Həvəsdən düşməkdənsə, uğursuzluğun səbəbini tapıb həll etməyi üstün tuturam. Bu gün də uğursuz addım, layihə ola bilər. Bu, tam normaldır. Heç bir işin yüz faiz uğurlu olacağına dair zəmanət yoxdur.


 

“Həmin müddətdə BMT-dəki kontaktlarımla görüşdüm, əlaqələr yarandı”
 
- Bəs BMT-də işə nə zaman qəbul oldunuz?

- Xaricdə magistr təhsili alıb qayıdandan sonra artıq işə qəbul edildim, BMT-nin bir sıra qurumlarında çalışdım. Bir müddət Bərdə şəhərində “Oxfam İnternational” Təşkilatında işlədim. Daha sonra Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyində proqram koordinatoru olaraq işlədim. İşə yeni başlayanda karyera planlaması üçün rəisimizlə müzakirə zamanı dedim ki, mən BMT ilə əlaqələrimi layihələrə cəlb etmək, daha sonra BMT-in baş qərargahında çalışmaq istəyirəm. O da məni BMT ilə bağlı layihələrə yönəltdi. 2013-cü ildə ABŞ Dövlət Departamentinin professional təcrübə proqramını qazanıb iki aylıq Amerikaya yollandım. Məni Nyu-Yorka göndərdilər. Həmin müddətdə BMT-dəki kontaktlarımla görüşdüm, əlaqələr yarandı. 2015-ci ildə İstanbulda BMT-nin dünya humanitar sammiti keçiriləcəkdi. 2014-cü ildə məni konfransın katibliyinə humanitar məsələlər üzrə ekspert kimi dəvət etdilər. Sammit başa çatandan sonra XİN-dəki işimə qayıtdım. 2015-ci ilin iyul ayında Azərbaycanın BMT yanında daimi nümayəndəliyində üçüncü katibi kimi Nyu-Yorka göndərildim. Daha sonra ikinci katib oldum. Daimi nümayəndəlikdə fəaliyyətim başa çatandan sonra BMT-nin Sənaye inkişafı təşkilatının Nyu-York ofisində çalışmışam. Ümumilikdə, 7 il ABŞ-da oldum.

- Yəqin ki, “7 il sonra niyə qayıtdınız” sualı çox verilir.

- (Gülür) Həm ailənin, dostluğun nə qədər vacib olduğunu hiss edirdim, həm də ölkəmizdə öz işimi qurmaq istəyirdim.

- Bu da konsaltinq şirkəti oldu.

- Öz işimi qurmaq deyəndə, bu da BMT, beynəlxalq inkişafla bağlı olmalı idi. Ona görə, konsaltinq şirkəti qurdum. Əsas fəaliyyət istiqamətimiz dayanıqlı inkişaf, ətraf mühit məsələləridir. Eyni zamanda müxtəlif qurumlar, şirkətlərə onların bilik və bacarıqlarının artırılması ilə bağlı konsaltinq xidməti göstəririk. Hazırda BMT-nin bir neçə təşkilatına, bir sıra dövlət qurumuna xidmət göstəririk. Özəl şirkətlər üzrə portfelimiz çox kiçikdir, indi o istiqamətdə fəaliyyətimizi genişləndiririk. Dünyanın çox yaxşı universitetlərində təhsil alan, nüfuzlu qurumlarda çalışan ekspertlərdən ibarət komandamız var.


 

- BMT-də çalışmaq istəyənlər çoxdur. Belə istəyi olanlar nələri diqqətdə saxlamalıdırlar?

- BMT-nin qadın, uşaq mövzusundan tutmuş atom sahəsinə qədər fərqli qurumları var. Hər quruma görə tələb və istəklər dəyişilə bilir. Hansı qurumda çalışmaq istəyirlərsə, həmin qurumu daha yaxşı araşdırmalı, onların proqramları, layihələri, tələblərini öyrənmək lazımdır. Başlanğıcda Avropa və Amerikada çalışmaq hər zaman mümkün olmur. Çünki bu yerlərdə baş ofislər yerləşdiyi üçün beynəlxalq səviyyədə rəqabət böyük olur. Ona görə də, inkişaf etməkdə olan ölkələrdə, yaxud münaqişə zonalarında çalışıb sonra baş ofisə getmək daha asan olur. Beynəlxalq təşkilatlarda təcrübəçi, məsləhətçi işləyib, qısamüddətli layihələrində çalışıb sonra daimi əməkdaş statusu almaq da bir yoldur. Növbəti bir yol netvörkinq dediyimiz davamlı şəbəkələşmədir. Bu şəbəkələşmə işin 70-80 faizidir. Bəzən beynəlxalq təşkilatlarda qısamüddətli işlər olur, vakansiya elan olunmur, daxili vakansiya olduğu bildirilir. Və onda əməkdaşlar tanıdıqları mütəxəssisləri cəlb edirlər. Növbəti məsələ bizim yaratdığımız təəssüratdır. “Bu işi kim görə bilər?” deyəndə yada düşən kadr olmaq lazımdır. Söhbət yalandan gözə girməkdən yox, mütəxəssis olmaqdan, peşəkarlıqdan gedir. BMT-nin Bakı ofisində çalışmaq təcrübəsi olubsa, bu da bir üstünlük yaradır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri