Dek
2021
18:12
45
152
3754
Virtual karabakh

Xocəsən qəsəbəsində metronun tikintisi nə yerdədir? - RƏSMİ

1 Dek, 2021
18:12
3754

Xocəsən qəsəbəsində metronun tikintisi nə yerdədir? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir. 

Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin baş mühəndisi Vəli Musayev məlumat verib. 

O bildirib ki, tikilməkdə olan depoda artıq vaqon təmirçilərinə iş şəraiti yaradılıb: “Bakı metrosunun artıq 6-cı ildir fəaliyyət göstərən Bənövşəyi xəttinin deposunda tikinti işləri davam edir. Deponun inşası xəttin inkişaf planına uyğun olaraq iki mərhələyə bölünüb. Artıq birinci mərhələ üzrə tikinti həlledici dövrə qədəm qoyub. Məlumat üçün bildirək ki, metro tikinti normalarına uyğun olaraq, hər bir xəttin öz deposu olmalıdır. Depoda xəttin qatarlarına texniki baxış, xidmət, qulluq və təmir göstərilir. Eyni zamanda xəttin bir çox infrastruktur məsələləri, o cümlədən gecə növbələrində tunel və stansiyalarda qulluq və təmir işləri, texnoloji prosesləri depodan hərəkətə gətirilməklə başlanır”. 

O qeyd edib ki, deponun tikintisi hazırda Xocəsən qəsəbəsində 21.7 hektar ərazidə aparılır: “Ərazi perimetr boyunca ümumi uzunluğu 2 400 metr olan hasarla əhatə edilib. İki metrlik hasarın böyük bir hissəsi relyef şəraitinin xüsusiyyətinə görə istinad divarı üzərində tikilib. Cənub-qərb tərəfdən bu divarın hündürlüyü 8-9 metrə çatır və ərazini qarşıdakı yüksəkliyin torpaq qatının təzyiqindən qoruyur. Tikintinin birinci mərhələsinin sonunda təsərrüfat qatarlarının təmiri üçün nəzərdə tutulan sahə birinci mərhələdə həm də sərnişin qatarlarına xidmət göstərəcək. Bu işin təşkil edilməsi məqsədilə müvafiq infrastruktur qurulmalıdır. Motodepo korpusunun bir hissəsində texniki və məişət otaqları iki yarusda yerləşdiriləcək. Sahənin əsas konstruksiya quraşdırılması başa çatdırılıb. Növbəti işlər sahənin sendviç tipli panellərlə örtüklənməsi olacaq”. 

“Avtovağzal” stansiyasından gələn xətti depoya birləşdirən uzunluğu 1 112 metr və 1 235 metr olan tunellərin bütün lazımi qurğu və avadanlıqlarla təchiz olunduğunu deyən mühəndis qeyd edib ki, bununla Bənövşəyi xəttin qatarlarına xidmət üçün əlverişli şərait yaradılıb:

“Zəruri hallarda “Avtovağzal-Xocəsən deposu” sahəsinin bir yoluna 825 V gərginlik də verilir. Qatarlar həmin yolla depo ərazisinə çıxarılaraq, qaldırma təmiri ilə bağlı işlərə cəlb edilir. Onu da əlavə edək ki, sərnişin qatarlarına xidmət sahəsinin yaradılması tikintinin ikinci mərhələsində yerinə yetiriləcək. Deponun 35 kVt-lıq elektrik yarımstansiyasında inşaat işləri başa çatıb və hazırda orada elektrik təchizatı avadanlıqları quraşdırılır. Bundan savayı, “Nərimanov” elektrik deposunda olduğu kimi, hərəkətin idarəolunma mərkəzi də unikal layihə əsasında inşa olunub. Hazırda beş mərtəbədən ibarət olan binanın daxilində son tamamlama işləri başlanıb. Ərazidə 500 kubmetr həcmli yanğın və 240 kubmetrlik içməli su anbarlarının inşası da yekunlaşıb. Kabel kollektorlarından kabellərin yarımstansiyaya doğru aparılması, kanalizasiya sisteminin qurulması da tamamlanmaq üzrədir. Azərbaycan dəmiryolu magistralından depoya ayrılan budaq Bənövşəyi xətti xarici aləmlə birləşdirir. Avadanlıq, hərəkət vahidləri, rels və beton şpallar, mal və materiallar depoya bu yolla daxil olur.

Onu da qeyd edək ki, gələcəkdə bütün yükləri qəbul etmək üçün nəzərdə tutulan yük yeri də hazır vəziyyətə gətirilib. Ümumilikdə, bütün işlər planlaşdırılmış qaydada davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri