Dek
2021
13:44
68
341
8384
Virtual karabakh

Helikopter qəzası ətrafında yayılan söz-söhbətlər həqiqətə nə qədər yaxındır?

Helikopter qəzasından siyasi məqsədlər naminə yararlanmağa çalışan qaragüruh ictimai rəyi çaşdırmaq üçün dezinformasiya yaymağa çalışdı. Qəza ilə bağlı fikirlərini bildirən peşəkar mütəxəssisləri isə linç etməyə cəhd göstərdilər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Azərbaycanda noyabrın 30-da xalqımızı üzən hadisə baş verib. Həmin gün  saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həlak olanların ailələrinə başsağlığı veriblər. Bu ağır itkinin acısını həlak olanların ailə üzvləri ilə birlikdə yaşadıqlarını, dərdlərini bölüşdüklərini bildiriblər.

Cinayət işi başlanıb

Qəza baş verən andan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə gəlib, məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə əraziyə baxış olub, birgə araşdırma tədbirləri həyata keçirilib. Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən helikopterin qara qutusu tapılıb və onun tədqiqi aparılıb. DSX rəisi, general-polkovnik Elçin Quliyev helikopter qəzası ilə bağlı keçirdiyi brifinqdə bəyan edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu veriləcək. O, qısa müddət əvvəl təmir işləri aparılan və saz vəziyyətdə olan helikopterin “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğradığını, hadisəyə səbəb kimi hər hansı kənar təsirin istisna olunduğunu diqqətə çatdırıb. Baş prokurorun birinci müavini Elçin Məmmədov qəza yerinə baxış keçirildiyini, şahidlərin dindirildiyini vurğulayıb. Söyləyib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Acınacaqlı hal odur ki…

Dekabrın 1-də DSX-nin Sərhədçi İdman Kompleksində şəhid hərbçilərlə vida mərasimi keçirilib. Sadəcə şəhidlərin ailə üzvləri deyil, ümumən Azərbaycan xalqı baş vermiş faciəvi hadisədən kədərlənib, həlak olanların ruhuna rəhmət diləyib, yaxınlarının dərdinə şərik olub. Vida mərasimindən sonra şəhidlər II Fəxri Xiyabanda dəfn olunub. Təbii ki, bu, Azərbaycanın ərazi bütövlüyü, Vətənin müdafiəsi yolunda xidmət edənlərə xalqımızın böyük hörmət və ehtiramı olmaqla yanaşı, ümummilli məsələlərdə həmrəy olduğumuzun bir daha sübutudur.  Acınacaqlı hal odur ki, bu hadisədən öz şəxsi maraqları naminə yararlanmağa çalışanlar, o cümlədən hadisəyə siyasi çalar qatanlar, absurd iddialarla çıxış edib yanlış ictimai rəy yaradanlar da tapıldı. Belələri, “niyə bir helikopterə 16 nəfər mindirilib, nə üçün yüksək rütbəli zabit heyəti hərbi nəqliyyat vasitəsində olub” və sair bu kimi suallarla, populist çıxışlarla gündəmin “qəhrəmanına” çevrilmək istədilər. Hətta bu faciəni məsuliyyətsizcəsinə dövlətin, həmçinin II Qarabağ savaşında xidmətləri olan yüksək vəzifə sahiblərinin ayağına yazanlar sosial şəbəkələrdə meydan suladı. Qaragüruh isə kifayət qədər tutarlı sübut və dəlillər sadalanmasına rəğmən, kor tutduğunu buraxmadığı kimi iddialarından geri çəkilmədi.

Hadisənin əsl səbəbləri üzə çıxacaq

Məlum hadisə ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qəzaya uğrayan Mİ-17 helikopterləri kifayət qədər etibarlı vasitələrdir. Onun sözlərinə görə, bu helikopterlər Vətən Müharibəsində özlərini sübut ediblər: “Mİ-17 helikopteri 24 nəfəri, həmçinin 4 ton yükü daşıya bilir. Qəzaya uğrayan helikopterdə isə cəmi 16 nəfər olub və hərbi nəqliyyat vasitəsində normativlərin aşılmasına yol verilməyib. Görüntülərə fikir versək, helikopterin vurulma ehtimalı da mümkün deyil. Çünki helikopter yanıb yerə düşməyib. Əgər səmada vurulmuş olsaydı, parçalar daha geniş əraziyə dağılacaqdı. Qonşu ölkələr olan Rusiya və İranda da bu tipli qəzalar baş verib. Azərbaycanda isə ilk dəfədir ki, təlimlərdə belə bir qəza olub. Belə qəzalardan heç kim sığortalanmayıb. Burda müxtəlif təsiredici amillər ola bilər. Qəzaya səbəb texnikanın nasazlığı, insan faktoru ola bilər. İstənilən halda, rəsmi açıqlamanı gözləmək vacibdir. Sosial şəbəkələrdə faktlar olmadan doğru olmayan məlumatların yazılması, paylaşılması düzgün deyil. Helikopterin qara qutusu tapılıb. Yaxşı olar ki, araşdırmaların nəticəsini gözləyək. Sağ qalan pilotların ifadəsi alınıb, qara qutu oxunduqdan sonra hadisənin əsl səbəbləri üzə çıxacaq. Təbi ki, günahı olan varsa, cəzalanacaq”.

Sağ qalanların ifadələri istintaqa kömək edəcək

Hərbi jurnalist Heydər Mirzə bəzi iddialara sosial şəbəkə hesabı üzərindən münasibət bildirib. O, əvvəlcə “yüksək rütbəli zabitlər” ifadəsinə aydınlıq gətirib. Vurğulayıb ki, Silahlı Qüvvələrdə yalnız kiçik, baş, ali zabit heyəti olur və helikopter qəzasında şəhid olan iki polkovnik baş zabit heyətinə daxildir: "Orduda rütbə və vəzifə var. Rütbə ola bilər polkovnik, vəzifə isə briqada komandiri, korpus komandirinin müavini, yaxud nazirlikdə idarə rəisi və sair ola bilər. Aviasiyada polkovnik, eyni zamanda şturval arxasında təyyarə və ya helikopter idarə edə bilər. Normalda 10 il uçuş təcrübəsi olan pilotun rütbəsi ən azı kapitan, yaxud mayor olur. Yəni "bir helikopterdə o qədər yüksək rütbəli şəxs nə edirdi” sualı hərbidən anlayışı olan adamı mat qoyur, xüsusən də eyni sualı ard-arda hamı yazanda. Özü də, helikopter bir yox, son fotolardan göründüyü kimi, azı iki olub. Qəzadan bir neçə dəqiqə əvvəl düşən helikopterin göyərtəsindən havada olan digərinin fotosu çəkilib. Təlim uçuşlarına gəldikdə, bu ad, əslində çox geniş anlamı əhatə edir. Bu səbəbdən təlim uçuşunda bir helikopterə 16 nəfər zabitin minməsi normaldır, burada gözlənilməz, qeyri-adi bir şey yoxdur. Unutmayaq ki, o model helikopterlər təxminən bu sayda qrupları daşımağı da nəzərdə tutur. Bunu bilməyən bəzilərinin şərhləri bir liftə 12 nəfərin mindirilməsi təəssüratı yaradır. Əlbəttə ki, səhvdir, yanlış rəydir. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qalanını istintaq göstərəcək. İnanıram ki, sağ qalanların ifadələri istintaqa kömək edəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri