29 
Noy
2021
15:56
16
146
2532
Virtual karabakh

Məmurların kreslo sevdası, yoxsa “ayrılıq” qorxusu...

29 Noy, 2021
15:56
2532

Məmurların kreslo sevdası, yoxsa “ayrılıq” qorxusu...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hansısa vəzifəyə təyin olunmaq şəxsə olan etibarın, inamın göstəricisidir. Bizdə çox vaxt vəzifəyə təyinat alan şəxslər ardıcıl olaraq işlərində problem yarananda, cəmiyyət tərəfindən tənqidlə qarşılaşanda, o narazılığı aradan qaldırmağın çıxış yollarını axtarmaq əvəzinə, kresloya daha da möhkəmlənməyin yollarını axtarırlar. Kobud səslənsə də, ya kresloda ölürlər, ya da Prezident sərəncamı ilə vəzifədən azad edilirlər. İstefa vermək isə ağıllarından da keçmir...

Azərbaycanda çox az rast gəlinsə də, Avropada demək olar ki, bütün vəzifəlilər bu mədəniyyətə sahibdirlər. Bizdə niyə bu mədəniyyət yoxdur və məmurları kreslolarına bu qədər bağlayan səbəb nədir?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, bunun ilkin səbəbi 70 il sovetlər birliyinin tərkibində qalmaqda, idarəetmə sisteminin daha sərt mərkəzləşmiş formada olmasındadır:

“Əsasən təyinatlar baş verir və bu bir sıra hallarda vəzifəyə göndərilən insanların deyərdim ki, iradəsindən kənar olur. Müxtəlif xarakterli ideoloji strukturların, rayon rəhbərliyindən tutmuş sovet partiya sisteminin bütün həlqələri üzrə təyinatlar mühüm dərəcədə mərkəzi orqanlar və onun rəhbər şəxsləri tərəfindən aparılıb. Belə olan şəraitdə sanki insanların öz fərdi, şəxsi mövqeyi və iradəsindən daha çox mütləq “bu məsələdə kimsə qərar verəcəkdir” kimi bir anlayış, düşüncə sistemi bərqərar olub. Bu hələ yaş baxımından kiçik olan son 30 ilin idarəetmə sistemində də özünü qoruyub saxlayır. Yəni, məmurlar belə hesab edirlər ki, sosial şəbəkələrdəki tənqidlər əsassızdır. Hətta əsaslı olduğu halda da yenə də qərar müvafiq qurumlar tərəfindən verilməlidir. Məsələnin digər tərəfi də odur ki, istefa ənənələri, istefa mədəniyyəti bu cəhətdən geniş şəkildə yayılmayıb. Kimsə düşünür ki, belə addım atacağı təqdirdə mərkəzi hakimiyyət orqanlarının sanki iradəsinə qarşı çıxmış olar. O anlamda sözügedən məsələ ilə bağlı bu gün vəzifə tutan hər kəs cəmiyyətin bu istefanı necə qarşılayacağından, onların çalışdığı sahələrin, nazirliklərin, komitələrin necə qiymətləndirəcəyi ətrafında bir ortaq məxrəc yoxdur. Bu addımın mənfi qarşılanacağını düşünürlər. Çünki düşünür ki, öz kreslosunu könüllü şəkildə tərk edirsə, sanki o qədər də təqdir olunmayacaq”.

Deputat qeyd olunan tənqidlərin kəskin ictimai mövqeyi fonunda bir qisim insanların bu addımı atmamasını məhz məsuliyyət amili ilə bağlayır:

“Çünki onlar düşünürlər ki, istefa versələr sanki öz günahını etiraf eləmiş olur, haqqında yazılanlarla bu və ya digər formada razılaşır. Ardınca ona qarşı hansısa hüquqi davalar açıla bilər. Buna görə də istefa verilməsi dərhal həm ictimai, həm hüquqi tədbirlərə yol alar anlamında bu qərardan daşınır və vəzifəsinə davam etməyə çalışır.

Beləliklə, yaxın ölkələrin təcrübəsində görürük ki, bu əlahiddə bir hadisə deyil. Buna fövqəladə məna vermək yanlışdır. Cəmiyyət həyatını zaman etibarı ilə buna uyğunlaşdırmaq lazımdır. İnsanlar həqiqətən də vəzifəni məsuliyyət kimi qəbul və dərk etməlidirlər. Bu xüsusi bir imtiyaz və üstün bir yerdə görmək hadisəsi kimi qəbul olunmamalıdır. Cəmiyyətlə üfüqi münasibətləri bərqərar elədikcə, vəzifə pultunun bir qədər aşağı enməsi baş verdikcə, çox rahatlıqla vəzifələrdən getmələr müşahidə olunacaq. Bu xəbərdarlıq xarakteri daşımadan, kiçik bir ərizə ilə hər hansı səbəbdən vəzifələrini davam edə bilməyəcəkləri söyləməlidirlər”.

“Məmurlarda da ayrılma problemi var”

Tanınmış psixoterapevt Elmir Əkbər bu halı psixoloji etnik şüuraltımızla əlaqələndirib:

“Belə ki, bizim şüuraltımızda əksər insanlarda ayrılmaq mədəniyyəti formalaşmayıb. Məsələn, insan ailəsindən ayrılanda da bu çox biabırçı şəkildə baş verir, iş yerindən çıxanda həm müdiriyyət, həm də işçi tərəfindən xoşagəlməz hallar olur. Çox vaxt görürük ki, ailə bərbaddır, ölümə doğru gedir, amma ayrılmaq istəmirlər. İş bərbaddır, istismar olunsa belə, ayrılmaq istəmir. Eləcə də bunu vəzifəli insanlara da aid edə bilərik. Məmurlarda da bu ayrılma problemi var. Ona görə də Prezidentimiz onlara qarşı konkret addımlar atmalı olur. Çünki o insanın özünə qalsa ayrılmaq istəməyəcək”.

E.Əkbər uşaqlarımıza qalib gəlməyi bacarmaqla yanaşı, məğlub olmağı da öyrətməyin vacib olduğunu qeyd edib:

“Övladlarımıza məğlubiyyət mədəniyyətini öyrətməliyik. Dostluq, birlik mədəniyyəti ilə yanaşı, ayrılmaq mədəniyyətini də mənimsətməliyik. Ən əsası keçmişi buraxmağı bacarmağı öyrətməliyik. İnsan keçmişi buraxmalıdır. Onda daha xoşbəxt olacaq və gözəl yaşayacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri